Fraza jurnalı 
 

1993-cü ilin mart ayında Cənubi Afrikalı fotomüxbir Kevin Karter Sudanda vətəndaş müharibəsinin gətirdiyi aclığı çəkmək üçün bu ölkəyə getdi. O, ilk şəkillərini Ayod adlı bir kənddə çəkdi. Mənzərə, həqiqətən də, çox dəhşətli idi. Hər saatda orta hesabla 20 adam aclıqdan ölürdü. Kevin Karter şəkil çəkəndə birdən bir kolluğun dibində yatan balaca bir qız gördü. Qarnı kürəyinə yapışan bu balaca qız ölümünü gözləyirdi. Bu, əlbəttə ki, bir fotomüxbir üçün qeyri-adi bir fürsət idi. Qızın şəklini çəkmək istəyirdi ki, beş metr aralıya bir kərkəs qondu. Karter daha təsirli bir kadr almaq üçün 20 dəqiqə kərkəsin qanadlarını açmasını gözlədi. Ancaq nə qədər gözləsə də, kərkəs qanadlarını açmadı. Nəhayət, Karter balaca qızı kərkəslə eyni kadrda çəkdi. Şəkli çəkəndən sonra isə Karter kərkəsi qovdu. Sonra Karter bir ağacın altında oturdu və göz yaşları ilə ağlamağa başladı. Çünki gözünün qarşısına balaca qızı Meqan gəlmişdi.

Bir neçə gün sonra Karter ölkəsinə qayıtdı. Çəkdiyi şəkil "Nyu York Tayms" qəzetinin 26 mart 1993-cü il cümə sayında çıxdı. Şəkil qəzetdə çıxan kimi çox böyük əks-sədaya səbəb oldu və Afrikanın çəkdiyi acıların simvoluna çevrildi. Dünyada az qala bütün qəzetlər bir-birinin ardınca bu şəkli dərc etdi. Bir tərəfdən də "Nyu York Tayms" qəzetinə gələn zənglərin ardı-arası kəsilmirdi. Zəng edənlərin hamısı təkidlə kərkəsin yanındakı balaca qızın sonrakı taleyini soruşurdu. Kevin Karter isə bu şəklə görə, bütün dünyada məşhur oldu, hətta məşhur Pulitser Mükafatını da aldı. Bəs sonra?.. Sonra Karter çarəsiz qızı orada köməksiz qoyduğu üçün vicdan əzabından öldü. Üstəlik, Karter öləndə onunla bu hadisə arasında cəmi ikicə ay var idi. Ölümündən əvvəl isə Karter bir dostuna öz səhvini etiraf etmiş və balaca qızı yaxınlıqdakı yardım düşərgəsinə aparmadığı üçün özünü bağışlaya bilmədiyini demişdi.