Bu gün Osmanlı dövründən qalma nadir inci adlandırılan Eyyub Sultan məscidindən danışacağıq. İstanbula gəlməmişdən əvvəl adı görmək istədiyim yerlər siyahısında idi. Mənəvi baxımdan insana rahatlıq verən bir yerdir. O qədər dua etməyinə baxmayaraq, sənə heç dua etmirsənmiş kimi təəssürat bağışlasa da, birdən içində bir hiss doğulur və qəlbinə duanın olacağı ilə bağlı bir inam hissi gəlir. Ancaq sonra nə qədər çalışsan da, (hətta, nə qədər qovsan da) o hissi bir daha tuta bilmirsən.

Eyyub Sultana getdiyimiz gün həm 23 Aprel - Uşaq Bayramına, həm də Ramazanın sonuna rast gəlmişdi. Məscid 23 apreldə böyüklərdən çox uşaqları qəbul etmişdi sanki. Hər tərəfdə əllərində türk bayraqları olan uşaqlar qaçışırdılar. Yəqin, çoxlarınız bilirsiniz, amma yenə də kiçik bir xatırlatma edək. Ramazanın son günlərində müsəlmanlar hər anlarını ibadətlə keçirməyə çalışırlar. Xüsusilə də, o günlərin gecələrindən birinin Qədr gecəsi olma ehtimalı insanları daha çox buralara gəlməyə vadar edir.

Biz Eyyub Sultan məscidinə getdiyimiz gün orada necə deyərlər, iynə atsan, yerə düşməzdi. Üstəlik, buranın fərqli bir ab-havası var. Məscid ətrafında tanış olduğumuz insanlar burada edilən səmimi duaların qəbul olduğunu və dua sahibini yenidən geri çağırdığını deyirlər.

İndi isə başlayaq məscid haqqında yazmaq istədiklərimizə. Məscid Türkiyənin ən qədim, ən tarixi məscidlərindən biridir. Bura İslam dünyasının tanınmış səhabələrindən biri olan Həzrəti Eyyubun adını daşıyır.

"Həzrəti Eyyub kimdir?" sualına da cavab verək. Əbu Eyyub Əl Ənsari İslam peyğəmbəri Həzrəti Məhəmmədi Məkkədən ayrılaraq Mədinəyə gəldiyi vaxt evində qonaq edən şəxsdir. Türkiyədə "Eyüp Sultan" kimi tanınır. O, Hz. Məhəmmədlə bütün döyüşlərdə, xüsusilə də Bədr, Uhud, Xəndək, Xeybər döyüşlərində, Məkkənin fəthi və Hüneyn döyüşündə iştirak edib.

Rəvayətə görə, bir dəfə İslam peyğəmbəri səhabələrin yanında İstanbulun fəthindən danışarkən onun katibi Hz. Eyyub da o fəthdə iştirak etmək istədiyini dilə gətirir. Həmin vaxt onun qocalıq dövrünə rast gəlsə də, yenə də orada iştirakçı olmaq niyyətindən əl çəkmir və elə də olur. Ahıl yaşında İstanbulun fəthində iştirak edir. O, İstanbula gələrkən nə az, nə çox düz 90 yaşı olur.

İstanbulun ikinci mühasirəsində şəhid olur. Öz vəsiyyəti ilə İstanbul divarları altında dəfn edilir. İstanbulun fəthindən sonra təbib və alim, İstanbulun fəthi zamanı Fateh Sultan Mehmedi yaxından dəstəkləyən müəllimi Ağşəmsəddin onun məzarını aşkarlayır. Fatih Mehmet İstanbulun fəthindən dərhal sonra səhabənin türbəsinin yerində bir kompleks inşa etdirir (bu haqda az sonra danışacağıq). Hətta deyilənə görə, Osmanlı sultanları Eyyub Sultan Türbəsi qarşısında qılınc yürüşü ilə taxta çıxırmışlar. Mərhumun qəbrinin yerləşdiyi Eyyubsultan rayonu da onun adını daşıyır.

