Bir insanın imicini tamamlayan ən vacib elementlərdən biri də onun səsidir. Hətta insanların əksəriyyəti xoş səsə sahib olmadıqlarına görə həyatlarının müəyyən bir dövründə dərin depressiyaya düşürlər. Bir çox insanlar isə səslərindən düzgün istifadə etmədikləri halda müxtəlif səs xəstəlikləri ilə üzləşirlər. Bəs bu cür problemlərin qarşısını necə ala bilərik? Jurnalımızın bu sayında hamımız üçün mühüm əhəmiyyət kəsb edən, ancaq bir o qədər də diqqətdən kənarda qalan bir mövzu - insan həyatında səsin rolu barədə dosent, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli ilə həmsöhbət olduq.
- Əhali arasında ən çox yayılmış səs xəstəlikləri hansılardır?
- Son 100 il ərzində səs xəstəlikləri 50-60 cür təsnifata bölünüb. Bunlar tibbi, həmçinin elmi sahələrdə geniş istifadə olunsa da, onlardan ancaq biri həm həkimlər, həm də sıravi insanlar üçün daha çox qəbul edilir. Belə ki, səs xəstəliklərini bu təsnifata görə 3 yerə bölə bilərik: 1. Orqanik; 2. Funksional; 3. Nevroloji. Bəs bunlar nə deməkdir? Əgər qırtlağın, səs tellərinin üzərində hansısa bir törəmə və ya ona bağlı problem varsa, buna orqanik səs problemi deyilir. Əgər orqanın özündə hər şey ideal vəziyyətdədirsə, lakin səsdə problem varsa, məsələn, səhər oyananda səsimiz yaxşıdır, günortaya doğru səsimizin tonu düşməyə başlayır və axşam heç danışmaq istəmiriksə, bu, funksional səs probleminə aiddir. Yəni, orqan normaldır, amma funksiyası pozulub. Bu zaman daha çox səs büküşlərini işlədən əzələlərin fəaliyyətində problem ortaya çıxır. Nevroloji problemlərdə isə səs büküşlərini, qırtlağımızı işlədən sinirlərdə problem yaranır. Qeyd edim ki, nevroloji səs problemlərinə nisbətən ilk iki xəstəlik əhali arasında daha çox yayılmışdır.
- Bəs bu xəstəliklərin yaranma səbəbləri nələrdir?
- Səs problemləri, ümumiyyətlə səsin əmələ gəlməsi həddindən artıq qəliz mexanizmdir. Çünki səs problemləri tək qırtlaq və səs telləri ilə bağlı olmur. Düşünün ki, qarın və bel əzələləri belə səsin əmələ gəlməsində böyük rol oynayır. Belə ki, ilkin səsimiz ağciyərlərimizdən gələn havanın enerji dəyişikliyinə uğraması ilə qırtlağımızda - səs büküşlərimizinarasında ortaya çıxır. Dodaqlarımızdan burnumuzun ucuna qədər olan hissə isə səsimizi formalaşdırır. Bu orqanların hər hansı birində yaranan ən kiçik problem belə səsimizə təsir edir. Ümumi olaraq, bizim həyatımız, bədənimiz, eyni zamanda psixoloji vəziyyətimiz səsimizə ciddi şəkildə təsir edir. Ona görə də, səsdə meydana gələn problemlərin səbəbləri çoxdur. Məsələn, ayağınızı sıxan bir ayaqqabı geyinsəniz, səsinizin tonu dəyişəcək, diziniz ağrısa, səsinizin tonu dəyişəcək, boğazınız ağrısa, səsinizin tonu dəyişəcək və s. Amma birbaşa səs telləri ilə bağlı yaranan problemlərin böyük əksəriyyəti sırf səsdən səhv istifadə nəticəsində ortaya çıxır.
- Hərtərəfli səs müayinəsi necə aparılır?
