"Hörmətli cənab Andropov, Mənim adım Samanta Smitdir. On yaşım var. Sizi yeni vəzifəniz münasibətilə təbrik edirəm. Mən Rusiya və ABŞ-ın nüvə müharibəsinə başlamasından narahatam. Müharibə üçün addım atacaqsınızmı? Əgər atmayacaqsınızsa, xahiş edirəm mənə deyin, müharibənin qarşısını almaq üçün nə etməyi düşünürsünüz? Bu suala cavab vermək məcburiyyətində deyilsiniz. Amma bilmək istəyirəm, niyə dünyanı və ya ən azı bizim ölkəmizi ələ keçirmək istəyirsiniz? Allah dünyanı bizim birlikdə sülh içində yaşamağımız üçün yaratdı. Müharibə üçün və ya bir qrup insanın hər şeyə sahib olması üçün deyil. Xahiş edirəm Allahın istədiyini edək. Bu halda hamı xoşbəxt olacaq"...
Bu məktub 1982-ci ilin noyabrında 10 yaşlı amerikalı Samanta Rid Smit adlı qız tərəfindən həmin vaxt Sovet İttifaqı Kommunist Partiyasının baş katibi seçilən Yuri Andropova yazılıb. SSRİ və ABŞ arasında Soyuq müharibənin davam etdiyi bir vaxtda gündəmə çevrilən bu məktub tərəflər arasında ilk müsbət qığılcım hesab olunur.
Mövzuya keçməzdən əvvəl qeyd edək ki, Samanta Smit 29 iyun 1972-ci ildə ABŞ-ın Men ştatının Houlton şəhərində anadan olub. 5 yaşında ikən İngiltərə kraliçası İkinci Elizabetə onu sevdiyini ifadə etmək üçün məktub yazıb. Anası Ceyn Smit ştatda sosial xidmətlər sahəsində, atası Artur Smit isə Houlton şəhərində yerləşən Riker Kollecində işləyib. Daha sonra o, Auqusta Men Universitetində ədəbiyyat müəllimi olub.
Samanta adlı qızın yuxarıda təqdim etdiyimiz məzmunda məktub yazmasının səbəbi həmin dövrdə Andropovla bağlı yayılan bəzi iddialar idi. Belə ki, Leonid Brejnevin ölümündən sonra Yuri Andropov 1982-ci il noyabrın 12-də Sovet İttifaqı Kommunist Partiyasının baş katibi vəzifəsinə seçilmişdi. Andropovun fotoları, haqqında yazılan yazılar Qərb dünyasının əsas qəzet və jurnallarında yayılır, bu yazılarda Andropovun SSRİ rəhbəri təyin edilməsinin Qərb dünyasında hökm sürən sabitlik üçün təhlükə olduğu bildirilirdi. "Taym" jurnalı 22 noyabr 1982-ci ildə üz qabığında Andropovu çap etdi. Cəmiyyədə onun Qərbə qarşı müharibəyə başlayacağı, hətta, nüvə silahından istifadə edəcəyi danışılırdı. 10 yaşlı Samanta Rid Smit də həmin vaxt "Taym" jurnalına nəzər salanlardan biri idi. O, jurnala baxarkən: "Əgər insanlar ondan bu qədər qorxurlarsa, niyə heç kim ona məktub yazaraq, müharibə istəyib-istəmədiyini soruşmur?" - deyə anasına müraciət edir. Anası isə: "Niyə də olmasın?" - deyə cavab verir. Və beləcə, bütün dünyada diqqət mərkəzinə çevrilən həmin məktub yazılır. Məktub Andropova çatır, oxuduqdan sonra 26 aprel 1983-cü il tarixdə 10 yaşlı qıza cavab yazır. Rəngli kağızda yazılmış, mavi mürəkkəblə imzalanmış və ingilis dilinə tərcümə edilmiş həmin məktubda belə deyilirdi:
"Hörmətli Samanta, Məktubunuzu bu yaxınlarda almışam.
Mənə elə gəlir ki, - məktuba görə deyə bilərəm - sən həmyerlin Mark Tvenin məşhur kitabında olan Tom Soyerin dostu Bekki kimi cəsur və dürüst bir qızsan. Bu kitabı ölkəmizin bütün oğlan və qızları yaxşı tanıyır və sevirlər.
Yazırsınız ki, iki ölkə arasında nüvə müharibəsinin olub-olmayacağından narahatsınız. Və müharibənin olmaması üçünhansı addımı atıb-atmadığımızı soruşursunuz. Sualın düşünən hər bir insanın soruşa biləcəyi vacib bir sualdır. Mən sizə ciddi və səmimi cavab verəcəyəm. Bəli, Samanta, biz Sovet İttifaqında hər şeyi etməyə çalışırıq ki, dünyada müharibə olmasın. Bunu hər bir sovet vətəndaşı istəyir. Sovet xalqı müharibənin necə dəhşətli olduğunu yaxşı bilir. Qırx iki il əvvəl bütün dünyada hakim olmağa can atan faşist Almaniyası ölkəmizə hücum etdi, minlərlə kənd və şəhərimizi yandırdı, milyonlarla sovet kişisini, qadın və uşağı qətlə yetirdi. Qələbəmizlə başa çatan bu müharibədə ABŞ-la müttəfiq olmuşuq, bir çox insanın nasist işğalçılarından azad edilməsi üçün birlikdə vuruşmuşuq.
