Hər yeni kitaba başlayanda sevinc, həyəcan, narahatlıq qarışıq hisslər keçirirəm. Sevinirəm və həyəcanlanıram ona görə ki, özümü yeni bir macəraya, yeni bir səyahətə başlamış kimi hiss edirəm. Narahat oluram, ona görə ki, kitabı bəyənəcəyəmmi, ona ayıracağım zamana dəyəcəkmi, yoxsa, vaxt itkisimi olacaq, bilmirəm.
Bəzən oxuduğumuz real həyat hekayəsinin yanında yazıçı təxəyyülünün, filmin sönük qaldığını düşünürük. Bəzən də çox bəyəndiyimiz bir kitabın filmi olsaydı, izləyərdik, deyirik.
Əziz oxucu, sizinlə budəfəki səyahətimiz ingilis-fransız yazıçısı Tatyana de Rosneyin yazdığı və əsasında eyniadlı film də çəkilmiş "Saranın açarı" romanıdır. Roman 2007-ci ildə çap edilmiş, qısa müddətdə fransız dilində 3 milyon, ingilis dilində 2 milyon tirajla satılaraq müəllifə böyük şöhrət qazandırmışdır.
Roman bir çox əsərə mövzu olan Hitlerin yəhudilərə qarşı törətdiyi soyqırımından və onun müasir dövrlə əlaqəsindən bəhs edir. Əsər 60 il fərqlə 2 fərqli zaman kəsiyində cərəyan edir. Əsər belə başlayır: 1942-ci ildə Parisdə bir evin qapısı fransız polisi tərəfindən döyülür. Çoxdandır, bir çox yəhudi ailəsi kimi səksəkəli yaşayan Starzinski ailəsi də qaçılmaz sonun gəldiyini hiss edir. 10 yaşlı Sara balaca qardaşı Mişeli evlərində bir dolabda gizləyir və dolabın qapısını açarla bağlayaraq, qardaşına geri qayıdacağına söz verir. Gizlənqaç oyunu oynadığını zənn edən Mişel isə səsini belə çıxarmır.
Ata, ana və Sara Starzinski minlərlə yaxası ulduzlu yəhudi kimi məchula doğru yola çıxırlar. Onları Auşvitzə aparmaq üçün Velodrom d'Hiv düşərgəsində toplayırlar. Donuq baxışlar, çarəsizlik, aclıq, işgəncələrdən ağlını itirən insanlar, başı qırxılan uşaqlar, gücsuz atalar, övladından güclə ayrılan analar... Oxuduqca və təsəvvür etdikcə ki, bunlar 60-70 il əvvəl yaşanıb, insan dəhşətə gəlir.
Digər uşaqlardən fərqli olaraq Saranın ona ümid işığı olan məsuliyyəti var. O, balaca Mişelin yanına qayıtmalı, onu xilas etməlidir. Lakin əvvəlcə özü bu cəhənnəmdən xilas olmalıdır. Möcüzə nəticəsində polislərin gözündən yayınaraq, qaçmağı bacaran Saranı almana oxşayan sarı saçları, mavi gözləri xilas edir. Bəs Sara qardaşına verdiyi sözü tuta biləcəkmi, onu xilas edə biləcəkmi? Bəli, məhz bu sual sizi sonadək kitabı oxumağa vadar edəcək.
