"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim".
Bu cümlələr Milli Qəhrəman Mübariz İbrahimovun ermənilərlə döyüşə girməzdən əvvəl valideynlərinə yazdığı məktubdandır. O, düşmənin tez-tez təxribata əl atmalarına, atəşkəsi pozaraq fitnə törətmələrinə cavab olaraq, təkbaşına ermənilərə hücum edir. Çox sayda düşmən hərbçisini məhv edir və sonra da şəhid olur. Həmin hadisədən artıq 12 il ötür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbinə gedir və 2005-ci ildə orta təhsilini başa vuraraq hərbi xidmətə yollanır. Hərbi xidmətini Daxili Qoşunların Xüsusi Təyinatlı Bölüyündə keçir. Və 2007-ci ildə hərbi xidmətini çavuş kimi başa vurur. Sonra bir müddət başqa işlərdə işləməyə başlayır. Ancaq Vətən sevgisi hər şeydən üstün gəlir və 2009-cu ilin avqust ayında gizir rütbəsi ilə yenidən ordu sıralarına qayıdır.
18 iyun, 2010-cu il, gecə saat 23:30...
Ermənilərin təxribatları artmışdı. Düşmən atəşkəsi pozmağa, cəbhədə fəsadlar törətməyə başlamışdı. Bu, əslində, uzun müddətdir davam edirdi. Bütün bu hücumları görən Mübariz İbrahimov təkbaşına düşmənə cavab vermək qərarına gəlir və gecə saat 23:30 radələrində silah-sursat götürüb 1 kilometrlik minalanmış neytral zonanı keçir. Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgər və zabitini məhv edir. Ancaq geri qayıtmır, irəliləməyə başlayır. Bəzi məlumatlara görə, hücumdan vahiməyə düşən ermənilər həmin istiqamətə çox sayda dəstək göndərirlər. Erməni hərbçilərini daşıyan həmin avtomobillərdən birini Mübariz qumbaraatanla vura bilir. Sonra isə ermənilərin öz silahlarını onlara qarşı istifadə edərək, 5 saata yaxın onlarla döyüşür. Mübariz düşməni ağır itkilərə məruz qoyur və onların zəif cinahlarını üzə çıxarır. Səhərə yaxın saatlarda isə şəhid olur.
Həmin gün səhər saatlarında ölkədə qəribə bir ab-hava var idi. Hələ heç kim nə olduğunu tam bilmirdi. Komandirləri səhər saat 5-6 radələrində atası Ağakərim İbrahimova zəng vurur və: "Oğlunuz çoxlu silah götürüb və ərazidən uzaqlaşıb, hara getdiyini bilirsiniz?" - deyə soruşurlar. Atası isə: "Mən oğlumu tanıyıram, sərhəd tərəfə gedin", - deyə cavab verir. Bir neçə saatdan sonra Mübarizin məktubu tapılır və bundan sonra artıq hər şey məlum olur.
Ermənistanda isə qarışıqlıq başlayır. Uzun müddət Mübarizin cəsədini təhvil vermirlər. 141 gün sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı danışıqlar nəticəsində Mübariz İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Azərbaycana təhvil verilir. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilir.
2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Mübarizlə vida mərasimi keçirilir. Həmin mərasimdə Prezident İlham Əliyev də iştirak edir və onunla bağlı çıxış edir. Sonra Mübariz İbrahimov İkinci Fəxri Xiyabanda dəfn olunur.
Elə həmin ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Prezidentin başqa bir sərəncamı ilə isə Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonunda orta məktəblərdən və küçələrdən birinə onun adının verilməsi qərara alınır. Hazırda Biləsuvar rayonunda bir məktəb-lisey kompleski və bir küçə onun adını daşıyır. Mübariz İbrahimovun şəhid olduğu post da onun adınadır.