- Səsi yoxlamaq üçün yalnız səs telini müayinə etmək doğru deyil. Bu, mücərrəd və kompleks bir işdir. Bildirmək istəyirəm ki, səs teli ifadəsi də düzgün deyil. Səs büküşü ifadəsi var və səs teli də səs büküşünün bir hissəsidir. Səs büküşünün və qırtlağın müayinəsi ümumi səs müayinəsinin bir parçasıdır. Bəs səs müayinəsi necə aparılır? Hər hansı bir səs xəstəsinin müayinəsi pasiyentin həkimin otağının qapısını açıb içəri girməsi ilə başlayır. Hətta biz bəzi səs problemlərinin diaqnozunu şikayəti olan insan qapını açıb içəri girdiyi andan stulda əyləşdiyi ana kimi etdiyi hərəkətlərdən təxmin edə bilirik. Müayinə etməmişdən əvvəl xəstədən hərtərəfli bir anamnez toplanmalıdır. Bəzən bunun üçün ən azı 20-30 dəqiqə sərf etməyə ehtiyac olur. Bundan sonra geniş bir qulaq-burun-boğaz müayinəsi edirik və qırtlağın - səs büküşlərinin müayinəsinə keçirik. Bu müayinə adətən endoskopik alətlərlə, xüsusi videokamera vasitəsilə icra olunur. Yetkin insanlar normal danışan zaman səs büküşlərinin üzərində səsimizin ortaya çıxmasında rol oynayan toxumalar (hər iki səs büküşü üzərində olan üst epitel) saniyədə 100-300 dəfəyə kimi titrəyişlə bir-birinə çırpılırlar. Səs büküşlərinin bu mükəmməl və qəliz fəaliyyətinin doğru müayinəsi üçün qızıl standart olan larinqostroboskopiya üsulundan istifadə etmək mütləqdir. Bu müayinə bizə səs büküşləri üzərində olan ən kiçik - millimetrik problemi belə aşkar etməyə imkan verir. Daha sonra səsin akustik analizini etmək lazımdır. Səs fiziki məfhumdur və akustikası var. Buna görə də, xüsusi kompüter proqramları ilə xəstənin səsini müayinə edirik. Bu zaman səsin akustik parametrlərini ölçürük. Apardığımız bütün müayinələrin qeyd edilməsi isə həm müalicənin effektivliyinin təmin edilməsi, həm də elmi tədqiqatların aparılması üçün vacibdir. Bundan əlavə, əgər ehtiyac olarsa, xəstəni rentgen, tomoqrafiya və s. kimi əlavə müayinələrdən də keçirməliyik.
- Professional səs nədir? Kimlərə professional səs icraçısı deyilir?
- Bu, insanları, xüsusən də həkimləri daha çox düşündürən bir məsələdir. Əgər mən sizə "Ən çox kimlərdə səs problemi olur?" sualını versəm, cavabında düşünmədən "Müğənnilərdə" deyərsiniz. Lakin bu heç də belə deyil. Danışan istənilən insan potensial səs xəstəsidir. Hətta bunun statistikası da var. Elmi ədəbiyyatı araşdıranda təxminən 36 faiz insanın ömründə bir dəfə də olsa, ciddi bir səs problemi yaşadığını görərik. Bəs kimlərə səs professionalı deyirik? Burada da yenə alimlərin fikri dəyişir. Amerikada yaşayan məşhur bir səs həkimi deyir ki, "İnsanları səsdən istifadə səviyyəsinə görə bölməyin, çünki bütün insanlar səs profesionallarıdır". Bununla belə, yenə Amerika alimləri səsdən gəlir əldə etmə səviyyəsinə görə insanları dörd səs istifadəçisi səviyyəsinə bölürlər: Elit, professional, peşə və sərbəst səs istifadəçiləri. Bu bölünmə qismən qəlizdir və daha çox elmi işlərdə istifadə olunur. Ən geniş istifadə olunan təsnifat isə insanların səs professionalları və qeyri-səs professionallarıkimi iki yerə bölünməsidir. Səs professionalları da oxuyanlar və danışanlar olmaqla iki hissəyə bölünürlər. Oxuyanlar müğənnilər, danışanlar isə aktyorlar, jurnalistlər, din xadimləri, həkimlər, müəllimlər, hüquqşünaslar və s.-dir. Lakin elit səs istifadəçiləri səslərində yaranan ən kiçik problemdə belə performans göstərə bilmirlər. Buna görə də, səs problemindən danışanda istəristəməz bu insanlar ağlımıza gəlir.
- Bildiyimiz kimi, müğənnilər üçün səslərini qorumaq çox vacibdir. Bəs onlar səslərini necə qorumalıdırlar?
