Heç birimiz hansısa gözlənilməz qəzadan sığortalanmayıb, yəni, hər an hər birimizin başına hansısa bir hadisə gələ bilər. Məsələn, bir yerimizi yaralaya, ya da bır yerimizi zədələyə bilərik. Ola bilsin ki, bu cür hadisələr bizim deyil, bir başqasının başına gələ bilər. Doğrudur, biz hər addımda tədbirli davranmalı, bu cür qəzalardan uzaq olmağa çalışmalıyıq, amma bir şey də var ki, hər şey bizim iradəmiz daxilində deyil. Ona görə də, bu cür gözlənilməz hadisələrə də hazır olmalıyıq. Əgər belə bir hadisə yanınızda baş verirsə, sizin ilk işiniz nə olmalıdır, bilirsinizmi? - Özünü itirməmək, təmkinli olmaq və soyuqqanlı davranmaq. İnsan özünü itirib panikaya düşəndə xilas etmək əvəzinə əksinə zərər verə bilər. Amma bu cür kritik vəziyyətdən uğurla çıxmaq üçün bəzi tibbi biliklərə sahib olmaq lazımdır. Biz də bu yazımızda məhz bu məqamlara toxunmağa çalışacaq və ən zəruri məlumatları sizinlə paylaşacağıq. Heç arzu etmirik ki, siz belə hallarla qarşılaşasınız, amma yuxarıda da dediyimiz kimi, heç kim bu cür hadisələrdən sığortalanmayıb. Ona görə də, bu mövzuda məlumatlı olsanız və yardım göstərə bilsəniz, kiminsə həyatını xilas edə bilərsiniz.

Beləliklə, keçək ilk tibbi yardım məsələsinə. İlk tibbi yardım yaralanmanın və ya zədələnmənin mümkün olan ağırlaşmalarının qarşısını almaq, həmçinin, onların gedişini yüngülləşdirmək üçün ən sadə tədbirlərin yerinə yetirilməsindən ibərətdir. Buna görə də, sadə ilk tibbi yardım tədbirlərini hər kəs bilməlidir. Eyni zamanda hər bir vətəndaşımız sadə tibbi biliklərə malik olmalı, bunun üçün də istər ali təhsil, istərsə də orta təhsil müəssisələrimizdə hər kəsə zəruri tibbi biliklər öyrədilməlidir.

Hər hansı zədə almış və ya yaralanmış şəxsin həyatını xilas etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti var. Unutmayın ki, siz ilkin tibbi yardım göstərməklə yanaşı, təcili tibbi yardıma da məlumat verərək, onu hadisə yerinə çağırmalısınız. Hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. Bu baxımdan ilk tibbi yardım hadisə yerində təcili göstərilməlidir.

Əgər yanınızda kimsə yaralanıbsa və güclü qanaxması varsa, siz ilk növbədə qanaxmanı saxlamaq üçün tədbirlər görməlisiniz. Turnadan və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda damarları sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda, qanqrena baş verə bilər.

Siz yanıq hadisəsi ilə də rastlaşa bilərsiniz. Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardım kimi yanmış sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu, dərinin soyumasına, ağrının keçməsinə səbəb olur və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz. Bu, travmanı daha da artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək olmaz! Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaqlazımdır. Binti spirtdə islatmaq olar, onlar ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır. Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı, kalium permanqanat və digər bu tipli antiseptiklər vurmaq olmaz.

Son illərdə böyük şəhərlərdə dəm qazından zəhərlənmə ilə bağlı xeyli ölüm hadisələri qeydə alınır. Yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödəmi, ürəyin zədələnməsi baş verir. Dəm qazı ilə zəhərlənmiş insanı vəziyyətdən çıxarmaq üçün əvvəlcə onu açıq havaya çıxarmaq, əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ona yarıoturaq vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün), zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa, dərhal reanimasiya tədbirlərinə başlamaq ("ürəyin xarici masajı" və "süni tənəffüs") lazımdır.

Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər. Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır. Sahilə çıxardığınız zərərçəkənin əvvəlcə əynindəki sıx paltarları (qalstuk, kəmər və s.) çıxarmaq lazımdır. Sonra cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləyin, sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun, əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin, zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini yoxlayın. Əgər zərərçəkən nəfəs almırsa, ona süni tənəffüs vermək lazımdır, ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyin qapalı masajını da icra edin. Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır.

Başqa mühüm bir məqama toxunmaq istəyirik. Bu cür hallar daha çox gənclər arasında baş verir. Kütləvi idman oyunlarında (futbol, voleybol, basketbol kimi) oynaq çıxıqları hallarına rast gəlinir. Oynaq çıxıqlarının ümumi əlamətlərinə oynağın normal formasının dəyişməsi, çıxan sümüyün digər yeni sahədə yerləşməsi, ətrafın ölçüsünün qısalması və ya uzanması, oynaq nahiyəsində olan kəskin ağrı kimi əlamətlər daxildir. Əgər travmaya məruz qalan uşaqdırsa, aşağıdakı əlamətlər oynaq çıxığından şübhələnməyə əsas verə bilər: uşaq zədələnən ətrafını hərəkət etdirə bilmir və ya onu çətinliklə hərəkət etdirir, travma aldığı qola və ya ayağa toxunmağa imkan vermir, toxunduqda isə daha çox ağri hiss etməyə başlayır. Heç bir halda nə böyük şəxsdə, nə də uşaqda oynaq çıxığını sərbəst şəkildə yerinə salmağa, və ya bu məqsədlə xalq təbiblərinə müraciət etməyə cəhd etməyin. Travmadan sonra ilk 1-2 saat ərzində zərərçəkəni mütləq xəstəxanaya çatdırmaq lazımdır ki, cərrah çıxmış ətrafı yerinə salsın.

Başqa çox mühüm bir məqama da toxunmaq istəyirik. Bu cür hadisələrə ən çox da uşaq və gənclərdə rast gəlinir. Belə ki, uşaq və ya gənc yıxılır, ya da hansısa küt alətlə zədələnir və siz də "Keçib gedər" deyə əhəmiyyət vermirsiniz. Unutmayın ki, ilkin mərhələdə sizin əhəmiyyət vermədiyiniz və keçib gedəcəyini zənn etdiyiniz o zədə sonradan çox ağır problemlərə səbəb ola bilər. Ona görə də, bu cür hallar baş verərsə, evdə bu barədə məlumat vermək və həkimə getmək lazımdır ki, vaxtında lazımi tədbirlər görülsün.

Biz bəzi gözlənilməz hallar və o hallarla bağlı bəzi tədbirlər haqda ilkin məlumatları sizinlə paylaşdıq. Ancaq başqa, yəni, burada bizim ağlımıza gəlməyən hallarla da qarşılaşa bilərik.

Bir daha təkrar edirik ki, ilkin tibbi yardımla yanaşı bizim görməli olduğumuz ilk iş təcili yardıma zəng etməkdir. Hər şeydən əvvəl isə təmkinli davranmalı və özümüzü itirməməliyik ki, həkim gələnə qədər hadisələri düzgün idarə edə bilək. Atalar demişkən, ehtiyat igidin yaraşığıdır. Bu cür hadisələr başınıza gəlməsin, əgər gəlsə, yaxud da qarşınıza çıxsa, necə davranmalı olduğunuzu biləsiniz.