Son vaxtlar hər kəsin dilinin əzbəri olan metavers nədir? Metavers (başqa sözlə, virtual kainat) son vaxtlar böyük texnologiya şirkətlərinin, marketoloqların və analitiklərin dilindən düşməyən bir sistemdir. "Metavers" sözü əgər xatırlayırsınızsa, ötən il "Facebook"un bir neçə saatlıq çökməsi və sahibi Mark Zukerberqin şirkətin adını dəyişməsi ilə ortaya çıxdı və ildırım sürəti ilə yayılmağa başladı. Beləliklə, illərlə "Facebook" deyə tanıdığımız sosial şəbəkə "Meta" adlandırılmağa başladı. Etiraf etmək istəyirəm ki, mən metaverslə bağlı ətraflı məlumatı "Fraza" jurnalından oxumuşdum. Bir dəfə də sosial şəbəkələrdə oradan toy üçün yer aldıqlarını oxumuşdum, vəssəlam. Qismətə baxın ki, bu il xarici universitetlərdən birinə magistratura imtahanı verəndə də həmin mövzu ilə qarşılaşdım. Əvvəlcə təəccübləndim, ancaq sonra az-çox məlumatlı olduğum üçün cavabı asanlıqla yazdım. Beləliklə, mətləbi çox uzatmayaq və necə deyərlər, işi işin ustasından soruşaq. Qonağımız Mərmərə Universitetinin dosenti Dr. Ali Murat Kırıkdır. 

- Metavers ifadəsini biz son illərdə eşitməyə başladıq. Bu ifadə əvvəllər də var idi, yoxsa son illərdə ortaya çıxdı? 

- Əslində, bu sözü ilk dəfə 1992-ci ildə Nil Stivenson "Qar uçqunu" ("Snow Crash") əsərində istifadə etmişdi. Amma əlbəttə ki, cəmiyyət olaraq, dünya olaraq biz bunu ilk dəfə "Facebook"un (indiki adı ilə isə "Meta"nın) qurucusu Mark Zukerberqdən eşitdik. Çünki o romanı demək olar ki, heç kim oxumamışdı. Amma Mark Zukerberq "Facebook"un qurucusu olmaqla yanaşı, həm də sosial medianın bugünkü səviyyəyə gəlməsində müəyyən rolu olan bir insandır. Və təbii ki, onun kimi bir insan belə bir açıqlama verdikdən sonra insanlar bu anlayışın nə məna kəsb etdiyini, metanın, yəni, digər aləmin nə demək olduğunu araşdırmağa başladılar. Təbii ki, müasir dövrdə insanların metaversdən əyləncə məqsədi ilə istifadə etdiklərini, amma gələcək illərdə insanların bunu internetin gələcəyi kimi gördüklərini ifadə edə bilərik. Yəni, metaversi internetin bir addım sonrası kimi də ifadə etmək olar. Onsuz da, görülən bu işləri web 3.0 dediyimiz intellektual zəka texnologiyasına doğru bir addım da adlandıra bilərik. Əslində, metaversin əsl mahiyyəti də burada ortaya çıxacaq. İnsanlar virtual reallıq aləminə daxil olaraq web 2.0 texnologiyası ilə gördükləri bir çox işi metaversə də inteqrasiya edə biləcəklər. 

- Onda belə çıxır ki, gündəlik həyatımızda istifadə etdiyimiz bir sıra ağıllı əşyalar və ya sosial şəbəkələrlə metavers eyni məfhumdur... 

- Bəli, metaversə sosial şəbəkənin gələcəyi və ya bir addım sonrası da deyə bilərik. Çünki burada insanları onların avatarları təmsil edəcək. Bir sözlə, biz sosial şəbəkələrdə profilimizlə təmsil olunduğumız kimi, virtual reallıq aləmində də avatarlarımızla təmsil olunacağıq. Necə ki, sosial şəbəkələrdə digər insanlarla yazışır və ya danışırıq, eləcə də, virtual reallıq aləmındə avatarlarımızla bu işləri görəcəyik. Məsələn, biz bu gün bir e-ticarət mərkəzinə daxil ola və oradan özümüzə bir əşya ala bildiyimiz kimi, gələcəkdə bunu avatarlarımızla da edə biləcəyik. Dolayısı ilə, sosial şəbəkələrdə gördüyümüz işlərin qat-qat artığını burada da görə biləcəyik. 

- Bəs bunun insanları real həyatdan qoparacağını deyə bilərikmi? 

