Hər kəs razılaşar ki, müasir dünyamızı banklarsız təsəvvür etmək mümkün deyil. Klassik mənada pul alıb-satan müəssisələr olaraq qəbul edilən banklar hazırda onlarla xidmətlər təqdim edirlər. Sürətli pul köçürmələr, müxtəlif təyinatlı plastik kartlar bu gün insanların ən çox istifadə etdiyi bank xidmətləri arasında yer almaqdadır. Lakin qeyd etdiyimiz kimi, bankların fəaliyyətinin əsasında məhz pul alqı-satqısı dayanır. Bu səbəbdən bankların tarixi də pulların tarixi ilə üst-üstə düşür desək, yəqin ki, yanılmarıq.
Dini məbədlər dünyanın ilk bankları idi
Eramızdan əvvəl - Roma İmperiyası dövründə dini məbədlər pulları və digər qiymətli əşyaları saxlamaq üçün ən etibarlı yerlər hesab olunurdu. İnsanlar qiymətli əşyalarını təhlükələrdən qorumaq üçün məbədlərə təhvil verirdilər. Nəticədə, bir müddətdən sonra məbədlərdə böyük miqdarda qiymətli əşyalar və qiymətli metallardan hazırlanan pullar toplanmağa başladı.
Məbədlər də gəlir əldə etmək üçün ehtiyacı olanlara borc verməyə başladılar. Eramızdan əvvəl V əsrdə Afina Məbədi hətta, dövlətə belə borc verirdi.
Müasir bank sistemi
Müasir bankçılıq 1157-ci ildə dövlətin zəmanəti ilə İtaliyada Venesiya Mərkəzi Bankının yaradılması ilə başladı. Bu bank Avropada qurulan ilk milli bankdır. 1797-ci ildə Fransız istilası zamanı bank bağlandı.
Orta əsrlərdə kənd həyatından şəhər həyatına axının başlanması ilə bank fəaliyyəti də inkişaf etməyə başladı. Xüsusilə, Səlib yürüşləri zamanı orduların ehtiyaclarını ödəmək üçün böyük pul köçürmələri həyata keçirilməyə başladı. Səlib yürüşləri Qərbi Avropada bank işinin canlanmasına səbəb oldu. XII əsrdən başlayaraq Şərqi Avropa ölkələri ilə ticarət əlaqələri inkişaf etməyə başladı. İnsanlar ticarəti asanlıqla həyata keçirmək üçün pul əməliyyatlarında vasitəçilik edəcək etibarlı qurumlara ehtiyac duymağa başladılar.
Orta əsrlərdə Florensiya, Venesiya və Genuya varlıların yaşadığı şəhərlər idi. Bu şəhərlər bank sistemi tarixində mühüm yerlər tuturdular. 14-cü əsrdə Florensiyada bank işi təkmilləşmiş və Avropanın bir çox yerlərində filiallar açılmışdı.
Ən məşhur italyan bankı 1397-ci ildə Covanni Mediçi tərəfindən qurulan "Mediçi bankı" idi. 1327-ci ilə qədər fəaliyyət göstərən "Avignon"un 43 bank şöbəsi var idi. Hələ də mövcud olan ən qədim bank, İtaliyanın Siena şəhərində yerləşən və 1472-ci ildən bəri fəaliyyət göstərən "Banca Monte dei Paschi di Siena"dır.
Bank sözü italyan dilində masa və ya dəzgah mənasını verən "banco" sözündən gəlir. Pul mübadiləsi və kredit müqavilələri, ümumiyyətlə, böyük bir tacirin masasının (dəzgahının) qarşısında bağlanırdı. XII əsrdə pul alveri edən bu insanlara "banchiero" (bankirlər) deyilirdi.
Yəhudilərə İtaliyada torpaq sahibi olmaq qadağan olundu, buna görə əkinçilikdən çox ticarətə üz tutdular. Qazandıqları pul sayəsində öz banklarını qurdular. İslamın və Xristianlığın haram olaraq faizi qadağan etməsi, kredit bankçılığının inkişafında əhəmiyyətli bir maneə olaraq ortaya çıxdı. Bu səbəbdən yəhudilər banklarda və bank sistemində üstünlük əldə etdilər. Yəhudi tacirlər həm maliyyələşdirmə (kredit), həm də sığorta ilə məşğul olmağa başladılar.
XVI-XVII əsrlərin sonlarında əmanətlər, pul toplama, pul mübadiləsi və pul köçürməsi kimi ənənəvi bank funksiyaları ticarətdə qızıl və gümüş sikkələrin istifadəsini əvəz etdi.
Kağız pul və ya əskinas
O dövrdə varlı tacirlər qızıllarını bir qeyd kağızı müqabilində zərgərlərə saxlamaq üçün təhvil verməyə başladılar. Qiymətli metalların hər bir vahidi müqabilində zərgərlər saxladıqları miqdarı və təmizliyini sənədləşdirən qəbzlər verdilər. Zərgərlər əmanətçi adından başqalarına pul borc verməyə başladılar. Bu, müasir bankçılığın inkişafına səbəb oldu. Banknot, yəni kağız pul dövrü başladı.
