Bildiyiniz kimi yazını qələmə almazdan əvvəl hər bir müxbir az da olsa, o mövzu ilə bağlı kiçik bir giriş edir. Bəzən isə müsahibələr o qədər maraqlı olur ki, bunu etməyə belə lüzum qalmır. O baxımdan budəfəki müsahibim psixoloq Sevinc Əliyeva mənə bir ilki yaşatdı. Müsahibənin gedişində özünüz də o fərqi görəcəksiniz. Xeyirli və gözəl oxumalar! 

- Psixoloq nöqteyi-nəzərindən baxdıqda nifrət nədir? İnsanlar nə üçün nifrət edirlər? 

- Əvvəlcə onu deyim ki, insan bütün yaradılanların ən üstünüdür. Bütün cahan insana xidmət etdiyi kimi, bizim hisslərimiz də bizə xidmət edir. Sadəcə olaraq, dərk etmək lazımdır ki, bu hisslər bizə nə demək istəyir? Bizə bu istiqamətdə kömək edən isə psixologiya sahəsidir. Psixologiya nifrət hissini bir neçə cəhətdən izah edir. Klassik psixoanalizdə nifrət insanın həzz hissinin qarşısı alındıqda daxilində impulsiv qüvvələrin bir-birilə çaxnaşmasından irəli gəlir. Digər tərəfdən, nifrət hissi ölüm hissi ilə də əlaqələndirilir. Ölüm var olan bir şeyin yoxluğu hissini oyadır. Nifrət hissi də qarşı tərəfdə var olanın yoxluğunu istəyir. Əgər insanda yaşamaq üçün lazım olan hisslər yanlış kodlanırsa, onda o insan neqativ hisslərdən biri olan nifrətlə dolu olur. Çox vaxt nifrət hissi erkən vaxtlarda öz hisslərini ifadə edə bilməyən, fiziki və psixoloji zorakılığa məruz qalan insanlarda formalaşır. Təbii ki, yuxarıda sadaladığımız hallara məruz qalan bütün insanlarda nifrət hissi olmur. Neqativ hissləri ilə necə başa çıxacaqlarını bilən insanlar bu hissdən azad ola bilirlər. 

- Nifrət bir insanın içində nə zaman baş qaldırır? 

- Psixoanalitik yanaşmaya görə, nifrət hissi körpənin ana südü əmdiyi vaxtdan əmələ gəlir. Körpənin təmasda olduğu ilk obyekt anadır. Körpə süd əmdiyi zaman süd gəldikdə, onda sevgi, gəlmədikdə isə nifrət hissi yaranır. Eyni obyektə həm sevgi, həm də nifrət hissi bəsləyir. Həyatda sevgi və nifrət hissinin bir-birini əvəz etməsinə də bu nöqteyi-nəzərdən baxa bilərik. Təbii ki, nifrət hissinin körpədə ana südü əmdiyi vaxtdan əmələ gəlməsi onun gələcəkdə nifrət hissi ilə dolu bir insan olması demək deyil. Əgər sonrakı dövrdə inkişaf sağlam olsa, nifrət hissi kimi neqativ hisslər də olmaz. Üstəlik, südəmər dövrün əsasən 0-2,5 yaş dövrü çox həssas dövrdür. Ana körpəsinə istəksız və ya məcburi süd verirsə, böyüdükcə uşağın özünü ifadə etməsinə mane olursa, o zaman yanlış neqativ kodlar formalaşır. Məsələn, bir uşaq etmək istədiyi nəyisə anasına dedikdə aqressiv qarşılanırsa, sevdiyi oyuncaq istəmədiyi halda əlindən alınırsa və bu kimi başqa neqativ hallar baş verirsə, o zaman gələcəkdə uşaqda nifrətin yaranmasına zəmin yaranır. Bu baxımdan, yeniyetməlik də ən həssas dövrdür. Belə ki, körpəlikdən neqativ kodlanan hisslər yeniyetməlikdə yenidən baş qaldırır. Ailədə anlayış və sevgi ilə qarşılanırsa, onda yeniyetmə bu neqativ hisslərlə başa çıxmağı bacarır. Əks halda, ətrafa qarşı aqressiya, kin, nifrət formalaşır. 

- Nifrətin insanda səbəb olduğu neqativ hisslər özünü necə büruzə verir? 

