Satıcı dükanın vitrininə üzərində "Küçük satılır" yazılmış lövhəni asanda birdən yanında balaca bir oğlanın dayandığını gördü.
- Küçükləri neçəyə satırsınız? - deyə oğlan soruşdu.
- Bu küçüklər çox bahadır. Sənin pulun çatmaz, - deyə satıcı dilləndi.
Oğlan əlini cibinə saldı. Cibindəki xırda pulları çıxarıb satıcıya baxdı:
- Olan pulum bu qədərdir. Küçüklərə baxa bilərəm?
Satıcı gülümsədi. Elə bu vaxt ana it yan otaqdan çıxıb onlara doğru qaçmağa başladı. Onun arxasında beş balaca küçük var idi. Küçüklərdən biri axsadığı üçün hamıdan geri qalırdı. Bu, balaca oğlanın diqqətindən yayınmadı və həyəcanla:
- O küçüyə nə olub elə? - deyə soruşdu.
Satıcı diqqətlə küçüyə baxdı və:
- Həkimin dediyinə görə ayağındakı sümüklərdən biri çatmır. Yəqin ki, həmişə belə axsaq qalacaq, - dedi.
Oğlan dərhal küçüyü almaq istədiyini bildirdi.
- Doğrudan? - deyə satıcı təəccübləndi.
Sonra da:
- Əgər doğrudan da almaq istəyirsənsə, onu sənə pulsuz da verə bilərəm, - deyə əlavə etdi.
Satıcının bu sözləri oğlanın xoşuna gəlmədi. Və incik bir səslə:
- Mən onu pulsuz almaq istəmirəm. Bu küçük də ən azı o birilər qədər qiymətlidir. Qiyməti nədirsə, onu da verməyə hazıram. Hələlik bu pulları götürün, qalanını da hər ay ödəyərəm, - dedi.
Satıcı maraqla:
- O axsaq iti nə edəcəksən? Axı, o heç vaxt başqa itlər kimi qaça, oynaya bilməyəcək! - deyə soruşdu.
Oğlan şalvarının ətəyini qaldırdı və dəmir taxılmış ayağını göstərərək:
- Mən də siz deyən qaça bilmirəm. Bu küçüyün də onu başa düşən bir dosta ehtiyacı var, - deyə cavab verdi...