Ümid son nəfəsə qədər var. "Ümidsiz olan tək şeytandır" deyirlər, amma o da ümid edir ki, son məqamda tövbə etsə, Allah (c.c.) onu bağışlayar. İnsan heç vaxt ümidini itirməməlidir. Allaha iman etmiş insanın ümidsiz olması ağla sığan bir şey deyil. Ümid - iman ağacından boy verən pöhrə kimidir. Söhbətimizin əvvəlində Yunus peyğəmbərin başına gələnləri xatırlayaq. Yunus peyğəmbər öz qövmünün Allaha iman edəcəyindən ümidini kəsir və ona verilmiş vaxt hələ tamam olmamış yurdunu tərk edir. Və bu erkən davranış qarşısında Allah (c.c.) onu daha ağır bir imtahana tabe tutur. Qissədə bildirildiyi kimi, onu dənizə atırlar və böyük bir balıq Allahın əmri ilə onu udur. Yunus peyğəmbər üç zülmət içindədir: Gecə zülmət, dənizin dibi zülmət, balığın qarnı zülmət. Zahirən bütün səbəblər tükənmiş, həyat üçün iynənin ucu qədər də olsa, ümid yeri qalmamışdı. Həqiqətdə isə heç nə göründüyü kimi deyildi. Üçqat deyil, onqat zülmət içində belə olsaydı, Yunus peyğəmbər yenə ümidini kəsməzdi. Çünki mömin idi, Allaha bağlı idi. İmanı olanın isə ümidi tükənməz. O üç zülmət içində Hz. Yunusun (ə.s.) elə bir ümidi var idi ki, bütün məxluqat o ümidin əsəri idi. Yunus peyğəmbərin ümidi Allah idi və o üç zülmət içində əllərini açıb Allaha yönəldi. Bu yerdə Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) dostu Əbu Bəkrlə mağarada gizlənərkən Allahın (c.c.) onları bir hörümçək toru ilə qoruduğu yada düşür. İnsan düşündükcə heyrətə gəlir. Öz işini mükəmməl şəkildə icra edən müşrik sanki bir hörümçək toru ilə oyuna gətirilir. Eləcə də, balığın qarnında Yunus peyğəmbərin Allaha yönəlməsi ilə sanki həyat qapıları taybatay açılır. Sən ümidli ol, bütün səmimiyyətinlə inan, əzmli ol, mütləq bir yerdən bir qapı açılacaq. Burada İbrahim Həqqinin bu mövzuda söylədiyi məlhəm kimi sözlər yada düşür:
Naçar qalacaq yerdə,
Nagah açılır pərdə,
Dərman edər ol dərdə,
Mövla görəlim neylər,
Neylərsə gözəl eylər...
İnsanın ümidi inancı qədərdir. Sən dürüst ol, xətadan, günahdan uzaq dur, boynuna düşəni layiqincə yerinə yetir, nəticə nə olur-olsun, xeyirdəsən. İnsan zəfərlə deyil, səfərlə mükəlləfdir. Təvəkkül dediyin də elə budur. Kərbəla çölündə təkcə öz canını deyil, övladlarının başını da haqq yolunda fəda etmiş İmam Hüseynə (Allah ondan razı olsun!) məğlub demək kimin həddinə? Burada yenə Sevimli Peyğəmbərimizin bir hədisi yada düşür: "Möminin hər halı gözəldir". Niyə də olmasın? Onun hər işi xeyirdir və bu da yalnız möminə xas xüsusiyyətdir. O, gözəl hadisələrlə qarşılaşdıqda şükür edir ki, bu onun üçün xeyirdir; başına bir müsibət gəldikdə isə səbir edir ki, bu da yenə onun üçün xeyirdir. Ümid, əzm və qətiyyət imanla dolu bir qəlbə girəndə bəşəri normalar aşılayır. Bu səviyyədə könül dünyasına sahib ola bilməyənlər isə bunu qeyri-adi qarşılayır.
Əgər insan nəyə inanacağını düzgün seçirsə, artıq onun mənəviyyatında ümidsizlik və bədbinlikdən söhbət gedə bilməz.
Ümid insanın öz ruhunu kəşf etməsi və ondakı iqtidarı sezməsidir. Bu sezişlə insan Sonsuz Qüdrət Sahibi ilə ünsiyyət qurur və bununla hər şeyə qadir güc və qüvvət əldə edir. Bunun sayəsində zərrə günəşə, damla dəryaya, parça bütövə və ruh kainatın bir nəfəsinə dönür.
Ümidsizlik uca amallara çatmağa ən böyük maneədir. Mehmet Akif Ərsoy bunu bir şeirində çox gözəl ifadə edir:
Ümidsizlik elə bataqlıqdır ki, düşsən boğularsan.
Ümidə sarıl bərk-bərk, seyr et, nə olursan!
Əzmiylə, ümidiylə yaşayar yaşayanlar;
Məyus olan ruhunu, vicdanını bağlar...
Ümidin qarşılığı ümidsizlik, yəni məyusluqdur. Bizdə ölü məclislərinə yas deyilir. Əslində, "yas" sözü "yəs"dən gəlir, yəni, bir insanın bir daha həyata dönüşündən ümid kəsilir.