- Təbii ki, bu, insanların real həyatdan qopmasına gətirib çıxaracaq. Çünki virtual dünyanın qapıları axıra qədər açılmış olacaq. Hətta insanlar burada bir çox məsələdə real həyatla virtual həyatı ayırd edə bilməyəcəklər. Bəlkə də böyüklər, yəni rəqəmsal aləmin az da olsa, ənənəvi vəziyyətini görən insanlar bunun fərqinə vara biləcəklər, amma tamamilə rəqəmsal dünyanın, ya da metavers dünyasının içində doğulan uşaqlar (və ya gənclər) bu fərqi dərk etməkdə çətinlik çəkəcəklər. Çünki tamamailə virtual dünyanın bir üzvü olduqları üçün burada şəxsiyyət problemləri yaşayacaqlar. Digər tərəfdən, ünsiyyət problemləri yaşadıqları üçün, bəlkə də, asosial insanlar olacaqlar. 

- Bəs metaversin ortaya çıxmasının səbəbi nədir? 

- Əslində, metaversin əyləncə məqsədi ilə ortaya çıxdığını deyə bilərik. Ancaq bunun altında yatan əsas səbəb rəqəmsal mühitdə daha çox vaxt keçirilməsi, virtual reallıq aləminin daha çox diqqət mərkəzinə çevrilməsi, şəxsi məlumatların daha tez əldə olunması və təbii ki, buradan gəlir əldə edilməsidir. Yəni, nəticədə, kriptovalyuta texnologiyasının da metaverslə birgə yayıldığını ifadə edirlər. Əslində, əyləncə məqsədli bir struktur kimi görünsə də, bunun altında bir iqtisadi sistemin metaversə doğru meyil etməsinə zəmin yaradan bir sturktur var. Məncə, metaversin ortaya çıxmasının əsas səbəbi budur. 

- İnsanlar əllə toxuna bilmədikləri bu həyata niyə bu qədər maraq göstərirlər? 

- Əslində, ilk internet ortaya çıxdığı vaxt da belə idi. İlk sosial şəbəkə ortaya çıxdığı vaxt da belə idi. İnsanlar bu texnologiyaların tam olaraq nə demək olduğunu bilmirdilər. Amma çox populyar olandan və mədəniyyətin əsas faktoruna çevriləndən sonra istifadəçilər bununla daha çox vaxt keçirməyə başladılar. Bir az da ağızdan-ağıza yayıldı. Yəni, hər kəs sosial şəbəkələrdə olduğu üçün digər istifadəçilər də özlərində bir məcburiyyət hiss etməyə başladılar. Metavers də ilk ortaya çıxdığı vaxt dünyada yayılmadı. Hazırda, çox az insan bu virtual reallıqla maraqlanır. Məsələn, burada virtual reallıq eynəkləri, virtual reallıq kaskaları taxacaqsınız. Gələcəkdə virtual reallıq kombinezonları geyinəcəksiniz. Bütün bunların indiki halda o qədər də az olmayan bir maliyyəti var. Ancaq texnologiya inkişaf etdikcə bu maliyyətlər düşməyə başlayacaq və virtual reallıq kaskasını, virtual reallıq kombinezonunu daha çox adam ala biləcək. Eyni vəziyyət internetdə, kompüterdə və ağıllı saatda da belə idi. Çünki maliyyətləri yüksək idi və çox insan bunu əldə edə bilmirdi. Daha az insan ağıllı telefona və ya tabletə sahib idi. Amma indi qiymətlərin azaldığını, istehsalın isə artdığını görürük. Dolayısı ilə, maliyyətlər azaldı və daha çox insan sosial şəbəkələrlə maraqlanmağa başladı. Bu gün istər dünya, istərsə də ölkələrimiz nöqteyi-nəzərindən baxanda sosial şəbəkələr necə yayıldısa, metavers də eyni şəkildə yayılacaq. Bəlkə də, qarşımızda 5, bəlkə də 10 il var. Ona görə də, bir az gözləmək lazımdır. Bir də virtual reallıq aləmində təkcə metavers aləmi yoxdur. Məsələn, "Horizon Worlds" var, "Usm Dorms" var, "Overland" var, "Sandbox" var və s. Bunların hamısı fərqli virtual reallıq aləmləridir. Hamısının da öz kriptovalyutası var. Dolayısı ilə, bu, eyni zamanda bir sahibkarlıq sistemidir. Yəni, bəlkə, gələcəkdə siz də bir layihə irəli sürə bilərsiniz. Sizin təqdim etdiyiniz bu layihə çox diqqət cəlb edə bilər. İnsanlar tərəfindən, istifadəçilər tərəfindən maraq hissi doğura bilər və s. 

- İndi siz danışdıqca, mən kinolarda istifadə etdiyimiz 3D eynəkləri xatırladım... 

