Bir müəllim hüquq fakültəsində ilk dərsinə girmişdi. Qısa bir fasilədən sonra müəllim bir tələbədən adını soruşdu. Tələbə sakit bır səslə:
- Ümid! - deyə cavab verdi.
Müəllim gözlənilmədən:
- Tez ol, sinifdən çıx və bir də mənim dərsimə gəlmə! - dedi.
Və Ümid tələbələrin heyrətli baxışları altında (üstəlik də, məyus halda) sinifdən çıxdı. Hamı nə olduğunu başa düşmək istəsə də, heç kimdən səs çıxmadı. Müəllim asta addımlarla sinifdə gəzməyə başladı. Ancaq heç kim müəllimlə göz-gözə gəlmək istəmirdi. Nəhayət, müəllim dərsə başladı. Müəllim:
- Kim deyə bilər, qanunlar nə üçün var?
Tələbələrdən cürbəcür cavablar gəldi. Bir tələbə ictimai asayişi qorumaq, digər bir tələbə insanların hüquqlarını müdafiə etmək və s. üçün dedi. Ancaq müəllim bu cavablarla razılaşmadı və sualı bir daha təkrar etdi. Bu vaxt bir tələbə yerindən qalxdı və:
- Ədalət üçün! - deyə cavab verdi.
Müəllim bu cavabı verən tələbəni barmağı ilə göstərdi və sanki "Bax, budur axtardığım cavab!" deyirmiş kimi:
- Yaxşı, bəs sizcə, mən bir az əvvəl tələbə yoldaşınızla ədalətli davrandım? - deyə soruşdu.
Hamı sanki bir ağızdan:
- Xeyr, ədalətli davranmadınız, - deyə cavab verdi.
Bu vaxt müəllim sinifin qapısını açdı və bir az əvvəl qovduğu tələbəni içəri dəvət etdi. Hamı bunun bir ssenari olduğunu başa düşdü. Nəhayət, müəllim son sözünü dedi:
- Siz hər biriniz bu hadisənin şahidi oldunuz. Bəs niyə heç biriniz bu hadisəyə reaksiya vermədiniz? Ya da tələbə yoldaşınızın hüququnu müdafiə etmədiniz? Halbuki, ən azı bir açıqlama tələb edə bilərdiniz?!
Hər kəs susdu və heç kimdən səs çıxmadı.
Müəllim:
- Baxın, dostlar! Bu hadisədən hər birimizin çıxarmalı olduğumuz bir dərs var. Mən bunu sizə sinifdə 100 saat da dərs desə idim, izah edə bilməzdim. Ancaq qısa bir epizodla bunu sizə çox asanlıqla izah etdim. Odur ki, heç vaxt "Mənə toxunmayan ilan min yaşasın" fikri ilə yaşamayın. Çünki bir gün gələr, o ilan sizi də sancar. Və bir də unutmayın, bir nəfərə edilən haqsızlıq, hər kəsə edilən haqsızlıqdır.