Bəli, ölmüş insanın yenidən dünyaya gələcəyinə ümid edilməz, bu həqiqətən də ümidsizlikdir, o diriliş olacaq, amma bu dünyada deyil, axirətdə... Ancaq sənin qarşında hədəflərin, görəcəyin böyük işlərin var. Axtarmalı, düşünməli, ən doğru variantı seçməli və o istiqamətdə əzmlə çalışmalısan. Əlini-qolunu sallayıb dayanmaq insana yaraşmaz. Bu mövzuda yenə Mehmet Akif Ərsoydan bir nümunə gətirək:
Ey dipdiri meyyit, iki əl bir baş üçündür,
Davransana, əllər də sənin, baş da sənindir...
Ümidsiz insan meyit, ümidini, hədəfini çaşmış cəmiyyət isə xəstədir. Bir çox ayə və hədislərdə də bildirildiyi kimi möminlər gələcəyin gözəl olacağına inanırlar. Qarşılaşılan çətinliklər, yaşanılan bəla və müsibətlər işıqlı gələcəyə gedən yoldakı müvəqqəti fırtınaya bənzəyir.
Peyğəmbərlər tarixinə diqqət etdikdə bir həqiqətə şahid olursan ki, insanlar arasında ən böyük müsibəti peyğəmbərlər yaşayıblar. Allaha olan iman, inam və onların paralelindəki ümid onlar üçün güc qaynağı olub. Onların həyatı, əslində, bizlər üçün məktəbdir, güc qaynağıdır, yaşanmış nümunədir. Biz onlara nağıl, hekayə kimi baxmamalıyıq, gözlə görürmüş kimi yanaşmalıyıq.
Bir mömin kimi buna qəti şəkildə inanmalıyıq ki, sağlam iman və ümidlə yolumuza davam etsək və üzərimizə düşəni yerinə yetirsək, Allah da bizə yardım edər. Necə ki, Allah (c.c.) Quranda belə buyurur: "Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız" (3/139).
Ayədə də bildirildiyi kimi mömin olmaq və inanmaq üstünlükdür. Belə bir üstünlüyə sahib insanlar əzm və qətiyyətlərini davam etdirsələr, daha üstün olarlar. Əslində, bu ayə hər kəsə özünü, öz kimliyini test etmək üçün lazım olan hər şeyi verir. Hər kəs hansısa bir hadisə qarşısında öz içinə boylanaraq orada nələr baş verdiyinə diqqət edə və özünü tanıya bilər.
Rəsulullah (s.ə.s.) Sevr mağarasına sığınanda dostu Həzrəti Əbu Bəkrə: "Qəm yemə, Allah bizimlədir", - demişdi. Bu nöqteyi-nəzərdən Allah bizimlə bərabər olandan sonra məyusluğa ehtiyac yoxdur. Əsas məsələ hər əməlimizdə və düşüncəmizdə Allahın istədiyi kimi olmağa çalışmaqdır. Əgər bu olsa, Allah da möminləri yalnız buraxmaz, inayət və kərəmini onlardan əsirgəməz. Sən doğrusansa və Allahın səninlə birlikdə olduğuna əminsənsə, demək dünyadan da güclüsən və aqibət nə olur-olsun, sənə zaval yoxdur, lap tikə-tikə doğransan belə. Təvəkkül dediyin də elə budur: Öz vəzifəni qüsursuz şəkildə yerinə yetirib aqibəti Vəkil olan Allaha təslim edirsən və təslim edərkən də əmin olursan ki, nəticə nə olur-olsun, sənin üçün xeyirli olan budur. Bu mövzuda söhbət edərkən bir mühüm məqam da unudulmamalıdır: Sən hansı Allahın qulusan? Əslində, bütün dinləri, düşüncələri və ideologiyaları bir-birindən ayıran əsas məqam də elə bu sualla bağlıdır. Bu mövzuda bizim ən böyük və sarsılmaz qaynağımız yenə Allahın (c.c.) bizə göndərdiyi kitabı Qurani-Kərimdir. Quran işığında Allahını tanıyan bir bəndə Onun qüsursuz, vədində doğru, hər şeyə gücü yetəcək, istədiyini istədiyi andaca xəlq edəcək qədər qüdrətli, mütləq ədalət sahibi, eyni zamanda son dərəcə mərhəmətli olduğunu bilir. Özünü belə bir Allaha bağlayan bəndə hər hansı dünya hadisəsi qarşısında ümidsiz olmaq bir tərəfə dursun, dünyanın özündən belə daha güclüdür, əzmlidir, üstündür, çünkü o gücünü bağlandığı o sonsuz qaynaqdan alır. Mömin inanır, öləndən sonra böyük nemətlərə qovuşacağına əmindir. Əslində, əminlik də ümidin üst mərtəbəsidir. Bəzi cahillər kinayə ilə "Ümid kasıbın çörəyidir" deyirlər. Bu zehniyyət başdan-ayağa dünyaya bağlı bir qandal kimidir. Ümid hər kəsin ruhunda, varlığında olmalıdır. İnsanın fəlakəti onda başlayır ki, Allahın mərhəmətindən ümidini kəsir. Halbuki, bizə buyurulmuşdur ki, günahlarımız yerlə göyün arasını dolduracaq qədər belə olsa, yenə Allahın (c.c.) mərhəmətindən ümidimizi kəsməyək. Haqqa təslim olaq və bu yolun bizi, inşallah, qaranlıqdan işığa çıxaracağına inanaq.