- Əslində, 3D eynəkləri ilə 3D kino anlayışına da vaqif olduq. Yəni, insanlar bu eynəkləri ilə bəlkə də, o kino dediyimiz sənətin ayrılmaz bir parçasına çevrildilər. Onlar da bu işin içinə girməyə başladılar. Üstəlik, kino-metavers arasında də sanki bir əlaqə var. Çünki film sahəsi ilə metavers bir-biri ilə vəhdətdədir. Niyə? Çünki insanlar artıq o virtual reallıq aləminə girəcəklər. Filmlərə, bəlkə də, metavers aləmində baxa biləcəklər. Dolayısı ilə, bu şəkildə fərqli bir virtual reallıq təcrübəsi yaşayacaqlar. Bəlkə də, ssenarilər dəyişməyə başlayacaq. Obraz dediyimiz anlayış dəyişikliyə uğrayacaq. Ssenarilər intellektual zəka ilə birgə yazılacaq. İnsanlar öz ssenarilərini yazacaqlar. Avatarları ilə öz filmlərini çəkəcəklər. Bəlkə də, bu, insanların indiki dövr üçün düşünə bilməyəcəkləri, amma gələcəkdə futurist düşüncə ilə "Bəli, bu da ola bilər" deyə düşünəcəkləri başqa bir aləmə yol açacaq. Çünki sənətlə metavers bir-birini tamamlayacaq. İkisi birlikdə inkişaf edəcək və təbii ki, insanlar da bu prosesə daxil olduqları üçün virtual reallıq həyatlarının mərkəzində yer alacaq. Açığını desək, bu, sənət baxımından da bizim qarşımıza çıxacaq. 

- Yəni, "Avatar" filmi kimi bir mənzərə ortaya çıxacaq... 

- Bəli, ona bənzər bir sistemlə qarşı-qarşıya olacağıq. 

- Metaversin dilin, dinin, irqin aradan qalxmasına səbəb olacağını iddia edirlər. Bununla bağlı nə deyə bilərsiniz? 

- Belə deyək, metavers nə qədər real həyatın əksi kimi görünsə də, əslində, sosial şəbəkələrin özünəməxsus dili yaranmağa başlayıb. Məsələn, emojilər dediyimiz fərqli simvollar var. Hansı ki, bunlar qlobaldır. Bir gülən üzün nə mənaya gəldiyini hər kəs bilir. Bir məyus simanın nə ifadə etdiyi hamıya məlumdur. Bir qırmızı sifətin nə demək olduğunu hamı başa düşür. Dolayısı ilə, dil də bu şəkildə dəyişikliyə məruz qalır. Sosial şəbəklər vasitəsilə özünəməxsus bir dil ortaya çıxırsa, deməli, metavers vasitəsilə də özünəməxsus bir dil ortaya çıxacaq. İnsanlar o dillə danışmağa başlayacaq, təbii ki, bu da ortaq dilin meydana gəlməsinə səbəb olacaq. Elə emojilər də bunu təsdiq edir. Din məsələsinə gəlincə, biz avatarları ilə qarşı-qarşıya qaldığımız insanların dinini bilə bilmərik. Onun necə bir düşüncəyə sahib olduğunu bilə bilmərik. Və ya haralı olduğunu bilə bilmərik. Dolayısı ilə, qarşımızda yalnız bir avatar var. Və o hansı dilə, hansı dinə, hansı ölkəyə (hətta hansı düşüncəyə) məxsusdur, bilə bilmərik. Yəni, buradan o məna çıxır ki, metaverslə birgə din, dil, irq ayrı-seçkiliyinin də aradan qalxacağını deyə bilərik. Və bu hər nə qədər real həyatda qarşımıza çıxmasa da, virtual həyatda qarşımıza çıxa bilər. Özünəməxsus qaydaları olan, bəlkə də, gələcəkdə öz qanunları ilə idarə edilən bir strukturdan bəhs edirik. Dövlətlər üçün ən çox problem təşkil edən illeqal məsələlər - insanların təcavüzə məruz qalması, hüquqlarının tapdalanması bəlkə gələcəkdə burada da qarşımıza çıxacaq. Və insanlar real həyatla virtual həyatı iç-içə yaşadıqları üçün qanunların metavers aləmində təsiri olmayacaq. Bu vəziyyət istər-istəməz böyük dövlətlərin (həmçinin, böyük təşkilatların) bir araya gəlməsinə və müəyyən qaydalar, qanunlar qoymasına səbəb olacaq. Bu da, əslində, ölkələrin bir tavan altında toplanmasına səbəb olacaq. 

- Onda belə çıxır ki, metaversin yaranma səbəbi dövlətləri bir tavan altına toplamaqdır? 

