Soiçiro Honda çox inandığı layihəsi üçün işə başlayanda tarixlər 1938-ci ili göstərirdi. Hondanın bu layihəsi avtomobil mühərriklərindəki porşen halqaları ilə bağlı idi və o bu layihə üçün az qala bütün var-dövlətindən məhrum olmuşdu. Honda layihəsini tamamlayandan sonra əvvəlcə onu Toyotaya təqdim etdi. Ancaq burada onu o qədər də yaxşı qarşılamadılar və hətta, əgər belə demək mümkünsə, qapılarını üzünə bağladılar. Ancaq bu hadisə onu ruhdan salmadı və əksinə, layihə üzərində daha çox işləməyə başladı. Bu hadisədən 2 il keçdi və nəhayət, Honda Toyotadan gözlədiyi təklifi aldı. Ancaq bu dəfə də qarşısına İkinci Dünya Müharibəsi çıxdı və müharibəyə hazırlaşan Yaponiya ona zavod tikmək üçün beton vermədi. Buna baxmayaraq, Honda yenə ruhdan düşmədi və mühərrik istehsal etməzdən əvvəl beton istehsal etməyi qərara aldı. Beləliklə, o, dostlarının da köməyi ilə zavod üçün lazım olan betonu istehsal etməyə başladı. Beton istehsalına başlayandan sonra Honda üçün öz zavodunu tikmək o qədər də çətin olmadı. Ancaq İkinci Dünya Müharibəsi hələ də davam edirdi və buna görə də, döyüşlərdən birində yeni tikilən zavodun üzərinə bomba düşdü. Həm də üstəlik, bir dəfə yox, iki dəfə! Artıq zavod demək olar ki, xarabalığa çevrilmişdi. Ancaq bu da hələ Honda üçün son deyildi. Çünki çox keçməyəcəkdi ki, Yaponiya Amerika tərəfindən işğala məruz qalacaq və ölkədə çox ciddi xammal qıtlığı başlayacaqdı. Ancaq Honda yenə də ruhdan düşmədi və o, Amerika ordusunun atdığı benzin tənəkələrini yığmağa başladı. Xammal istehsalında da uğur qazanan Honda bu dəfə zəlzələ maneəsi ilə üzləşmək məcburiyyətində qaldı. Və ölkədə baş verən böyük zəlzələdə yenicə özünə gəlməyə başlayan zavod darmadağın oldu.
Xammal qıtlığından sonra Yaponiyada benzin qıtlığı başladı və Honda artıq hər yerə velosipedlə gedib-gəlməyə başladı. Ancaq velosipedlə hərəkət etmək onun üçün çox ciddi vaxt itkisi demək idi və Honda bu itkiyə yol verməmək üçün öz velosipedinə kiçik bir mühərrik düzəltdi. Ancaq çox keçmədi ki, bu mühərrik onun üçün yeni bir həyatın qapılarını açdı. Belə ki, Hondanın velosipedinə qoyduğu mühərrik qısa bir vaxtda hamının diqqətini cəlb etdi və bu mühərrikə olan tələbat hər gün daha da artdı. Ancaq tələbat artdıqca Hondanın əlindəki mühərriklər kifayət etmirdi. Buna görə də, onun zavod tikmək arzusu yenidən baş qaldırdı. Bunun üçün o, Yaponiyadakı 18 000 velosiped satıcısına məktub yazdı və bu məktubunda yeni kəşfinin Yaponiyaya yenidən həyat verəcəyini dedi. Ancaq 18 000 satıcıdan yalnız 5 000-i ona cavab verdi və Hondaya ehtiyacı olan sərmayəni verməyə hazır olduğunu bildirdi. Beləliklə, Honda yenidən işə başladı və onun ilk işi mühərrikin çəkisini azaltmaq oldu. Bunun üçün Honda mühərrik üzərində kiçik bir dəyişiklik etdi və mühərrikin çəkisini demək olar ki, yarıbayarı azaltdı. Beləliklə, bütün maneələrə baxmayaraq, uğur qazanan Honda Yaponiyanın İmperatorluq Nişanına layiq görüldü. İndi o, öz mühərrikli velosipedlərini təkcə Yaponiyada satmır, hətta Avropaya və Amerikaya da ixrac edirdi. Tarixlər 1970-ci ili göstərəndə isə Honda daha bir uğura imza atdı və ən azı mühərrikli velosipedləri qədər məşhur olan avtomobillərini istehsal etməyə başladı. Bu gün isə Honda ailəsinin 100 000-dən çox üzvü var və bir vaxtlar ona qapılarını bağlayan Toyota belə bir çox sahələrdə ondan geri qalır. Bəli, artıq bütün əzab-əziyyətlər arxada qalmış, həm əzmi, həm də iradəsi Hondanı zirvəyə qaldırmışdı.