Vətən milli-mədəni irsimiz, mənəvi sərvətimiz, and yerimizdir. Vətən bizi bir məqsəd və amal uğrunda birləşdirən müqəddəs bir yerdir. Vətəni, vətəndaşı, xalqı sevmək insan mənəviyyatını zənginləşdirən böyük bir keyfiyyətdir. "Vətən sevgisi imandandır" deyilib. Və nahaq yerə vətən "Ana vətən" adlandırılmayıb. Çünki vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır.

İnsan sevdiyi bir işlə məşğul olanda çalışır, elə etsin ki, nəticəsi uğurlu olsun. Yəni, bunu kiməsə görə yox, içindən gələrək edir. Əslində, aqil insanların da həyat tərzi belədir. Onlar atdıqları addımları ağılla, təmkinlə, sevərək və mənən həzz alaraq atırlar. Vətənin çətin günündə xeyirxah işlər görmək, insanlığa tam mənası ilə xidmət etmək, onun azadlığının, bütövlüyünün qorunması üçün şirin canından, həyatından keçmək də bu addımlardandır.

Nəsillər yeniləndikcə, müharibə qəhrəmanlarımızı yaxından tanımağa çalışır, onların əyilməz vətənpərvərlik gücünün hansı çeşmədən, hansı mənbədən qidalandığını bilmək istəyirlər. O qəhrəmanlar isə tarixin yaddaşında əbədi qalırlar. Ən canlı yaddaş da elə biz özümüzük. Bəs biz şəhadət şərbətini dadmış qəhrəmanlar haqqında daha nələri bilirik?

Bir şey həqiqətdir ki, şəhidlər heç vaxt ölmürlər, onlar həmişə diridirlər. Onlar yazıçıların və şairlərin qələmində də yaşayırlar. Onlar haqqında qəhrəmanlıq mahnıları və marşlar bəstələnir. Şəhidlər yadelli işğalçılardan Vətəni azad etmək uğrunda canlarını fəda etdilər. Onlar şəhid oldular və doğma vətənin torpağında əbədilik və ölməzlik toxumları əkdılər. Və biz Qarabağ müharibəsinin canlı şahidləri kimi, azadlıq uğrunda mübarizədə şəhadəti özlərinə ömür payı seçənlərin, bu yolda qəhrəmanlıq tarixi yazanların xatirəsini daim yad etməliyik. Bu yolda şərəfli bir iz qoymuş qəhrəmanlarımızdan biri də Nurlan Faiq oğlu Abdalovdur.

Nurlan Abdalov 12 iyun 2000-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışdı. Ailəsi ilə birlikdə Sumqayıtda yaşamış, boya-başa çatmışdı. 2002-2003-cü illərdə isə o, ailəsi ilə Rusiyada yaşayır. 2006-cı ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinifinə başlayır və 2017-ci ildə həmin məktəbi bitirir. 2012-2015- ci illərdə Sumqayıt Şəhər Dostluq Mədəniyyət Mərkəzində Rəssamlıq kursunu bitirir və kursu bitirdikdən sonra diplomla təltif olunur. 2018-ci ildə Sumqayıt şəhər Hərbi Komissarlığının xətti ilə Sumqayıt şəhər Sürücülük Məktəbini bitirir. Daha sonra Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və 4 iyul 2018-ci il tarixdən hərbi xidmətə yollanır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olur. Vətənə layiqli xidmətinə görə ailəsinə iki dəfə Təşəkkür Məktubu göndərilir. 2020-ci il 10 yanvar tarixində Nurlan Abdalov 18 aylıq həqiqi hərbi xidmətdən qayıdır.

Vətənə sevgi, hərbi işə və hərbi formaya olan maraqla Nurlan Abdalov müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına qayıdır. N saylı hərbi hissədə manqa komandiri və baş çavuş vəzifəsinə yüksəlir.

27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəman Nurlan Faiq oğlu Abdalov minlərlə cəsur, igid vətən oğulları kimi bu döyüşlərdə mərdliklə vuruşur, Azərbaycanımızın bütovlüyü uğrunda gözünü qırpmadan canından keçir. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak edir. Qolundan xəsarət alsa da, hərbi anda sadiq qalır və döyüşə davam edir. 44 günlük müharibənin 37 gününü torpaqlarımızın azadlığı uğrunda vuruşan Nurlan Abdalov 3 noyabr 2020-ci il tarixdə Xocavənd uğrunda gedən döyüşlərdə mətinlik və mərdlik göstərərək, döyüş meydanında şəhidlik zirvəsinə ucalır. 5 noyabr 2020-ci il tarixdə Sumqayıt Şəhər Şəhidlər Xiyabanında əbədi sevgisinə - vətən torpağına qovuşur. Bu mərasimdə minlərlə insan əllərində bayraq, gül-çiçək iştirak edirdi. İnsanların simasında qürur qarışıq kədər hiss olunur, sankı onlar kimi yer-göy də qan ağlayırdı. Şəhadətindən sonra Cənab Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Nurlan Faiq oğlu Abdalov "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olundu.

SİNİF YOLDAŞLARINDAN XATİRƏ: 

"Nurlan çox yaxşı sinif yoldaşı, çox yaxşı dost idi. Heç vaxt heç birimizin qəlbini qırmamışdı. 2016-cı ilin aprel döyüşlərində məktəbin bir məzunu şəhid olmuşdu. Dərsdə müəllim və şagirdlər şəhidlər, şəhidlik zirvəsi barədə danışırdılar. Bu vaxt sinif yoldaşlarımızdan biri: "Nurlan, sən də şəhid olacaqsan?" - deyə soruşdu. Nurlan onun bu sualına qarşı dönüb ona qürurla və cəsarətlə baxdı. Biz o baxışları heç vaxt unutmayacaq, hər zaman sinif yoldaşımız Nurlanın və bütün şəhidlərimizin əziz xatirəsini yad edəcəyik".

Qəhrəman şəhid Nurlan Abdalov subay idi, 12 iyun 2022-ci il tarixdə 22 yaşı tamam olacaqdı. Əbədi qəhrəmanlara əbədi eşq olsun!