Boy-buxun desən, onda; gözəllik, yaraşıq desən onda; əsalət, nəzakət desən, yenə onda, bircə dəfə onu görmək üçün qızlar saatlarla küçəyə boylanar, ardınca baxıb köks ötürərdilər. Nə bir dərdi, nə bir sıxıntısı vardı. Dünyada xoşbəxt ola bilmək nə idisə, onun zirvəsini yaşayırdı. Bir gün bir sevdaya qapıldı və bu dünyada zövq dediyin, ləzzət dediyin, gözəllik dediyin hər şeyi həyatından çıxarıb atdı. Sevdasının əsiri, könüllü köləsi oldu. Diyar-diyar dolaşdı, o sevdanın, o həqiqətin uğrunda. Savaş başladı və o sevdanın rəngini, ətrini, rəmzini daşıyan bayraq ona əmanət edildi. Bir əlində bayrağı vardı, bir əlində qılıncı, bayrağı qılıncından uca tuturdu. Sağ qolu qılıncla vuruldu, bayraq düşməsin deyə sol əlinə aldı, sol qolu da vurulunca ana balasını bağrına basırmış kimi biçilmiş qolları ilə bayrağı köksünə sıxdı, köksünə nizə saplandı, yerə çökdü və bayrağı dizləri arasında tutdu. Şəhid oldu, bayraq bir başqa qardaşının əlində yenidən ucaldı...
Midhat Camal Kuntay bayraq - vətən bağlılığını belə ifadə edir:
"Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vatandır".
Bayrağın rəngi nə olur-olsun, mahiyyətində, mənasında qan var. Qan nədir? - Mən bu yolda ölərəm, amma dönmərəm deməkdir. Şair də bu iki misrada elə bu həqiqəti təkrarsız bir ustalıqla, həm də bu qədər sadə və rəvan bir dildə çatdırır oxucusuna.
Bayrağın dəyəri onun daşıdığı mənada və uğrunda canından keçən həqiqət yolçularının qanına boyanmasındadır. Hansısa coğrafi məkanın Vətən mərtəbəsinə ucalması isə o torpaqda boy atan oğulların o torpaq üçün haqq davasına könül verməsi, ömür verməsi ilə mümkündür. Vətən varsa, bayraq var, vətən yoxsa, bayraq - qonmağa yeri olmayan quş kimidir.
Vətən nədir? - Sənin sahib olduğun əxlaqın, dəyərlərin hər hansı maneə olmadan yaşandığı, hakim olduğu məkan. Sən buradan göz açmısan dünyaya, ilk dəfə ana laylasını burada eşitmisən. Suların şırıltısını da, yarpaqların pıçıltısını da, quşların səsini də, şimşəyin şaqqıltısını da...
Bayraq dediyin təkcə üç rəng deyil, ana laylasından başlamış gözlərinə töküləcək bir ovuc torpağa qədər hər şeydir. Bayraq sənin milli varlığının pasportudur, dünya xalqları cərgəsində sənin imzandır. Abbas Səhhət demişkən:
"Vətən - əcdadımızın mədfənidir,
Vətən - övladımızın məskənidir".
Vətən ata-babalarımızın üz qoyduğu torpaqdır. Vətən gələcək nəsillərimizin göz açacağı ünvandır.
Milli varlığımızın işğal altında olduğu illərdə müstəqillik eşqi ilə alışıb yanan nakam şairimiz Məhəmməd Hadi belə yazırdı:
"İmzasını qoymuş miləl imzasını övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində".
Məhəmməd Hadinin nəzərdə tutduğu o "imza" elə bayraqdan başqa bir şey deyildi. Çünki bayraq varsa, demək azadsan, milli atributun var, dünya dövlətləri arasında yerin var. 1991-ci ildə SSRİ adlı xalqlar məhbəsi dağılanda və biz müstəqilliyimizi dünyaya elan edəndə ən çox yazılan, xatırlanan şeir parçalarından biri, bəlkə də birincisi elə Hadinin bu iki misrası idi və hər kəs də ikinci misranın başındakı "yox"un yerinə "var" deyirdi.
Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin "Çağımızın Səyavuşu" əsərində üzünü gəncliyə tutaraq söylədikləri bu gün də öz əhəmiyyətini itirməyib:
"Ey gənclik!
Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, on min müşkülatla ucaldaraq dedi ki:
Bir kərə yüksələn bayraq bir da enməz!