- Nifrət hissi həm ətrafa, həm də özünə qarşı olur. Yaşadığı təcrübələrdə qarşı tərəfdən təhqir, cəza, zorakılıq və sair görürsə, insanda ətrafa qarşı nifrət mexanizmi baş qaldırır. Ətrafında aciz, gücsüz, çarəsiz gördüyü hər kəsə nifrət edir. Çünki əslində, onun bu gördükləri daxilindəkilərdir. Burada Mövlananın bir sözü yada düşür: "Baxdığım mənəm, gördüyüm sənsən". Gördüklərimiz bizim daxili aləmimizdir. Razıyıqsa, məmnun olur, razı deyiliksə, nifrət edirik. Nifrətlə dolu olan insanın özünü büruzə verməsi iki cür olur. Birincisi, insan ola bilmədiyi "mən"inə qarşı nifrət edir. Ətrafında olmaq istədiyi insanları görür və onlara qarşı tənqid və ya nöqsan bildirməklə, həsəd və ya paxıllıq bəsləməklə nifrətini büruzə verir. Əslində isə onlara deyil, özünə nifrət edir. İkincisi isə insanın olmaq istəmədiyi "mən"inə qarşı olan nifrətdir. Bu cür nifrət bəsləyən insanlar öz daxillərindəki zəif, qorxaq, aciz tərəfləri ilə barışa bilmirlər. Bu tərəfləri ilə yaşamaq ağır olduğu üçün onu qarşı tərəfə yükləyirlər. Yanan bir top qucaqlarına düşdükdə yanmasın deyə, başqalarına atırlar. "Mən yox, sən günahkarsan". "Mən yox, sən cəza çəkməlisən". "Mən yox, sən acizsən" və s. kimi. Beləliklə, nifrət şəxsilikdən çıxır və cəmiyyətlərə, millətlərə və irqlərə qarşı keçir. Diktator, narsist, tiran insanlarda nifrətin ən qabarıq hallarını görürük və bu hallar nifrətin insanlıq üçün ən təhlükəli hallarıdır. Soyqırımlar, müharibələr, işkəncələr, zülmlər, dağıtmaq, yox etmək, öz varlığından başqa hər şeyin yoxluğunu istəmək nifrətin dünyaya verdiyi fəsadlardır. 

- Aqressiya və nifrətin nə fərqi var? 

- Aqressiya və nifrət sözləri çox vaxt yanaşı işlədilsə də, bəzi fərqləri var. Aqressiya gücsüz bir hissdir. Nifrət isə daxilində açıq və ya gizli böyük bir yük daşıyır və bu yüklə başqalarını "etiketləyir". Aqressiya gəlir və gedir. Nifrət isə qalıcıdır. Aqressiya asan keçir, nifrət isə xronikidir. Aqressiyanı asan ifadə etmək olur. Nifrət isə ruha dağıdıcı zərbə vurur. Aqressiya nəyinsə öz yolunda getmədiyindən xəbər verir. Nifrət isə çoxdan məcrasından çıxmağın nəticəsidir. 

- Bəs, kin və nifrət necə, bunlar eyni hissdirmi? 

- Bu hisslər də bir-birindən fərqlənir. Kin yaşananların unudulmamasıdır. Nifrət isə qarşı tərəfin yoxluğunun istənilməsidir. Nifrət edən insan özündə olan müsbət bir şeyin qarşı tərəfdə olmasına dözə bilmir. Onda da o olanın yox olmasını arzulayır. 

- Nifrət hissindən qurtulmaq mümkündürmü? 

- Bizdə olan hisslərdən qurtulmaq deyil, onları tanıyıb anlamaq lazımdır. Nifrət kimi digər hisslərimiz də bizə nəyisə bildirmək istəyir. Buna görə də, biz onların dilini anlamalıyıq. Ruhumuz qidasız qalanda hisslər dilə gəlir. Nifrət hissi də insanın içindəki cəzaya məruz qalmış uşağı, zorakılığa məruz qalmış insanı, sevgisiz, şəfqətsiz tərəflərimizi bizə göstərir. Nifrətin içimizdə qəbul etmədiyi tərəflərlə yaxından tanış olsaq, onların ehtiyaclarını dinləsək, onlarla necə başa çıxacağımızı düşünsək, bu hissdən qurtulmaq mümkündür. Bu zaman içimizdəki "mən"ləri qınamadan, günahlandırmadan, hürkütmədən, olduğu kimi, yalın halı ilə qəbul edib onlara sevgi dolu qucağımızı açmalıyıq. Bəlkə də, bunlar ağrılı ola bilər. Amma bir müddət bu ağrı ilə yaşamağımıza fürsət verməliyik. 

