Dünyada ən böyük universitetlərdən biri də Stenford Universitetidir. Bu universitet ABŞ-ın Kaliforniya ştatında, Palo-Alto şəhəri yaxınlığında, Silikon Vadisinin mərkəzində yerləşir. Hətta bu baxımdan universiteti Silikon Vadisinin sərvəti adlandıranlar da var. Maraqlı tarixinə və təhsil sisteminə görə seçilən bu təhsil müəssisəsinin qurucusu Leland Stenford (Kaliforniyanın keçmiş qubernatoru, ABŞ senatoru və dəmiryolu maqnatı) və həyat yoldaşı Ceyn Stenforddur.
Həmin vaxtda, yəni, 1884-cü ildə Stenfordların Avropaya səyahəti zamanı oğulları kiçik Leland Stenford yatalaq xəstəliyinə tutulur və təqribən 15 yaşlarında Florensiyada dünyasını dəyişir. Beləliklə, Stenfordlar oğullarının xatirəsini yaşatmaq qərarına gəlir və: "Öz uşağımız üçün heç nə edə bilmədik, amma Kaliforniyanın bütün uşaqları bizim uşaqlarımızdır, onlar üçün nəsə edək", - deyə işə başlayırlar. Beləliklə, gənc ailə Amerikanın bir neçə ali təhsil ocağını - Yel, Harvard, Massaçusets... universitetlərini gəzir və üç layihədən birini həyata keçirmək barədə düşünürlər: Palo-Altoda universitet, San-Fransiskoda təhsil kompleksi və ya San-Fransiskoda texniki kollec. Ancaq Harvard Universitetinin prezidenti Çarlz Eliot onlara universitet qurmağı məsləhət görür. Leland bu məqsəd üçün onlara nə qədər vəsait lazım olduğu ilə maraqlanır və Eliot həmin dövr üçün çox böyük bir məbləğ olan 5 milyon dollar vəsait lazım olduğunu deyir. Və Lelandın "Səncə, bacararıq?" sualına Ceyn başı ilə "Hə" cavabını verir.
1885-ci ildə qurulsa da, universitet təqribən 6 ilə başa gəlir. Bu işdə Stenfordlara İndiana Universitetinin professoru Devid Cordan kömək edir. Məhz buna görə də, Leland onu 1 oktyabr 1891-ci ildə açılan Kiçik Leland Stenford adına Universitetə prezident təyin edir. Alman modelinə uyğun tikilən universitet 1930-cu illərin ortalarına qədər ödənişsiz təhsil verir.
Devid Cordandan sonra universitetdə Rey Uilbur prezident olur və onun prezidentliyi dövründə universitet sürətlə inkişaf edir. Kafedralar bütöv fakültə-məktəblərə çevrilir. II Dünya müharibəsindən əvvəl burada yeni tədris kompleksləri, laboratoriyalar tikilir. Müharibə illərində isə demək olar ki, universitet öz elmi-texniki tərəqqi dövrünü yaşayır. 40-60-cı illərdə, yəni, Volles Sterlinqin prezidentliyi dövründə Stenford ABŞ-ın ən nüfuzlu ali məktəblərindən birinə çevrilir və onu artıq heç kim əyalət universiteti adlandırmır.
Stenford Universiteti həm də çox böyük ərazisi ilə seçilir. Belə ki, maliyyə böhranı dövründə universitetin torpaqlarını satmaq mümkün olmadığı üçün (çünki Leland Stenford öz vəsiyyətnaməsində bunu qadağan etmişdi) torpaqları icarəyə vermək məsələsi ortaya çıxır. Və rəhbərlik torpaqları yüksək texnologiyalar sahəsində ixtisaslaşan şirkətlərə uzunmüddətli icarəyə verir. Beləliklə, universitet ərazisində Silikon Vadisi adlanan Stenford Sənaye Parkı qurulur.
Universitetin sahəsi təqribən 8 hektarlıq bir ərazini əhatə edir. Mavi səma altında, yaşıllıq ərazidə yerləşən qırmızı tavanlı daş binalar, güllər, palmalar, hətta o tərəf-bu tərəfə qaçan sincablar burada əsrarəngiz bir mənzərə yaradır. Kampusun ərazisində 7 məktəb: Humanitar və Təbiət Elmləri Məktəbi (School of Humanities and Sciences), Mühəndislik Məktəbi (School of Engineering), Yer Elmləri Məktəbi (School of Earth Sciences), Təhsil Məktəbi (School of Education), Biznes Məktəbi (Graduate School of Business), Hüquq Məktəbi (Stanford Law School) və Tibb Məktəbi (Stanford University School of Medicine) yerləşir. Həmçinin, universitetin kampusu ticarət mərkəzi, açıq və qapalı hovuzlar, yeməkxanalar, maraqlı tikililər, çoxsaylı Rodin heykəlləri, ibtidai məktəblər, uşaq bağçaları və s.-lə də seçilir. Bu siyahıya 8 milyondan çox kitab fonduna malik olan 20 kitabxananı, tələbə yataqxanalarını, idman komplekslərini, parkları və s. də əlavə etsək, universitetiin nə qədər böyük bir ərazini əhatə etdiyini təsəvvür etmək olar. Digər tərəfdən, kampus çox böyük olduğu üçün tələbələrin piyada gediş-gəlişi çətin olsa da, kampusun yerləşdiyi Palo-Alto şəhərinin düzənlik ərazisi və mülayim iqlimi kampusun bütün bölmələrinə velosipedlə gedib-gəlməyə imkan verir.