İkinci zaman kəsiyində, yəni 1942-ci ildən 60 il sonrakı dövrdə isə Culiya adlı jurnalist qadının həyatından bəhs edilir. O, amerkalıdır, fransızla ailə quraraq Parisdə yaşayır. Culiya işlədiyi qəzet üçün Velodrom d'Hiv hadisəsinin 60-cı ildönümü ilə bağlı araşdırma aparmalıdır. Araşdırmalar bir çox acı həqiqəti üzə çıxarır. Velodrom d'Hiv hadisəsi Parisin mərkəsi küçəsində baş vermiş, yəhudi olmayan fransızlar bunagöz yummuş, hətta onları ifşa etmişlər. Minlərlə yəhudini həbs edən nasistlər deyil, fransız polisi olmuşdur. Bu faktlar fransızların da alman nasistləri qədər günahkar olduğunun sübutudur, bəlkə də, unutmaq istədikləri üz qarasıdır. Bu səbəbdən Culiyanın araşdırmaları ailəsində ciddi narazılıqla qarşılanır. Ancaq Culiyanın Saranı axtarıb tapmaq istəyi bütün istəklərin önünə keçir. Görəsən, o zamankı Sara indi kimdir, haradadır, qardaşına qovuşa bilibmi? Araşdırmalardan sonra Culiya elə faktlarla qarşılaşır ki, bu nəticəni heç özü də gözləmir. Bir anda iki qadın qəhrəmanın yolları kəsişir. 10 yaşlı Saranın sonrakı taleyi, 60 il boyunca başına gələnləri öyrənmək istəyi oxucunu kitaba kilidləyir.
Müəllif tez-tez zamanı və məkanı dəyişir. Biz bir səhifə Saradan, bir səhifə Culiyadan oxuyuruq. Bir oxucu kimi mənə Saranın yaşadıqları, üzüntüləri, həyatı daha maraqlı idi. Yəhudilərin pillə-pillə təcrid edilməsi, kişilərin gizlənməyə məcbur qalması, yaxalarında sarı ulduz daşıması... "Yəhudilik kənardan dərhal müəyyən olunan bir şey idimi? Sara bilmirdi".
Sara "ulduzsuz" günləri üçün darıxırdı. O, bu qədər nifrətin, kinin səbəbini anlaya bilmirdi. "Əgər onları eyni yerə aparacaqdılarsa, onda niyə polis uşaqları valideynlərindən lap əvvəldən ayırırdı? Bu qədər ağrı, bu qədər iztirab nəyə lazım idi?"
Düşərgə ilə bağlı hissələri oxuduqca anaların çarəsizliyini, ataların gücsüzlüyünü iliyinizə qədər hiss edəcəksiniz.
"Saranın açarı" romanının süjeti, qəhrəmanları müəllifin təxəyyülünün məhsuludur. Lakin tarixi məlumatlar, Velodrom d'Hiv hadisəsi, sənədlər, statistik rəqəmlər realdır.
Əsərdən öyrənirik ki, təkcə Fransa 80 minə yaxın yəhudini ölüm düşərgələrinə göndərmişdir. Bunlardan ancaq min nəfərdən ikisi geri qayıda bilmişdir. Və geri qayıdanlar arasında uşaqlar olmamışdır. Sara kimi 4115 uşaq bu düşərgələrdə aclığın, xəstəliyin, ölümün qucağına tərk edilmişdir.
Bir fransız yazıçısı kimi Tatyana de Rosneyin bu faktları yenidən gündəmə gətirməsi böyük cəsarət tələb etsə də, yazıçı bunu bacarır. O, qəhrəmanının dili ilə "Camaatı Eyfel qülləsi maraqlandırır, nəinki Velodrom d'Hiv", deyərək diqqətləri Parisin qaranlıq keçmişinə cəlb edir. Müəllif qəhrəmanı Culiyanı 60 il əvvəl Starzinki ailəsi kimi minlərlə yaxası sarı ulduzlu yəhudinin ayaqyalın, başıaçıq, itələnərək aparıldığı küçələrdə gəzdirir. Culiya daha sonra yəhudilərin su qiymətinə fransızlara satıldığı evlərin önündən keçir. Bu binalarda canları bahasına yəhudilərə kömək edən, onlara gizli çörək verən fransızlar da az olmur. Culiya bu dəhşətə şahidlik etmiş Parisin arxa küçələrində gəzərkən düşünür: "Axı, insanın həyatı büsbütün dəyişə, məhv ola bildiyi halda, küçələrlə binaların eyni qalması necə baş verir?!"
Kitab hər yaşa, hər zövqə xitab edəcək mövzudadır. Bəzən kövrələcək, bəzən də göz yaşlarınızı tuta bilməyəcəksiniz. Xoş oxumalar, əziz oxucu!
Kitabı "Mənbə" kitab evindən əldə edə bilərsiniz."