- Bu hisslə necə mübarizə aparmaq olar? 

- Bu hisslə mübarizə aparmağın ilk addımı ətrafımıza nifrət etdiyimizi qəbul etməkdir. Yəni, mən qəbul edirəm ki, ətrafıma nifrət edirəm. Sonra da onların əməllərinə deyil, niyyətlərinə baxmalıyıq. İnsanların bizə anlayışla davranmadığı hallar ola bilər. O zaman biz onlara ayna tutaq, onları dinləyək. Bu aynada sevgi inikaslarını görüb hiss edək. Nəzakətli olmağa çalışıb "mən" sözündən az istifadə edək. Unutmayaq ki, nifrət etmək zəiflik deyil. Yaxşılığın inşası üçün bağışlamaq və yeni həyata başlamaq lazımdır. 

- Nifrətin idarə edilməsi bu işdə nə dərəcədə faydalı ola bilər? 

- Nifrət hissini idarə etmək üçün insan özünü anlamalıdır. Bu çətin olsa da, mümkündür. Ruhumuz bizə baş qaldıran hisslərimiz vasitəsilə nələri bildirmək istəyir. Nifrətin əsl mənbəyinin daxilimizdə olduğunu anladıqda, niyyətimizi yeniləyərək, pozitiv hisslərə kökləndikdə, yanlış kodları qırdıqda, bu yenilənmə məsuliyyətini də üzərimizə götürdükdə bu hissi idarə edə bilərik. Bu da gələcək nəslin kin, nifrət dolu kodlardan azad olması deməkdir. 

- Sonda bu mövzu ilə bağlı nə demək istərdiniz? 

- Bunu sənin ixtiyarına buraxıram. İstəyirəm ki, sən bunu cavablandırasan. Bu qədər danışdıq, fikir bölüşdük, sonunu da sən tamamla. Bu yeri də qoy mənə sürpriz olsun (gülür). 

- İlk dəfədir ki, müsahibim son sözü mənim ixtiyarıma buraxır. Həqiqətən də, Sevinc xanımdan gələn bu jest mənim üçün bir sürpriz oldu. Elə isə mən də kompüterdə yazını yazdıqca fikrimə gələnləri ifadə edim. Ortada bir yerdə Sevinc xanım dedi ki, "mən" ifadəsindən qaçmaq lazımdır. O an ağlıma gələn ilk fikir bu oldu: Mənəm-mənəmlik... İslam dinində Allahını tanıyan bir insan "mən" deməməlidir, çünki orada "biz" var. Fatihə surəsində də deyildiyi kimi: "İyyəkə nəbudu və iyyəkə nəstəin" ("Biz yalnız sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!") İllər əvvəl bir din alimindən eşitmişdim və hələ də yadımdadır: "Biz gündə neçə dəfə bu ayəni təkrarlayırıq. Amma hər dəfə "Mən yalnız sənə ibadət edirəm və yalnız Səndən kömək diləyirəm" yox, "mən" əvəzinə "biz" deyirik və dilə gətirdiklərimizi hər kəs üçün istəyirik". Buradan yola çıxsaq, onda Allahını tanıyan hər bir insan "mən"dən "biz"ə keçməli və cəmiyyət üçün daha faydalı olmalıdır. Başda isə insan özü özünü sevməlidir. Onda nifrət də, bizi yoran başqa neqativ hisslər də öz-özlüyündən yox olmağa başlayar. Bir də müsahibmiz nifrət hissinin ruhumuzun qidasız qalmasından yarandığını dedi. Bununla bağlı bir ifadəni də orta məktəbi yeni qurtaranda bir biologiya müəllimimdən eşitmişdim: "Sən beynini boş qoysan, orada öz qaydalarını otuzdurmasan, onda başqa şeylər gəlib beynində oturacaq". Burada da qəlbimizdəki "biz"lə barışmarıqsa, onun yerinə barışa bilmədiyimiz nifrət hissi gəlib əyləşər və bizi biz yox, nifrət hissimiz idarə edər.