- İlk olaraq qeyd edim ki, Azərbaycanda ən çox səs problemi olan insanlar evdar xanımlardır. Təəssüf ki, evdar xanımlar səslərindən düzgün istifadə etmirlər. Müayinəyə gələn evdar xanımlara "Nə oldu?" sualını verdikdə, "Evdə 3 uşaq var deyə qışqırıram" cavabını deyirlər. Təəssüf ki, gənc nəslimiz uşaqlarını qışqıra-qışqıra tərbiyə edirlər. Buna görə də, ciddi bir səs problemi yaşayırlar. Evdar xanımlardan sonra 2-ci sırada müğənnilər gəlir. Bəs müğənnilərin səsində niyə problem yaranır? Biz səsindən professional istifadə edənlərə səs idmançıları da deyirik. Məsələn, hər hansı bir futbolçuya baxsaq, görərik ki, o, gündəlik qidalanmasına, istirahətinə, məşqinə fikir verir və zərərli vərdişlərdən uzaq olmağa çalışır. Bundan əlavə, onun performansı əzələləri ilə bağlı olduğu üçün müntəzəm olaraq idman edir. Bir futbolçu ayaq əzələlərindən daha çox istifadə edir. Biz də danışan zaman boğazda olan əzələlərdən istifadə edirik. Qırtlağın həm içində, həm də çölündə olan əzələlər var. Bu əzələlər isə bizim ayaq əzələlərimiz kimi böyük deyil, yəni, çox kiçik əzələlərdir. Həmin əzələləri qorumaq lazımdır. Buna görə də, gün ərzində boğaz əzələlərinin normal işləməsi üçün müğənni də həm ciddi bir rejimə riayət etməli, eləcə də, xüsusi səs və tənəffüs məşqləri icra etməlidir. Bizim bir çox müğənnilərimizə baxanda təəssüf ki, bunun əksini görürük: gecə saat 1-də toy qutarır və həmin müğənni evə gedir, yemək yeyir, internetlə məşğul olur, yuxuya gedir və demək olar, ertəsi gün günortaya kimi yatır. Sonra isə durur yenə də toya gedir. Amma, səsdən bu cür istifadə nə dərəcədə doğrudur?! Biz əgər səs professionalıyıqsa, o səsi qorumalıyıq. Səsin bir ömür boyu normal olması üçün ona ziyan verən işlərdən uzaq durmalı və səs gigiyenasına ciddi riayət etməliyik. Müğənnilərdən və evdar xanımlardan əlavə, müəllimlər də ən çox səs problemi yaşayan insanlar sırasına daxildir. Müəllimlər bu problemi xüsusilə də pandemiya dövründə daha çox yaşadılar. Çünki ənənəvi üsuldan onlayn tədrisə keçidə hələ hazır deyildik. Müəllimlər kompüter qarşısında səslərini hər kəsə çatdıra bilmədiklərini düşünürdülər. Nəticədə, daha çox qışqırmağa, yəni səslərindən qeyri-düzgün istifadə etməyə başladılar. Lakin bu problemin asan çıxış yolu var idi. Kiçik bir yaxa mikrofonundan istifadə etmək onları bu problemdən xilas edə bilərdi. Həmin dövrdə müayinəmizə gələn bütün müəllimlərə bunu məsləhət görürdük və tezliklə səs problemlərinin aradan qalxdığını müşahidə edirdik. Ümumiyyətlə, şəxsən çox istərdim ki, müəllimlərin təhsil aldıqları pedoqoji universitetlərdə səsdən istifadə və səsi qoruma dərsləri keçirilsin. Necə ki, aktyorlar, müğənnilər və jurnalistlər üçün səhnə, nitq mədəniyyəti dərsləri tədris olunur.
- Səs xəstəliklərində hansı müalicə üsullarından istifadə olunur?
- Birbaşa qırtlaqla bağlı olan səs xəstəliklərinin müalicəsi üç cür olur: Konservativ müalicə (dərmanla), cərrahi müalicə (əməliyyatla) və səs terapiyası. Konservativ müalicə çox rahatdır. Yalnız xəstənin probleminə uyğun dərman təyin olunur. Cərrahi müalicə isə adından da göründüyü kimi, cərrahi əməliyyatlar vasitəsilə icra edilir. Həmin əməliyyatlar da iki cür olur. Birincisi, mikrolarinqoskopik cərrahi texnika - mikrofonocərrahiyyə adlanır və birbaşa səs teli üzərində icra olunur. Səs telləri çox incə orqanlardır və çox incə təbəqələri var. Onların üzərində aparılan müdaxilələr mütləq mikroskopdan istifadə edərək icra olunmalıdır. İkinci cərrahi texnika isə larinqoplastika adlanır. Bu üsulda səs telinə toxunmadan səs telindən xaricdəki qığırdaq toxumalarının mövqeləri dəyişdirilir və səsdə olan problemlər aradan qaldırılır. Bu zaman icra olunan texnikalarla səs tellərinin yeri, gərginliyi, elastikliyi və təbəqələrinin genişliyindən istifadə olunaraq səsin dəyişdirilməsi