26 IYUN - AZƏRBAYCAN RESPUBLIKASI SILAHLI QÜVVƏLƏRI GÜNÜDÜR 

Tariximizin ən böyük zəfəri, heç şübhəsiz ki, 2020-ci ilin 10 noyabrında qəddar, qəddar olduğu qədər də riyakar düşmən üzərində əldə etdiyimiz parlaq qələbədir. Bu qələbə 200 ilin intiqamı idi. Biz bu qələbə ilə halal haqqımızı geri aldıq və düşmənə qolumuzun zərbini göstərdik. Son əsrlərdə mərhələ-mərhələ üstümüzə gələn və hər dəfə də bizi bir yerimizdən yaralayan düşmən qarşımızda bu qədər aciz vəziyyətə düşməmişdi. İndi erməni mütəxəssislər özləri Azərbaycan ordusunun gücündən, igidlərimizin rəşadətindən heyrətlə danışırlar. Xüsusilə də, Şuşa uğrunda gedən ölüm-qalım savaşında qayalarla dırmaşıb şəhərə daxil olan az sayda aslanlarımızın bölük-bölük ermənini necə məhv etdiyi dünya hərb tarixinin ən nadir səhifələrindən biridir.

Bəli, bu gün qürur yerimiz olan Silahlı Qüvvələrimizin şərəfli tarixi var. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmənlərini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan Korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi və Azərbaycan Respublikasının 1894- 1899-cu illərdə anadan olmuş bütün müsəlman kişi vətəndaşları orduya çağırıldı.

Həmin dövrdə də Fransa, Rusiya kimi havadarlarından hər cür dəstək alan erməni hərbi birlikləri bütün cəbhə boyu Azərbaycana qarşı hücuma keçmişdilər. Azərbaycan hökuməti tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə onun müavini təyin edildi.

Geostrateji mövqeyinə görə böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda ilk hərbi parad 1919- cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda böyük şücaət göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi generalları var idi.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edildi, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən Nargin adasında güllələndi. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi.

1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi və bu tarix Ordu günü kimi qəbul olundu.

Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas vəzifə Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu.

Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev, hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan kimi bütün diqqətini ordunun inkişafına yönəltdi. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, oktyabrın 9-nu Ordu günü elan edən fərman qüvvədən düşürüldü və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz həm inkişaf, həm də təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş əraziləri düşməndən azad etməyə də, ölkənin ərazi bütövlüyünü qorumağa da qadirdir.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru Qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində də Azərbaycan, hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Qardaş Türkiyə Respublikasında xalq öz ordusuna Peyğəmbər ocağı, əsgərinə isə Mehmetcik deyir. Bu, orduya olan ehtiramın, sevginin ən bariz ifadəsidir. Haqq yolunda vuruşan hər ordu sevilməyə layiqdir. Biz, bizə zəfər sevincini yaşadan, düşmənləri torpaqlarımızdan qovan, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı yenidən öz sahiblərinə qaytaran 44 günlük Vətən müharibəsində 3 minə yaxın şəhid vermiş ordumuza Anadoluda olduğu kimi Peyğəmbər ocağı gözü ilə baxmalı, onun hər bir fərdinə sevgi, ehtiram göstərməliyik. 26 iyun hər kəsdən əvvəl bu yurdun azadlığı, bu xalqın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizə sevgi, sayğı, ehtiram günüdür. Son müharibədə 3 min şəhid verdik, ancaq o şəhid və qazilərin qəhrəmanlığı nəticəsində düşməni diz çökdürdük. Rəsmi sənədlərə görə, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr günüdür, ancaq bu gün özünü bu xalqın bir fərdi, bu ölkənin bir vətəndaşı sayan, torpaqlarımızın bütövlüyünü, dövlətimizin müstəqilliyini istəyən hər kəsin bayramıdır. 26 iyun bizim qürur günümüzdür, şərəf günümüzdür, qeyrət günümüzdür, zəfər günümüzdür.

Ordu günümüz mübarək olsun! Allah ordumuza haqlı savaşında həmişə zəfər nəsib etsin!