Fraza jurnalı 
 

Qədim zamanlarda Bəsrə şəhərində bir adam var idi. Yeganə arzusu oğlunu bir alim kimi görmək idi. Buna görə də, bütün var-dövlətini oğlunun elminə sərf etdi. Oğlu böyük bir şəhərə getdi və orada böyük bir alimdən dərs aldı. Artıq qayıtmaq vaxti çatmışdı. Adam oğlunu qapıda gözləyirdi. Oğlu atasının qarşısında dayandı və hörmətlə atasının əlini öpdü. Oğlunun gözlərinin içinə baxan adam məyus oldu. Ancaq bunu oğluna bildirmədi. Və çox sakit bir səslə:

- De görüm, nə öyrəndin, oğlum? - deyə soruşdu.

- Öyrənmək mümkün olan hər şeyi öyrəndim, ata! - deyə oğlu cavab verdi.

- Bəs, öyrənmək mümkün olmayan şeyləri necə, öyrəndin?

Oğlan atasının nə demək istədiyini başa düşmədi. Ona görə də, istər-istəməz:

- Yox, ata! - dedi.

Atası:

- Elə isə get və öyrənmək mümkün olmayan şeyləri öyrən.

Oğlan yenidən müəlliminin yanına qayıtdı və ondan öyrənmək mümkün olmayan şeyləri öyrətməyi xahiş etdi. Müəllimi

- Bu dörd yüz qoyunu götür və dağlara get! - dedi.

Və sonra da:

- Sayları minə çatanda qayıdarsan, - deyə əlavə etdi.

Oğlan dağlara çıxaraq, çoban oldu. Həyatında ilk dəfə səssizliklə qarşılaşırdı. Yanında danışmağa heç kim yox idi. Qoyunlar da onun dilini başa düşmürdülər. Çarəsiz qalanda yanındakı heyvanlarla danışırdı, ancaq onlar ona boş gözlərlə baxırdılar. Çobanlıq etdiyi bu müddət ərzində bütün elmini, biliyini (hətta mənliyini, qürurunu da) arxada buraxdı və yanındakı qoyunlar kimi səssizləşdi. Sonra da üzərinə dərin bir hikmət gəldi. İki ildən sonra artıq qoyunlarının sayı minə çatmışdı. Qoyunlarının sayı minə çatan kimi o, müəlliminin yanına qayıtdı. Müəllimi diqqətlə tələbəsinin gözlərinin içinə baxdı və sonra da:

- Hə, indi öyrənmək mümkün olmayan şeyləri öyrəndin. Artıq atanın yanına qayıda bilərsən, - dedi.