El arasında "nəfsini öldürmək" kimi bir ifadə işlənməkdədir. Xüsusilə də, bu ifadə gözü tox, başqalarının malına meyil etməyən, qənaətlə yaşayan, halal dairəsindən çıxmayan insanlar haqqında işlədilir. Məsələ burasındadır ki, nəfs haqqında eninə-boyuna danışsaq da, tam olaraq nəfsin nə olduğunu bilmirik. Bizim kimi sadə insanlar bir tərəfə dursun, adı İslam tarixinə həkk olunmuş böyük alimlər belə nəfs haqqında ortaq qərara gələ, dəqiq bir düstur ortaya qoya bilməmişlər. İslami elmlərin əsas qaynağı olan Qurani-Kərimdə çox yerdə "nəfs" sözü yer almaqdadır (cəm şəkli "ənfus"dur). Qurani-Kərimdə yer alan "nəfs" sözünü alimlər ruh, can, mənlik, qəlb, daxili dünya, bədənin tələb və istəkləri, şəhvət və qəzəbin qaynağı, fitri meyil, insan, cövhər, nifrət, iradə, kəm göz və yerinə görə daha bir neçə başqa məna ilə tərcümə etmişlər. Bəri başdan deyək ki, nəfs mövzusunda mübahisəyə girişmək cahillik əlamətidir. Çünki bu mövzu o qədər geniş və ətraflıdır ki, kiminsə onu tam mənası ilə əhatə etməsi düşünülə bilməz. Biz bu yazıda "nəfs" məfhumunun bədənlə bağlı tərəfinə aydınlıq gətirməyə çalışacağıq.
Nəfs mahiyyət baxımından bədənə müxalif, amma gül suyunun güldə, zeytun yağının zeytunda yayılması kimi bədənə yayılan nurani, uca, diri və hərəkətli bir cövhərdir. "Yusif" surəsinin 53-cü ayəsində Yusif peyğəmbərin dilindən belə buyurulur: "Yenə də mən nəfsimi təmizə çıxarmıram, çünki nəfs Allahın mərhəməti olmasa, daim pis işlər görməyi əmr edər."
Allahın Kitabında açıq-aydın ifadə olunan bu həqiqət əslində çox mühüm nöqtələri göstərir. İnsan üçün Allahın mərhəməti nə ola bilər, əvvəlcə bu haqda düşünək. Hər bir insan üçün Allahın mərhəməti Onun razılığıdır, yəni, Allah bir qulundan razı oldusa, o qul üçün artıq dərd, qəm, kədər yoxdur. Allahın mərhəmətini necə qazanmaq olar? - Əlbəttə ki, imanla, Quranın buyruqlarına uyğun yaşamaqla, hər nəfəsdə, hər addımda Allahın əmrini əsas tutmaqla. Demək, bir mənada nəfsin qarşılığı imandır və biz də bu yazıda mövzuya məhz bu pəncərədən baxmağı əsas tuturuq. İnsan imanın gücü ilə nəfsini tərbiyə edə, onun ağzına cilov keçirib iradənin yedəyinə verə bilər.
Bir hədisdə bildirilir ki, Allah (c.c.) nəfsə hansı cəzanı versə də, nəfs hər dəfə "Sən Sənsən, mən də mənəm" deyərək təkəbbürdə davam edir, ancaq ac qaldıqdan sonra iradəsi qırılır, "Sən mənim Rəbbimsən, mən də Sənin qulunam" həqiqətini dilə gətirir. Nəfsi tərbiyə etmək üçün onun istəklərinə müxalif davranmaq,onu zərurət miqdarında, həm də halallıq dairəsində təmin etmək, bir qədər də açıqlasaq, az yemək, az yatmaq, az danışmaq, dünya zövqündən imtina etmək artıq min illərdir məlum olan bır həqiqətdir. Dini ədəbiyyatda buna "riyazat" deyilir.
Nəfsdə təkəbbür, eqoizm, həsəd, haqsızlıq, ədavət, düşmənçilik və buna bənzər ruhun qol-qanadını qıran şeytani xüsusiyyətlərlə yanaşı, insanı mənəvi olaraq yüksəldən bir çox əxlaqi keyfiyyətlər də mövcuddur. Nəfs, şəhvət, qəzəb, kin, nifrət və s. kimi duyğuların əsası, mərkəzi insan bədənində olan, haldan-hala düşən və mənəvi olaraq kamilləşə bilən cövhərdir. Hər cür arzu, dilək, həvəs və istəklər, kin, nifrət, qəzəb və inadkarlıq kimi müəyyən hikmətə görə insana verilən duyğular nəfsi meydana gətirir. Qəlb, ruh, xafi və əxfa kimi Rəbbani lətifələr, həmçinin, iradə, idrak, şüur və hisslər də vicdan mexanizminin əsasını təşkil edir. Nəfs - İmam Qəzalinin ifadəsi ilə - düşdüyü vəziyyətdən asılı olaraq müxtəlif vəsflər alır. Duyğuların əsiri olmayan, onları özünə tabe edən nəfs, "nəfsi-mütməinnə" adlanır. İstəkləri özünə tam ram edə bilməsə də, onlara qarşı mübarizə aparan və düşdüyü vəziyyətə görə özünü qınayan nəfsə isə "nəfsi-ləvvamə" deyilir. Nəfs heyvani arzuların və həmin arzuları təhrik edən Şeytanın təsirində qalaraq hər hansı bəd əmələ meyil etdikdə isə "nəfsi-əmmarə" adlanır.