Ümid edirəm ki, bunu məktəbdəki tarix dərslərindən bilirsiniz. Və bu gün biz sülh şəraitində yaşamaq, dünyadakı bütün qonşularımızla ticarət və əməkdaşlıq etmək istəyirik. Və əlbəttə ki, Amerika Birləşmiş Ştatları kimi böyük bir ölkə ilə də eyni düşüncədəyik. ABŞ-da da, bizdə də nüvə silahları var. Onlar bir anda milyonlarla insanı öldürə biləcək dəhşətli silahlardır. Amma biz istəmirik ki, o nə vaxtsa istifadə edilsin. Məhz buna görə Sovet İttifaqı təntənəli şəkildə bütün dünyaya bəyan edib ki, nüvə silahından heç vaxt heç kimə qarşı istifadə etməyəcək. Ümumiyyətlə, biz onun istehsalını dayandırmağı və dünyadakı bütün ehtiyatlarını məhv etməyi təklif edirik. İkinci sualınızda, "Niyə bütün dünyaya və ya ABŞ-a qarşı müharibə aparmaq istəyirsiniz?" - deyə soruşursunuz. Biz belə bir şey istəmirik. Ölkəmizdə heç kim, nə fəhlə, nə kəndli, nə yazıçı, nə həkim, nə böyüklər, nə uşaqlar, nə də hökumət üzvləri müharibə istəmirlər. Biz sülh istəyirik. Buğda yetişdirmək, tikinti aparmaq, ixtira etmək, kitab yazmaq və kosmosa uçmaq kimi planlarımız var. Biz özümüz üçün və planetin bütün xalqları üçün sülh istəyirik. Uşaqlarımız və sizin üçün, Samanta.
Valideynləriniz icazə versə, sizi ən yaxın vaxtda ölkəmizə gəlməyə dəvət edirəm. Siz ölkəmiz haqqında öyrənəcək, həmyaşıdlarınızla tanış olacaq və uşaqların beynəlmiləl düşərgəsi - "Artek"ə baş çəkəcəksiniz: Özünüz də görün ki, Sovet İttifaqında hamı sülh və dostluq şəraitindədir. Məktubunuz və təbrikiniz üçün təşəkkür edirəm. Sənə yenicə başlayan həyatında hər şeyin ən yaxşısını arzulayıram". Y. Andropov.
Qeyd edək ki, bu məktubun orijinal variantı hələ də Men Əyalət Muzeyində saxlanılır.
Andropovun cavabından sonra Samanta 1983-cü il iyulun 7-də ailəsi ilə birlikdə təyyarə ilə Moskvaya uçur. Onları hava limanında böyük izdiham qarşılayır. İki həftə Andropovun qonağı kimi ölkədə qalırlar. Bu müddət ərzində onlar Moskvada, Leninqradda (indiki Sankt Peterburqda), "Artek"də və digər yerlərdə olurlar. Daha sonra Samanta "Sovet İttifaqına səyahət" kitabında, "Sovet xalqı da bizim kimidir", - deyir.
Andropov səfər zamanı Samanta ilə görüşə bilmir, yalnız telefonla danışır. Sonralar Andropovun bu dövrdə ağır xəstə olduğu məlum olur. Samanta Rid Smit 1983-cü il 22 iyulda ABŞ-a qayıdır. Orada artıq hamı onu məşhur bir adam kimi qarşılayır. Filmlərdə, seriallarda rol alması üçün təkliflər gəlir. Bununla birgə onun SSRİ təbliğatı apardığını deyənlər də az olmur.
Samanta 1983-cü ildə "Məsuliyyətli Çarlz" ("Charles in Charge") adlı telekomediyada, 1985-ci ildə isə Robert Vaqnerlə birgə "Kirəc küçəsı" ("Lime Street") adlı teleserialda oynayır.
25 avqust 1985-ci il tarixdə Samanta Smit və atası Artur Smit "Kirəc küçəsı" teleserialı üçün bir epizod çəkdikdən sonra "Bar Harbor" şirkətinin 1808 saylı reysi ilə evə qayıdarkən onların uçduğu "Beech 99" təyyarəsi eniş zolağından təqribən 1200 metr məsafədə ağaclara çırpılır və qəza nəticəsində təyyarədəki 6 sərnişin və 2 ekipaj üzvündən heç kəs sağ qalmır. O cümlədən 12 yaşlı Samanta da atası ilə həmin qəzada dünyasını dəyişir.
Təyyarə qəzası barədə müxtəlif təxribat versiyaları irəli sürülsə də (çünki ABS-da bu qəzada DTKnın, SSRİ-də isə əksinə MKİ-nin əli olduğunu düşünürdülər), bu versiyaların heç biri təsdiqini tapmır. Geriyə isə ancaq SSRİ və ABŞ arasındakı münasibətlərin yaxşılaşmasında böyük rolu olan, növbəti dünya (və bəlkə də nüvə) müharibəsinin qarşısını alan və ən əsası insanların yaddaşına xoş təəssüratlarla həkk olan həmin bu hadisə qalır.