Kitablar istəyərək və ya istəməyərək həmişə həyatımızdadır. Elələri var ki, gözünü açandan valideynlərinin şəxsi kitabxanalarını görüb və kitablar həyatının bir hissəsinə çevrilib. Elələri də var ki, məktəb dərsliyindən başqa əlinə kitab almayıb. Oxumağa başlamağın yaşı və vaxtı olmasa da, hansı əsərdən başlamağın böyük əhəmiyyəti var. Çünki ilk kitab sonrakılara təkan verməli, kitabı sevdirməli, oxuma alışqanlığı yaratmalıdır. Əlbəttə, yeni oxumağa başlayan birinə "Səfillər"i məsləhət görsək, onun həcmini görüb qorxacaq. Və ya "Cinayət və Cəza" desək, yarıda saxlayacaq. Oxumağa yeni başlayanlar üçün həcmi az, təhkiyəsi oxumağa vadar edəcək, axıcı kitablar daha məsləhətdir. Bu əlamətləri özündə daşıyan bir neçə kitab haqqında danışmaq istəyirəm.
1. "Balaca şahzadə"
Antuan de Sent Ekzüperinin İkinci Dünya Müharibəsi dövründə yazdığı bu əsər uşaq ədəbiyyatı hesab edilsə də, əslində, böyüklər üçün yazılmış kiçik romandır. Təyyarəsi qəzaya düşən pilot Afrikanın insan izi olmayan bir səhrasına enməyə məcbur olur. Bir gün balaca, kürən saçlı oğlan ondan qoyun rəsmi çəkməsini istəyir, Həm də, elə qoyun ki, onun tək yaşadığı balaca planetinə yerləşə bilsin. Balaca şahzadə ilə tanışlıq bu cür başlayır. Daima səyahət edən şahzadə gəzdiyi planetlər haqqında danışır. Gecə-gündüzü ayırmaq üçün işıqları yandırıb-söndürməklə məşğul olan gözətçi, yalnız özündən ibarət planeti idarə edən, hər şeyə əmrlər verən kral, hər zaman masa başında hesablama aparan iş adamı, öz eyiblərini görməmək üçün sərxoş gəzən kişi... Bunlar şahzadənin ayrı-ayrı planetlərdə gördüyü qəhrəmanlardır.
Ekzüperi özü uşaq yaşlarında rəssam olmaq istəmiş, lakin böyükləri tarix və coğrafiyanı oxumağı məsləhət bilmiş, onun arzularına mane olmuşlar. Bu duyğular onun əsərinə də sirayət etmişdir. Uşaqların hiss və düşüncələrinə, qabiliyyətlərinə dəyər vermək, onları kiçik görməmək ideyası əsərin ana xəttini təşkil edir. Müəllif, hansı yaşda olsanız da, xəyallarınızın arxasınca gedin, mesajını verir. Uzun illərdir uşaq ədəbiyyatı kimi ən çox satılan kitabdakı rəsmlər də müəllifə məxsusdur. Əsərin özü qədər içərisindəki rəsmlər də məşhurlaşmış, balaca şahzadə isə ikona çevrilmişdir.
2. "Qoca və dəniz"
Ernest Heminqueyin ədəbiyyat üzrə Nobel mükafatı almış "Qoca və dəniz" əsəri dünya klassiklərindəndir. Əzmin, səbrin, gücün təcəssümü olan qoca Santyaqo kubalı dənizçidir. Gənclik uğurlarına baxmayaraq artıq qocalmışdır və 84 gündür ki, qayığı sahilə balıqsız yan alır. Onun bu uğursuzluğunu hər kəs ələ salır, hətta, tək köməkçisi Manolin də başqa dənizçilərlə balığa çıxmalı olur. Ancaq qocaya tək inanan da bu balaca Manolin idi və o, tutduğu balıqları yem kimi istifadə etmək üçün qocaya verirdi.
