Azərbaycan naminə uğur qazanmış həmyerlilərimiz... Onlar haqqında haradansa oxuyanda və ya eşidəndə içimizdə qəribə bir hiss yaranır. Qürur dolu, fəxr dolu... Bir az da insanın gözləri yaşarır.
Bu dəfə haqqında danışacağımız gənc Asim Manizadədir. Əslində, özü ilə birbaşa həmsöhbət olmaq istərdik, amma bütün cəhdlərimizə baxmayaraq, onunla əlaqə saxlaya bilmədik. Onun haqqında yəqin, çoxlarımız eşitməmişik. Eşidənlərimiz də ABŞ-ın Azərbaycandakı Səfirliyi vasitəsilə eşidib. Çünki bu ilin aprel ayında səfirlik sosial şəbəkə hesabında "SpaceX" şirkətində işləyən azərbaycanlı gənc Asim Manizadə ilə bağlı məlumat yayıb və bu məlumatda həmyerlimizin uğur hekayəsindən bəhs edib. Məlumata görə Asim ABŞ-da Liberal İncəsənət Kollecində təhsil alıb. 2009-2013-cü illərdə isə Asim "Carleton College"in tələbəsi olub və bu kolleci riyaziyyat və iqtisadiyyat ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib. O, həmçinin, Bakıda fəaliyyət göstərən Avropa Liseyində təhsil alıb. Daha sonra isə Amerikada ali təhsil alaraq orada işə başlayıb. Manizadə, həmçinin, Amerikanın texnologiya şirkətlərindən birində bir patentin həmmüəllifi olub.
Asimin atası Vladi Maniyev tanınmış sığortaçıdır və ölkənin aparıcı sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədri olub. V. Maniyev, həmçinin mərhum aktyor, xalq artisti Muxtar Maniyevin qardaşı oğludur. Asim Manizadənin anası nüvə sahəsi üzrə məşhur fizik Rafil Rzayevin qızıdır.
Hazırda "SpaseX" şirkətində kibertəhlükəsizlik mühəndisi vəzifəsində işləyən həmyerlimiz insanların Marsa ilk uçuşunun təhlükəsizliyini təmin edir. O, bundan 7 il əvvəl "Facebook" şirkətində kibertəhlükəsizlik və elektron cinayətlərin araşdırılması sahəsində işləyib.
Manizadə əvvəllər ABŞ üçün strateji əhəmiyyət kəsb edən və xüsusi bacarıqlara malik miqrantlara bir neçə ay ərzində vətəndaşlıq verilməsini nəzərdə tutan MAVNİ (Military Accessions Vital to the National Interest) proqramına qoşulub.
Əslən Azərbaycanın Salyan rayonundan olan Asim Manizadə 2014-2016-cı illərdə "Good Judgment Project" layihəsində "superproqnozçu" olub. Bu geosiyasi proqnozlar layihəsi ABŞ kəşfiyyatının perspektiv tədqiqat fəaliyyəti (İARPA) tərəfindən maliyyələşdirilib. Layihə yalnız açıq mənbələrdə olan məlumatlardan istifadə edərək, Mərkəzi Kəşfiyyat İdarəsinin analitiklərinə üstün gəlib.
Azərbaycanlı gənc Qlobal Maraqlar Mərkəzində (Center on Global Interests) Rusiya və Avrasiya üzrə Ekspertlər Şurasının və Alman Marşall Fondunun Gələcəyin Liderləri Transatlantik Şəbəkəsinin üzvüdür.
Ən maraqlısı isə ondan ibarətdir ki, bir vaxtlar "SpaceX"in yalnız amerikalıları işə qəbul etdiyini deyən İlon Mask bu il həmyerlimizi bu şirkətə işə dəvət edib.
Təəssüf ki, gənc alimimiz haqqında çox az məlumat əldə edə bildik. Halbuki, Asim Manizadəni və onun kimi uğur hekayəsi yazmış həmyerlilərimizi tanımaq və tanıtmaq çox xoş olardı.
Yeri gəlmişkən deyək ki, Ilon Mask “SpaceX” şirkətini insanları Marsa göndərmək üçün 2002-ci ildə təsis edib.