İlk neft quyusu
Hələ qədim dövrlərdən Azərbaycan dünyada neftin vətəni sayılırdı. Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırdı. XIX əsrin əvvəllərindən etibarən neft quyularının daha mütərəqqi üsullarla qazılması istiqamətində araşdırmalara başlanıldı. 1840-cı illərdə daha mütərəqqi üsullarla quyular qazmaq və neft hasilatını artırmaq üçün yollar axtarılırdı. Tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər dünyada sənaye üsulu ilə neft quyusunun qazılmasına Bibiheybətdə başlanıldığını bir daha sübut etdi.
1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz Mixail Vorontsovun imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı təsdiq olunur. Neftçıxarma işində əldə olunmuş inqilabi yeniliklər XIX əsrin 50-ci illərində Abşeronda hasilatın yüksəlməsinə, emal sənayesinin yaranmasına böyük təkan verdi. Mexaniki üsulla quyu qazılması texnikasının və texnologiyasının inkişafı sayəsində Bakıda bir sıra yeni neft yataqları istismara verildi, quyular qazıldı, hasilatlar artırıldı, neft sənayesi infrastrukturu inkişaf etdirildi. 1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu.
Sovet dövründə də Azərbaycan neft respublikası kimi özünü göstərdi. İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. Azərbaycan neftçiləri faşizm üzərində qələbədə həlledici rol oynadılar.

Dünyada ikinci neft quyusu ABŞ-da qazıldı
ABŞ-ın şimal-qərbində yerləşən Pensilvaniya əyalətinin Rosvill rayonunda Edvin Dark tərəfindən 1859-cu ildə Bakıdan sonra dünyada ikinci neft quyusu açıldı. 16 avqust 1861-ci ildə quyudan davamlı olaraq neft əldə olunmağa başladı. Neft quyusunun dərinliyi 60 metrə yaxın idi və gündəlik hasilat 175 barelə çatırdı. Hazırda quyudan gündəlik 40 barel neft çıxarılır.

Neftin tərkibi
Neftin tərkibində müxtəlif miqdarda həll olunmuş qazlar, mexaniki qarışıqlar, əsasən qum, gil, duzlar və lehimlər var. Emal zamanı neftə qarışmış sulardakı müxtəlif xlorlu duzlar boru kəmərlərinə, rezervuarlara və neft emalı zavodlarının bir sıra aparatlarına korroziyaedici təsir göstərir. Bundan başqa, sulu neftin emalında borulu sobada buxar tıxacı əmələ gəlir. Bu isə qurğuda texnoloji prosesi pozur. Ona görə də, nefti neft emalı zavodlarına verməzdən əvvəl onu mədənlərdə sudan və mexaniki qarışıqlardan ayırırlar. Neftin tərkibində olan qazlar isə müxtəlif qurğularla ayrılaraq zavodlara nəql olunur. Qazlardan ayrılmış neft xüsusi çənlərdə müəyyən müddət saxlanılır. Həmin neftin tərkibində olan qarışıqlar çənlərin dibinə çökür. Bu proseslərdən sonra neft müəyyən zavodlarda emala hazır vəziyyətə gətirilir.

Nefdən alınan məhsullar
Neftin emalı zamanı başlıca olaraq benzin, ağ neft, yağlar alınır. Ağ neft yanacaq növü olan şəffaf maye olub, ağ və göyümtül rəngə çalır. Ağ neft neftin birbaşa qovulması zamanı benzindən sonra alınan ikinci məhsul növüdür. Ağ neft əsasən iki tipdə, yəni, traktor və işıqlandırıcı, qızdırıcı cihazlarda istifadə olunan tiplərə ayrılır. Traktor üçün istifadə olunan neftin oktan ədədi 40-dan aşağı olmamalıdır. Ağ neft lampalarda açıq alovla hissiz və iysiz halda yanmalıdır.

1 barel neftdən hansı məhsullar alınır?
1 barel neft 159 litrdir. Emal prosesi zamanı neftin 4 litri itkiyə gedir. Qalan neftdən isə aşağıdakı məhsullar alınır:
- 16 litr benzin;
- 32 litr dizel yanacağı;
- 24 litr təyyarə yanacağı;
- 1 litr qaz;
- 6 kq neft koksu;
- 83 litr mazut;
- 1,5 kq kömür;
- 12 balon propan;
- 170 şam (tort üçün);
- 1 litr motor yağı.

İlkin Əmirov