Fatih Sultan Mehmet fəth zamanı düşünür ki, İslama ilk inanan səhabələrdən biri olan Eyyub Sultanın məzarı tapılsa, bu, mühasirəyə yeni başlayan əsgərlərdə ruh yüksəkliyinə səbəb olacaq. Ona görə də, bu barədə müəllimi Ağşəmsəddindən kömək istəyir. Ağşəmsəddin yuxusunda gördüyü yerə gedəndə heç vaxt rastlaşmadığı bir işıqla qarşılaşır və ətrafda qoyunlarını otaran çobandan bu yerin sirrini soruşur. Çoban Ağşəmsəddinə bu sirrlə bağlı bir şey bilmədiyini, ancaq qoyunlarının nədənsə tarlaya girmədiyini və ancaq burada otladığını deyir. Bu yerin bilindiyi kimi qəbir olduğuna inanan müəllim məzarın baş və ayaq tərəfinə iki fidan əkir. Məzarın yerini tapdıqdan sonra sultana xəbər varir. Tarixin ən ağıllı sultanlarından biri olan Fatih Sultan Mehmet bu qəti qərara əvvəlcə şübhə ilə yanaşır və müəllimindən xəbərsiz əmr verərək fidanların yerinin dəyişdirilməsini, barmağındakı üzüyün isə onun yerinə basdırılmasını istəyir. Ertəsi gün Ağşəmsəddinlə məzar yerinə gedən Fatih Sultan Mehmet müəllimə fidanları göstərir və yenə buranın olub-olmadığını soruşur. Ağşəmsəddin əkilən fidanlara baxmadan köhnə yeri göstərib deyir: "Yerdə üzük, iki metr aşağıda isə qəbir daşı görürəm, yer budur!" Müəlliminin qərarına artıq heç bir şübhəsi qalmayan sultan, tinglərin götürüldüyü yerdə məscid tikilməsini əmr edir, fidanlar da onun əkdiyi yerdə qalır. Həyətdəki uca çinar da o fidanlardandır. İkincisınin isə taleyinin necə olduğu məlum deyil.

Türklər deyirlər ki, Eyyub Sultan məscidinin tarixi 1453-cü il İstanbulun fəthi ilə başlayır. Müsəlman dünyasının dördüncü, Türkiyənin isə birinci ən müqəddəs tikilisi olan məscid İstanbulun fəthindən sonra tikilən ilk məscid xüsusiyyətinə də malikdir. Məscidin tikintisi üçün xüsusi olaraq bu məntəqənin seçilməsinin səbəbi nə dənizə baxması, nə də düzənlikdə yerləşməsidir. Əsas səbəb Eyyub Sultanın vəsiyyətidir.

Türbənin tapılmasından və şəhərin fəth edilməsindən 5 il sonra, yəni 1458-ci ildə məscidin inşasına başlanır. Deyilənə görə, məscidin birdən çox memarı olur. Mədrəsə, hamam və türbə kimi bölmələrlə bir kompleks şəklində inşa edildiyi düşünülür. Məscidin tikintisi bir il içində tamamlanır. İndiki məscidin tikintisinə isə III Səlimin dövründə, yəni 1798- ci ildə başlanır və məscid 2 ilə tamamlanır. Bu məscid də ilk məscidin yerində tikilir. 1823-cü ildə minarəsinə ildırım düşdüyü üçün zədə alan məscidin sonuncu bərpası Adnan Menderesin dövründə aparılır. Çıxıntılı mehrabı olan məscid 21 günbəzlə örtülüdür. Onlardan biri diametri 17,5 metr olan əsas günbəzdir. Dörd küncdə suyunun müqəddəs və şəfalı olduğuna inanılan barokko fəvvarələri mövcuddur. İkiminarəli tikilinin ortasındakı Eyyub Sultan türbəsi Ağşəmsəddin türbəsinin ilk aşkar edildiyi dövrə aiddir. Bura səkkizguşəli planda daşdan və tək günbəzlə tikilmişdir.

Yeri gəlmişkən deyək ki, Eyyub Sultan məscidi yerləşdiyi Eyyubsultan rayonunun simvolu kimi də tanınır.