85-ci gün qoca ən iri balığını, 700 kiloya yaxın olan qılıncbalığını ovlayır. Qoca ac-susuz, çiy balıqla qidalanaraq kəsik-kəsik olmuş əlləri ilə 3 gün dənizin ortasında köpək balıqları ilə mübarizə aparır. Əldən düşmüş halda sahilə yan alanda isə artıq onun əlində nəhəng balıqdan ancaq böyük skelet qalmışdı. Ancaq bu skelet belə onun bir əfsanə olduğunu sübut etmək üçün kifayət idi. O arzusuna çatmış, məğlub olmamış, gec də olsa, nəyə qadir olduğunu sübut etmişdi. Neçə nəsli yetişdirmiş bu böyük həyat hekayəsi hər yaşı tərbiyə edəcək, öyrədəcək gücdədir. Yuxarıda adı keçən iki əsər məktəblilər üçün daha uyğun olsa da, növbəti iki əsər iri həcmli romanları oxumağa səbri və vaxtı olmayan, ancaq oxumağa gec başlayan böyüklər üçün idealdır.
3. "Şahmat"
Stefan Sveyqin "Şahmat" əsəri mövzusu orijinal, olduqca maraqlı, axıcı, psixoloji əsərdir. Hadisələri danışan şəxs əvvəlcə şahmat üzrə dünya çempionu olan Mirko Çentoviç haqqında danışır. Yöndəmsiz, kobud, iki sözü dalbadal danışmaq qabiliyyəti olmayan Çentoviç şahmatı uşaq yaşlarında bir keşişdən öyrənmiş və uzun illərdir ki, onu məğlub edən olmamışdır. Doktor B. ilə təsadüfi tanışlıqdan sonra onun həyat hekayəsi oxucuya təqdim edilir. Yəhudi olan Doktor B. almanların gestaposunda psixoloji şiddətə məruz qalmışdır. İllərlə bağlı bir otaqda, eyni əşayaları görərək, vaxt, zaman anlayışını itirərək yaşamışdır. Onu dəli olmaqdan şahmat xilas etmişdir. Dindirmələrin birində oğurladığı şahmat kitabı onun yoldaşına çevrilir və onun bu yeknəsək dünyasına rəng qatır. Yorğanından özünə şahmat taxtası, kağızdan fiqurlar düzəldir, kitabdakı həmlələri təkrarlayaraq onusuz da bomboş olan zamanını doldurur. Gecə-gündüz şahmat oynayaraq, öz-özünə rəqib kəsilən Doktor B. ən sonda şizofrenik tərsdə böhran keçirir. "Şahmat xəstəliyi"nə düçar olduğu üçün gestapodan azad olduqdan sonra şahmat taxtasından uzaq qaçır. Ta ki, Çentoviçlə rastlaşana qədər. Sona qədər oxucunu özünə bağlayan əsər həm də onu psixoloji olaraq həyəcanda saxlayır.
4. "Kimyagər"
Paulo Koelyonun "Kimyagər" əsəri bütün dünyada çox oxunan kitabdır. Əsər Braziliyada ən çox satılan kitab kimi "Ginnesin rekordlar kitabı"na düşmüşdür. Hər yaşa xitab edən kitab macəra, həyəcan sevənlər üçün əvəzsizdir. Çöllərdə çobanlıq edən Santyaqo tez-tez gördüyü yuxunun təsirindən çıxa bilmir. Qoyunlarını sataraq, gördüyü yuxunun ardınca Misir ehramlarına doğru yola çıxır. Lakin, elə yolun başındaca bütün pulunu itirir, Salim kralının ona verdiyi sehrli daşlar yeganə köməyi olur. Öz zəhməti, ağlı, cəsarəti ilə büllur dükanında çalışaraq, xeyli pul toplayır. Və yenidən yarımçıq qalan yoluna davam edir. Səyahəti boyu səhralar aşan, çətinliklərlə üzləşən Santyaqo bütün sınaqlardan üzüağ çıxır. Bu əsər kitab oxumağa yeni başlayanlar üçün əvəzsiz nümunədir.
Əvvəldə də qeyd etdiyim kimi, iri həcmli kitablar oxucunu vahiməyə salır. Çox maraqlıdır ki, bunun tam tərsi olaraq "kitab qurdu"na çevrilmiş daimi oxucuları qorxudan isə kiçik həcmli kitablardır.
Tükəzban Məmmədli