Standart banknotlardan istifadə edən ilk bank 1695-ci ildə qurulan İngiltərə Bankı oldu. 1745-ci ildə 20 ilə 1 000 funt-sterlinq arasında dəyişən, lakin qəbul edən və ödəyən bank tərəfindən imzalanan standart banknotlardan istifadə olunmağa başlandı. Kreditor və kassirin imzası tələb olunmayan, tam çap olunmuş əskinaslar ilk dəfə 1855-ci ildə meydana çıxdı.
İki mühacir ailə - Rotşild və Barinq XVIII əsrin sonlarında Londonda bank qurdular və növbəti əsrlərdə dünya bankçılığına hakim oldular.
Mərkəzi Bank Sistemi
XIX əsrin ortalarına qədər banklar öz əskinaslarını buraxmağa davam etdilər. 1844-cü il Bankçılıq Qanununun qüvvəyə minməsi ilə yeni banknot buraxma səlahiyyəti İngiltərə Bankı ilə məhdudlaşdı. XIX əsrdə bir çox Avropa ölkəsində mərkəzi banklar quruldu. 1935-ci ilə qədər mərkəzi bankı olmayan yeganə böyük müstəqil ölkə Braziliya idi. 1945-ci ildə mərkəzi bankların qurulmasından iyirmi il sonra Braziliya da Mərkəzi Bank qurdu.
1944-cü ildə "Bretton Woods" sisteminin tətbiqi ilə Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı adlı iki təşkilat quruldu. Bu iki qurum dövlətlərə borc verməyə başladı.
Bankçılıq texnologiyası
XX əsrdə telekommunikasiya və hesablama sistemlərindəki inkişaf bankların fəaliyyətində böyük dəyişikliklər yaratdı. Bankların coğrafi nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. 1960-cı illərdə ilk bankomatlar ortaya çıxdı. Banklar ofis işçilərindən yeni avtomatik sistemlərə keçməyə başladılar. Əl proseslərinin əksəriyyətinin avtomatlaşdırılması üçün kompüter texnologiyalarına böyük sərmayələr qoymağa başladılar. 1970-ci illərdə həm beynəlxalq, həm də milli ödənişlər üçün elektron ödəmə sistemlərinə yol açacaq ilk ödəmə sistemləri inkişaf etməyə başladı.
Azərbaycanda ilk banklar
Rusiya Dövlət Bankı 1860-cı ildə fəaliyyətə başladı və bundan bir il sonra da bankın Bakı bölməsi yaradıldı. Beləliklə, Azərbaycan ərazisində ilk bank 1861-ci ildə yaradılan Rusiya Dövlət Bankının Bakı bölməsi oldu. Neft sənayesinin kreditləşməsi məqsədilə 1868-ci ildə Sankt-Peterburq Beynəlxalq Kommersiya Bankının Bakı filialı, 1870-ci ildə "Voljsk-Kams" Kommersiya Bankının Bakı filialı, 1871-ci ildə isə Rusiya Xarici Ticarət Kommersiya Bankının Bakı filialı fəaliyyətə başladı. Bundan sonra Rusiya banklarının Bakıda çoxlu sayda bölmələri açıldı.
İlk milli bankımız
1914-cü ildə Bakıda neft milyonçuları Hacı Zeynalabidin Tağıyev və Musa Nağıyev 3 milyon rubl məbləğində əsas kapitalı olan "Bakı Tacir Bankı"nı açdılar. Bankın Şurasına milli kapitalın nümayəndələrindən H. Z. Tağıyev (şuranın sədri), Ş. Əsədullayev, A. Əhmədov, S. Z. Tağıyev, A. Q. Tağıyev, idarə heyətinin üzvlüyünə M. Nağıyev (idarə heyətinin sədri), F. B. Rüstəmbəyov, təftiş komissiyasının tərkibinə Ə. Ə. Kərimov, M. Ə. Miriyev daxil oldular. Bank təsisçilərinin başlıca məqsədi sənaye və ticarət müəssisələrinin geniş məbləğdə maliyyələşdirilməsi, ilk növbədə Azərbaycan sahibkarlarına kömək göstərilməsi idi. "Bakı Tacir Bankı"nın açılması və fəaliyyəti Azərbaycanda kredit sisteminin inkişafında milli kapitalın iştirakının genişlənməsinə şərait yaratdı.
1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan etdi və müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılan "Bakı bonları" ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. 1919-cu il mart ayının 7-də Azərbaycan Respublikası hökuməti Azərbaycan Dövlət Bankının (Mərkəzi Bankın) təşkil edilməsi haqqqında qərar qəbul etdi. Həmin il sentyabr ayının 16-da Azərbaycan Parlamenti Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və həmin gündən etibarən fəaliyyətə başladı. 1920-ci il 28 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra yeni dövlət quruluşu olan Azərbaycan Sovet Sosialist Respublikasının Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı. 1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi yaradıldı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə "suveren" respublika kimi daxil oldu. Həmin ildən 1991-ci ilin sonlarına kimi mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərdi.
Müstəqil Azərbaycanın Milli Bankı
Azərbaycan Prezidentinin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradıldı. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir. 1992-ci ilin avqust ayının 15-də Azərbaycanın milli valyutası - manat dövriyyəyə buraxıldı. 1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olundu.
Allahverdi Cəfərov