Yusif Zayıdov 
 

İstanbulun hər addımı tarixdir. Xüsusilə də, Avropa yaxası... Budəfəki istiqamətimiz Avropa yaxasının məşhur ilçəsi (rayonu) Karaköyə oldu. Elə isə səyahətimizə başlayaq...

Dənizdən şəhərə açılan mənzərədə diqqətimizi çəkən ilk səhnə köhnəlmiş, bəlkə də, ömrünü başa vurmuş, amma hələ də istifadə edilən binalar oldu. Karaköy İstanbulun Bəyoğlu ilçəsində (rayonunda) bir məhəllədir. Əvvəllər bura Qalata Mahalı adlandırılıb. Rayon Haliçin girişində yerləşir. Tarixi qədim olan rayon elə tarix boyu liman və ticarət mərkəzi kimi tanınıb. 19-cu əsrin son rübündə Osmanlı İmperiyasının maliyyə mərkəzinə çevrilib. Bu gün də Karaköy mühüm ticarət və nəqliyyat mərkəzidir. Buralar ta 19- cu əsrdən banklar, sığorta şirkətləri və ofislərin yerləşdiyi mərkəz olub. Adətimizə sadiq qalaraq bu rayonun da tarixi yerlərinın kiçik bir qismindən danışacağıq.

Karaköy iskələsi (limanı)

Karaköy limanı 1984-cü ildə inşa edilib. Tikilən dayaqlardan biri uçulub, biri də yanğında yanıb. Sonuncu dəfə isə 2008-ci ildə su altında qalıb. Amma bunlara baxmayaraq liman yenidən inşa edilib. Əsas məqsəd insanların dəniz nəqliyyatından rahat şəkildə istifadə etməsidir.

Dəniz Ticarəti Muzeyi

Türk dəniz nəqliyyatının keçmişdən bu günə qədər dəyişiklik və inkişafını göstərən Dəniz Ticarəti Muzeyi Rıhtım prospektində yerləşir. 1995-ci ildə qurulan muzey Dəniz Ticarəti Tarix və Sənət Mərkəzi Muzeyı kımı də məlumdur. Muzeyin yerləşdiyi bina 1912-1914-cü illər arasında tikilmiş tarixi binadır. Dəniz Ticarəti Muzeyində Atatürkün gəmi gündəliyində çəkdiyi rəsmlər, maketlər, əlyazmalar, həmçinin, kompaslar, fənərlər və teleqraflar nümayiş olunur.

Osmanlı Bankı Muzeyi

Bank-ı Osmani-i Şahanə adı ilə qurulan Osmanlı Bankı 1863-cü ildə inşa edilib. Uzun illər Osmanlı İmperatorluğunun rəsmi bankı kimi istifadə edilib və bu gün muzey kimi fəaliyyət göstərir. Karaköydə İstanbul Saint Pierre Kilsəsi, Aşkenazi Sinaqoqu və İstanbul Müasir İncəsənət Muzeyi də rayonun ən çox ziyarət edilən yerləri arasındadır.

Yeraltı Məscid

Yeraltı Məscid Tiberios dövründə məbəd kimi inşa edilib. Ərəb ordularının İstanbulu almaq üçün 7 il mübarizə apardığı və ölən əsgərlərini bu məbəddə dəfn etdiyi deyilir. Məsciddə dəfn olunan bir səhabənin məzarı türklər tərəfindən barmaqlıqlarla əhatə olunur.

Nüsrətiyyə Məscidi

Nüsrətiyyə Məscidi Bəyoğlunun tarixi binalarından biridir. Nüsrətiyyə Məscidinin tikildiyi yerdə III Səlimin tikdirdiyi Arabaçılar Qışlası olub. Firuzağa yanğınında yanan kazarma əvəzinə 1823-1826-cı illər arasında II Mahmud tərəfindən Nüsrətiyyə Məscidi tikilib.

Topxanə

Topxanə Kabataş istiqamətində dəniz sahilində yerləşir. Burada məşhur Topxaneyi Əmirə binası, Topxanə çeşməsi, Kılıç Əli Paşa Məscidi də var. Qalata Qülləsi Nəhayət, bölgənin və İstanbulun ən məşhur simvollarından biri...

Qalata Qülləsi...

O, insanlar tərəfindən cadugər papağı taxan fantastik görünüşlü konusvari zirvə kimi xarakterizə edilir. 6-cı əsrdən Genuya dövrünə qədər uzanan tarixi keçmişə malik qüllə 72 metr hündürlüyündədir. Qalata Qülləsindən İstanbulun 360 dərəcə panoram mənzərəsini seyr etmək mümkündür. Növbəti istiqamət Qalata Qüllqəsindən İstiqlal Caddəsinə doğrudur...