Kriptoqrafiya yunan dilindəki Κρυπτός (gizli) və Γραφος (yazı) sözlərinin birləşməsindən meydana gəlir və hər hansı bir informasiyanın konfidensiallığını (və ya başqa sözlə, məxfiliyini) təmin etmək üçün istifadə olunur. Kriptoqrafiya məlumatın şifrlənməsini nəzərdə tutur. Şifrlənmiş məlumat yalnız açıq mətni oxumaq hüququ olan istifadəçi tərəfindən deşifrlənə bilər. Şifrləmə məlumatın təhlükəsizliyinə tam zəmanət vermir, amma onun icazəsiz istifadəsini dəfələrlə məhdudlaşdırır. Bu mətni deşifrləyib oxumaq üçün açar sözünü və şifrləmə alqoritmini bilmək lazımdır. Şifrlənəcək mətn açıq mətn adlanır, bu mətn şifrləmə açarından istifadə etməklə şifrləmə alqoritmi vasitəsilə şifrlənir.
İlk kriptoqrafik yazılar eranın əvvəlində meydana çıxmışdır. Qədim Misir əlyazmalarında dini mətnlər və tibbi reseptlər qeyri-standart heroqliflərlə şifrlənirdi. Çinli alim Sun Tzu "Hərb sənəti" kitabında kəşfiyyat və əks-kəşfiyyatın əsas prinsiplərini, həmçinin şifrlənmiş məlumatların işlənməsi və qorunması metodlarını formalaşdırırdı. Roma imperatoru Yuli Sezar da öz yazışmalarında indi onun adını daşıyan "Sezar şifri"ndən istifadə edirdi. Müasir latın əlifbasına tətbiq etdikdə bu şifr aşağıdakından ibarət idi - əvvəlcə adi əlifba yazılırdı, sonra onun altına üç hərf sola sürüşdürülmüş eyni əlifba əlavə edilirdi:
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ DEFGHIJKLMNOPQRSTUVWXYZABC
Beləliklə, şifrləmə zamanı A hərfi D hərfi ilə, B hərfi E hərfi ilə və s. əvəz olunurdu. Məsələn, VENI VIDI VICI (gəldim, gördüm, qələbə çaldım) sətri şifrləmə zamanı YHQL YLGL YLFL sətrinə çevrilirdi. Şifrlənmiş məlumatı alan şəxs hərfləri ikinci sətirdə axtarırdı və onların üstündəki hərflərə görə əsas mətni bərpa edirdi.
Birinci Dünya müharibəsi dövründə kriptoqrafiya artıq qəbul edilmiş bir döyüş vasitəsinə çevrildi. Belə ki, alman səfiri Artur Zimmermanın teleqramının ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilməsi ABŞ-ın müttəfiqlərin tərəfində müharibəyə girməsinə səbəb oldu. İkinci Dünya müharibəsində isə kriptoqrafiya kompüter sistemlərinin inkişafı üçün bir növ katalizator oldu. İstifadə olunan şifrlər (almanlarda "Enigma", ingilislərdə "Turing Bombe") kriptoqrafiyanın həyati əhəmiyyətini açıq şəkildə ortaya qoydu.
İnternetin inkişafı isə kriptoqrafiyanı yeni səviyyəyə qaldırdı. Kriptoqrafik metodlar elektron ticarət əməliyyatlarında, telekommunikasiya və digər sahələrdə geniş istifadə olunmağa başladı. Bunlar arasında ən çox populyarlıq qazanan isə 2009-cu ildə Satoşi Nakomoto tərəfindən yaradılan kriptovalyuta - bitkoin oldu.
Kriptoqrafiyada şifrləmənin 2 əsas üsulu var: simmetrik və asimmetrik. Simmetrik şifrləmə üsulunda eyni açar (gizli açar) həm məlumatı şifrləmək, həm də deşifrləmək üçün istifadə olunur. Asimmetrik şifrləmə üsulunda isə iki açardan istifadə olunur. Onlardan biri açıq açar şifrləmə üçün istifadə olunur, digəri gizli açar isə deşifrləmə üçün istifadə olunur. Rəqəmsal imza alqoritmlərində isə gizli açar şifrləmə, açıq açar deşifrləmə üçün istifadə edilir. Çünki açıq açara görə uyğun gizli açarın tapılması çox böyük həcmdə hesablamalar tələb edir. Hesablama texnikasının hazırkı inkişaf səviyyəsində isə bu məsələ qeyri-mümkün hesab olunur.