Nəfslə bağlı iki məsələni də unutmamalıyıq: Nəfs özbaşına, nəzarətsiz buraxıldığı təqdirdə sahibini insanlıq mərtəbəsindən endirməyə münasib yaradılmışdır. Ancaq nəfsdəki mənfi təmayülləri xeyirxahlığa və ya yaxşı əməllərə istiqamətləndirmək də mümkündür. Buna görə də, nəfs bizim məhv etməyə çalışdığımız düşmən yox, islah etməyə çalışdığımız dost olmalıdır. Nəfs kamillikdə müəyyən səviyyəyə çatdıqdan sonra "Artıq bu kifayətdir" demək olmaz. Onun kamilik zirvəsində qalması üçün həmişə düşüncə və əməl nəzarətdə saxlanmalıdır. Bunu idmanla məşğul olan idmançının bədən quruluşunu qoruyub saxlamaq üçün mütəmadi idman etməsinə bənzətmək olar. Çünki nəfsin islahı olduqca çətin, pis əməllərə meyilliyi isə həddindən artıq çoxdur.
İmam Qəzali nəfsi ata bənzədərək belə deyir: "Nəfs insanı gedəcəyi mənzilə aparan ata bənzəyir. Ata həddindən artıq yem verilsə, at sahibinin əmrinə tabe olmaq istəməz və baş götürüb istədiyi yerə qaçar. Beləcə, sahibi gedəcəyi mənzilə çata bilməz. Lakin ata miqdarında yem verilsə, at sahibinin əmrinə ram olar və onu gedəcəyi mənzilə aparıb çatdırar".
Böyük İslam alimlərindən biri kamil iman sahibi olmaq üçün insanın həm acizliyini və zəifliyini dərk etməli, həm varlıq aləmi ilə şəfqətlə davranmalı, həm də aləmə hikmət nəzəri ilə baxmalı olduğunu vurğulayır. Əməldə istiqamət və doğruluğu qoruyub saxlamaq üçün fərzlərdən ədəblərə qədər Rəsulullahın (s.ə.s.) həyatını özümüzə düstur etməli, bunu vərdiş halına gətirməliyik. Bunlarla yanaşı insanın gözəl əxlaq qazanmasına kömək edən nəfsə müəyyən vasitələrlə təsir etmək də lazımdır. İnsandakı pis əxlaqın formalaşmasının birinci səbəbi insanın özündən (varlığının mahiyyətindən) bixəbər olması, sahib olduğu nemətlərin fərqində olmamasıdır. İkinci səbəb isə, nəfsə müəyyən hikmətlərə görə verilən mənfi hisslərin dinin nəzarətindən kənarda qalması və beləcə, nəfs sahibinin xeyirdən uzaqlaşmasıdır.
Nəfs, qüsur və xətaları əsla özünə yaraşdırmaz və qəbul etməz. Nəfs xarakterik olaraq özünü həddindən artıq sevər və mədh edər. Nəfsdəki özünü bəyənmə hissinin qarşısı alınmadığı təqdirdə, o, özünü pak və xətasız görməyə başlayar.
Nəfs ölümü və üzərinə düşən öhdəlikləri xatırlamaq istəməz və buna görə də, onları asanlıqla unudar. Tərif, təşəkkür, hədiyyə və s. kimi maddi məsələlərdə mənəm-mənəmlik edərək ən öndə olmaq istəyər. Məsələn, nəfs hər canlı üçün labüd olan ölümü unudar. Buna səbəb isə "Dünya həyatının aldatdığı şəxslər..." ayəsindəki dünyəvi meyillərdir. Şiddətli dünyəvi ehtirasların əsiri olan nəfs tədricən ölümü və nə üçün yaradıldığını unutmağa başlayar.
Nəfs etdiyi yaxşılıqların, qazandığı uğurların əsl sahibinin özü olduğunu, onları özünün əldə etdiyini düşünər. Bunun nəticəsi isə qürur, təkəbbür və lovğalıq kimi özünü büruzə verər. Bununla yanaşı, nəfs pis işlərdə, qazana bilmədiyi uğurlarda özünü əsla günahkar görməz, daim başqalarını günahlandırar. Ətrafındakı insanlarda qüsur axtarmağa, onların doğru olmadıqlarını isbat etməyə çalışar.
Nəfsi "hər şeyi özündən bilmək" xəstəliyindən qurtarmaq fəzilətlərin həqiqi mənbəyini ona öyrətməklə mümkündür. Yəni, nəfsə gözəllik və uğurların ona Allah tərəfindən bəxş edildiyini izah etmək lazımdır. Nəfs özünü azad, sərbəst və müstəqil varlıq hesab edər. Bəlkə də, nəfsin ən çox aldandığı düşüncə elə budur. Nəfs özünü heç kimdən asılı olmayan müstəqil varlıq kimi görər.
Nəfs müxtəlif vəziyyətlərə düşəcək səviyyədə yaradılmışdır. Özbaşına buraxıldıqda sahibini doğru yoldan uzaqlaşdırar və onun kamilləşməsinə mane olar.
Nə qədər ki, insanın nəfəsi var, demək, nəfsi də var. Nəfs ölməz, öldürülməz, tərbiyə edilər. İnsan ancaq öldükdə nəfs ondan ayrılar. İnsanda potensial olaraq mövcud olan nəfs mexanizmini insan müsbət istiqamətdə istifadə etsə, ülviləşə və mələklərdən daha üstün ola bilər. Ancaq onu islah etməyə çalışmasa, başıboş buraxsa, insanı heyvandan da aşağı mərtəbəyə düşürər.