hədəflənir. Səs terapiyası isə səs xəstəliklərinin həm müalicəsində, həm də profilaktikasında ən çox icra olunan müalicə üsulu olub, xüsusi səs və tənəffüs məşqlərindən ibarət kompleks üsuldur. Çünki xəstəliklərin bir çoxu funksional olaraq ortaya çıxdığına görə ilk olaraq həmin funksiyaları düzəltmək vacibdir. Nəzərinizə çatdırım ki, səs terapiyası yalnız professionallar üçün icra edilmir. Həmin terapiya ümumi olaraq səsi müalicə etmək, gözəlləşdirmək və sağlam saxlamaq üçün icra olunan məşqlərdir. Məsələn, bir çox insanda, xüsusilə də oğlan uşaqları və gənc xanımlarda bütün səs problemlərinin əsas səbəbi səs teli düyünləridir. Səsdən səhv istifadə etmək nəticəsində səs tellərinin bir-birinə çox sərt şəkildə vurulması səs büküşlərinin müəyyən hissələrində düyünlər əmələ gətirir. Bəzi həkimlər bunu görən kimi əməliyyat olunmağı tövsiyə edirlər. Lakin bu çox yanlış bir fikirdir. Bu düyünlərin 90 faizi səs terapiyası ilə müalicə edilə bilər. Ümumiyyətlə, səsdən doğru istifadə etməsək, nə əməliyyatın, nə də dərmanların xeyri olacaq və problemlər yenidən üzə çıxacaq. Ona görə də, terapiya etmək mütləq şəkildə lazımdır. Məsələn, bərk qışqırdıqsa, 2-3 gün susmalıyıq. Bu belə səs terapiyasıdır. Onu da qeyd edim ki, bizim ədəbiyyata gətirdiyimiz bir fikir var: "Gündəlik səs terapiyası səs professionalları üçün bir ritualdır". Səs terapiyası ilə yanaşı mütləq şəkildə səs gigiyenası da icra olunmalıdır. Bizim dişimizin, dərimizin, saçımızın və s. gigiyenası olduğu kimi, səsimizin də gigiyenası var ki, bu da səsimizin ömür boyu sağlam olması üçün xüsusi əhəmiyyət kəsb edir. Gündəlik qidalanmadan, su qəbulundan tutun, səs-küylü yerlərdə danışma şəklinə, işlədiyimiz və yaşadığımız mühitin nəmliyinə kimi səs gigiyenasına daxildir. Səs gigiyenasına əməl etmək üçün gün ərzində 2 litr su içməli, qışqırmadan danışmalı, normal yatmalı, tozlu mühitdə danışmamalı və ən əsası zərərli vərdişlərdən uzaq olmalıyıq.
- Bəs səs estetikası nədir?
- Səs estetikası keçən əsrin ortalarında üzə çıxan, amma daha çox 21-ci əsrdə sürətlə yayılan bir məfhumdur. Səs estetikası adından da göründüyü kimi, həm səsin gözəlləşməsi, həm cavanlaşdırılması, eləcə də pərdəsinin dəyişdirilməsi üçün icra olunan prosedurdur. Səsi istənilən cür dəyişə bilərik. Səs estetikası ilə bağlı mənim ümumiyyətlə bir həkim kimi işimə baxış bucağımı dəyişən xatirəm var. 2015-ci ildə Amerikaya elmi-praktik təcrübə üçün getmişdim və xəstəxananın ilk əməliyyat günündə məni bir hadisə təəccübləndirdi. Həmin gün təxminən 10-11 əməliyyat var idi və onlardan demək olar ki, yarısı 70 yaşın üzərində olan xəstələr idi. Hətta həmin xəstələr arasında 3-ü sırf səsini gözəlləşdirmək üçün əməliyyat olunurdu. Açıq danışsaq, bizdə belə bir vəziyyət demək olar ki, yoxdur. Ancaq biz həkimlərin hədəfi insanlar bir gün yaşasalar belə həmin günün keyfiyyətli olması uğrunda mübarizə aparmaqdır. Yəni, həkimlər insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün mübarizə aparan mütəxəssislərdir.
- Doğru səs qulluğu necə olmalıdır?
- Ən gözəl müalicə üsulu profilaktikadır, yəni, xəstəlik ortaya çıxmadan onun qarşısını almaqdır. Biz də bir səs həkimi kimi bunun üçün çalışmalı və səs problemlərinin ağır vəziyyətə gəlib çıxmasına yol açmamalıyıq. Bir səs xəstəsinin müalicəsi həkimin səyi ilə yanaşı, pasiyentin səyindən də asılıdır. Bundan başqa, səsi qorumaq və vaxtında həkimə müraciət etmək lazımdır. Çünki erkən diaqnoz qoymaqla müalicəyə vaxtında başlaya və ağırlaşmasının qarşısını ala bilərik. Yuxarıda da qeyd etdiyim kimi, səs gigiyenası sağlam səsin olmazsa olmazlarındandır. Mən şəxsən uşaqlara bağça dövründə səsindən düzgün istifadə etməyi öyrətməyin tərəfdarıyam. Çünki belə bir sistemimiz olsaydı, bu gün biz həkimlərə daha az iş düşərdi və insanlarımız daha sağlam olardılar.