- Bəli, məqsəd bütün virtual dünyadakı fərqlilikləri - coğrafi, irqi, dini və s. aradan qaldırmaq və insanları tək dünya vətəndaşına çevirməkdir. 

- Müqəddəs kitabımız Qurani-Kərim 1400 il bundan əvvəl bugünkü həyatımızda baş verənlərdən xəbər verib. Heç maraqlanmısınızmı, bununla bağlı Qurani-Kərimdə hər hansı bir fikir var? 

- Açığı, bu, mənim sahəm deyil. Birbaşa ilahiyyat sahəsidir. Amma düzü, mən bu günə kimi buna bənzər bir şey eşitməmişəm. Yəqin ki, ilahiyyatçılarımız bu barədə daha düzgün məlumat verə bilərlər. Biz bunu bilirik ki, insanlar virtual olaraq Həcc ziyarətini yerinə yetirə bilirlər. Kəbəni tavaf edə bilirlər. Bununla bağlı da çox fərqli fikirlər var. Bir qismi belə bir ibadətin qəbul olunduğunu, bir qismi isə qəbul olunmadığını ifadə edir. Bu, bizi aşan bir mövzudur. Ancaq bir həqiqət var ki, gələcəkdə din və metavers əlaqəsi daha çox söhbətə mövzu olacaq. 

- Metaverslə bağlı bundan sonrakı dövr üçün hansı planlar var? 

- Metaversin zənginləşməsi blok zənciri web 3.0-ın (blockchain-in) yayılmasından asılıdır. Kompüterlərin əməliyyat sistemlərinin artmasından asılıdır. Yəni, hamısının altında yatan bir şey var - texnologiya. Bu da, əslində, əlavə xərc deməkdir. Metaversin inkişaf etməsi xərclərin düşməsi ilə birbaşa bağlıdır. Xərclər aşağı düşsə, metaversin yayılma sürəti də artacaq. Daha çox insanlar metaversə girə biləcəklər. Bu, həm də daha çox investisiya demək olacaq. Amma bu işin başında olanlar insanların bu sistemə maraqlarının olduğunu görməlidirlər. Çünki bu mənada fikirlər haçalanır. Bir qismi metaversi internetin gələcəyi kimi gördükləri halda, bir qismi gəldi-gedər bir sistem kimi görür. Hətta metaversin gələcəyinin olmadığını düşünənlər də var. Bu fikirləri bir neçə cümlə ilə qiymətləndirmək çətin olsa da, texnologiyanın gəldiyi səviyyə baxımından metaversin gələcəyin texnologiyası olduğunu görmək olar. Digər tərəfdən, bu da bir reallıqdır ki, indi xüsusilə metaverslə bağlı gənclər daha çox araşdırma aparırlar. Bir sözlə, insanlar bu virtual reallıq aləmindən faydalanmaq istəyirlər. 

- Türkiyədə dövlət səviyyəsində metaverslə bağlı bir forum olmuşdu. Bu, dövlətlər arasında bir ilk idi, ya necə? 

- Bəli, Türkiyədə bir forum həyata keçirilmişdi. Bu, metaverslə bağlı bir dövlət başçısının iştirak etdiyi ilk forum idi. Bu, Türkiyənin də metaversə maraq duyduğunun göstəricisidir. Bir texnologiyanı inteqrasiya etməzdən əvvəl mütləq müsbət və mənfi tərəflərini, hüquqi və iqtisadi miqyaslarını da araşdırmaq lazımdır. Ona görə də, bu cür forumları son dərəcə faydalı hesab edirəm. Çünki artıq siyasətçilər də iclaslarını metavers üzərindən həyata keçirirlər. Yəni, əslində, xatırlayırsınızsa, telekonfranslar üçün "Zoom" kimi tətbiqlərdən istifadə edirdik. Bəlkə də, bir addım sonra insanlar metaversdə avatarları vasitəsilə bunu reallaşdıracaqlar. Bəlkə də, daha çox əylənəcəklər, daha yaxşı öyrənəcəklər, vizual təfəkkürləri daha çox inkişaf edəcək. Bunlar da metaversin təhsil baxımından vəd etdiyi məsələlərdir. Amma bunların haqqında danışmaq çox tezdir. Çünki metavers hələ tam inkişaf etməmiş, tam oturmamış bir sistemdir. Bununla bağlı müsbət və ya mənfi hər hansı bir hökm irəli sürməkdən çəkinmək lazımdır. Bu, insanları səhv istiqamətləndirməyə səbəb ola bilər. 

- Təşəkkür edirik, Ali Murat bəy. Bu qədər işin arasında bizə vaxt ayırdığınız üçün çox sağ olun. 

- Buyurun, mən təşəkkür edirəm. Sağ olun.