Biznes, mühəndislik, təhsil, hüquq, tibb və s. sahələr üzrə mütəxəssislər hazırlayan universitet əvvəlki illərdə 20 minə yaxın tələbə qəbul edirdi. Ancaq son illərdə bu rəqəm olduqca azdır. Hətta son ildə müraciət edən 45 minə yaxın abituriyentdən ancaq 2 mindən bir qədər çoxu bu universitetdə təhsil alır.
Hər tələbə öz şəxsi maraq və məqsədinə uyğun fərdi tədris planı hazırlayır. Ancaq tələbə universitetin ümumi tələblərini də nəzərə almalıdır. Ümumi tələblər isə 9 tədris kursundan ibarətdir (təbiət elmləri, tətbiqi elmlər, texniki elmlər, humanitar elmlər, ictimai elmlər, bəşəri dəyərlər, dünya mədəniyyəti, Amerika mədəniyyəti və s.) və hər tələbə seçdiyi ixtisas fənlərindən əlavə mütləq bu kursları keçməlidir. Universitetdə həmçinin, bütün ixtisaslar üzrə magistratura, aspirantura və doktorantura təhsili həyata keçirilir və bu təhsil pillələri üzrə tələbələrə müxtəlif proqramlar təklif edilir.
Bakalavr pilləsində təhsil alan tələbələrin əksər hissəsi kampusda yerləşən universitet yataqxanalarında yaşayır. Üstəlik, qaydalara görə birinci kurs tələbələrinin hamısı kampusdakı bu yataqxanalarda yaşamalıdırlar.
Stenford öz elmi tədqiqatları ilə seçilən dünyanın ən böyük universitetlərindən biridir. Amerika alimlərinin kəşflərinin əksəriyyəti, həmçinin, elm və texnikanın ən qabaqcıl sahələri üzrə tədqiqatların çoxu (biomühəndislikdən tutmuş, genetikaya, kompüter texnologiyalarından tutmuş, kosmik tədqiqatlara qədər) bu universitetin institut və laboratoriyalarında həyata keçirilir. 1952- ci ildən indiyə kimi Stenfordun akademik və elmi heyəti arasında 84 Nobel mükafatçısı var.
Bir şeyi də qeyd edək ki, xüsusilə son bir neçə ildə Stenford Universitetinə maraq daha çoxdur. Buna səbəb isə universitetin bir çox reytinq cədvəllərinə görə dünyanın ən yaxşı universitetləri arasında olması, həmçinin, 21-ci əsrin əvvəllərindən başlayaraq, bu ərazidə şirkətlərin sürətlə böyüməsidir. Xüsusilə də, elm və texnologiya sahəsində təhsil almaq istəyənlər Stenforda üz tuturlar. Ona görə də, universitet, xüsusilə, mühəndislik sahəsində daha çox fərqlənir.
Məlumdur ki, Stenford Universitetinin bəzi fakültələrinə qəbul olmaq digərlərindən daha çətindir. Bu mənada qəbul olmaq istəyərkən şərtləri diqqətlə araşdırmaq lazımdır. Bununla belə universitet həm də tələbələrə oxuduqları şöbəni dəyişmək imkanı təklif edir. Bu mənada tələbələr maraqlandıqları şöbədə təhsillərini davam etdirə bilərlər.
Stenfordun məşhur məzunları siyahısında ABŞ-ın keçmiş prezidenti Herbert Huver, Yaponiyanın keçmiş baş naziri Yukio Hatoyama, İsrailin keçmiş baş naziri Ehud Barak, Perunun keçmiş prezidenti Alexandro Toledo, Qvatemalanın keçmiş prezidenti Xorxe Serrano Elias, Maldiv adalarının keçmiş prezidenti Məhəmməd Vahid Həsən Maniku, Hondurasın keçmiş prezidenti Rikardo Maduro, Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni, Qananın keçmiş prezidenti (və Belçika vəliəhdi) Con Atta Mills, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, Belçikanın VII kralı Filip də var. Bundan başqa, Stenfordun məşhur məzunları arasında dünya texnologiya nəhəngləri İlon Maskın, Vilyam Reddinqton Hyulettin, Devid Pakkardın, Larri Peycin və Sergey Brinin adlarını da görmək olar.