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda
- Ya qazi və ya şəhid olacaqsan!"
Bayraq and yeridir, rəhbərlər bayraq önündə diz çökər, onu öpər və and içərlər. Bir ölkənin ən uca yerinə onun bayrağı asılar.
Bayraq - kəfəndir, Vətən uğrunda canından keçənin tabutunu bayrağa büküb son mənzilə yola salarlar.
Arif Nihat Asya məşhur "Bayraq" şeirində "Qız qardaşımın gəlinliyi, şəhidimin son örtüsü" deyir. Şair üçün bayraq bir ulusun namusu dəyərindədir.
NATO orduları sıralarında təlim keçən bir erməni zabiti bayrağımızı təhqir etmək xəyalına düşdü və bu ədəbsizliyinin əvəzini canı ilə ödədi. Bayrağın milli heysiyyat, namus mənası bizim üçündür, erməni kimi qaniçən, qəsbkar, yaltaq bunun nə olduğunu anlamaz.
Vətən mövzusu, bayraq sevgisi həm də tale məsələsi, İlahi seçimdir. Yəni, sən seçmirsən, sən seçilirsən, dünyaya göz açırsan, bir qədər böyüyürsən, ağlın kəsməyə başlayır, ağacı, otu, çayı, dənizi, buludu, dağı, dərəni sevirsən, adamların təbəssümü, nəvazişi ilə sevinirsən, hara getsən, harada olsan, o torpaq, o yerlər üçün darıxırsan, o insanların çöhrəsi gözlərin önündən çəkilmir.
Səni o ünvana, o insanlara, o torpağa bağlayan nə varsa, hamısının bircə adı var: Vətən. Sevimli şairimiz Məmməd İsmayıl Vətən-tale mövzusunu belə şərh edir:
"Dostu bu dünyada seçib taparlar,
Dost-düşmən seçilər, Vətən seçilməz.
Qayanı yonarlar, dağı çaparlar,
Dağ-qaya kiçilər, Vətən kiçilməz".
Vətən məhəbbəti, bayraq sevgisi mənası anlaşılanda, mahiyyəti dərk ediləndə dəyərlidir. Bu üçrəngli bayraq bizim ortaq dəyərimizdir, mənəvi dəyərlərimizin rəmzidir, azadlığımızın təsdiqi, milli varlığımızın pasportudur.
Bayraq - ana südü, ana laylasıdır; meyvəsini dərdiyin ağacdır; həyətinizdə açan çiçəkdir; sevdiyin musiqidir, oxuduğun nağıldır; əcdadının məzarıdır, övladının beşiyidir; yıxılsan dayağındır, xəstələnsən məlhəmindir; öləndə kəfənindir, gömüləndə torpağındır; o bayraq sənin özünsən, sənin hər şeyindir...
Kökünü, soyunu sevməyən, insanın, insanlığın mahiyyətini bilməyən biri üçün nə Vətən anlayışının, nə də bayraq sevgisinin bir mənası var. Beləsi ilə üz-üzə oturmaq, ona nəyi isə sübut etmək çox çətin məsələdir. Amma "Vətən sevgisi imandandır" həqiqətini xatırladaraq bu sevginin, bu bağlılığın həm də İlahı seçim olduğunu, o seçimi sevməyin Allahın seçiminə hörmət olduğunu xatırlatmaq istərdik. Demək, Vətəni, o Vətənin rəmzi olan bayrağı sevmək fitri duyğudur, fitrəti pozulmamış insanın Vətəni, bayrağı sevməməsi mümkün deyil.
Nə çoxdur bir xalqın övladı kimi doğulub, başqa xalqın həyatını yaşayanlar. Bu mövzuda düşünəndə istər-istəməz dünya şöhrətli alim Lütfi Zadə yada düşür. Azərbaycanda dünyaya göz açsa da, bütün şüurlu ömrünü amerikalı kimi yaşadı. Doğma dilimizdə danışa bilmirdi, çünki fərqli bir ömrü, fərqli bir həyatı var idi. Amma vəsiyyətində Azərbaycanda, həm də dinimizin qaydalarına uyğun dəfn olunmaq istədiyini bildirdi və bu son istəyi də yerinə yetirildi. Bütün ömrünü qürbətdə yaşadı, amma öləndə bir ovuc torpaq olub Vətən torpağına qarışmaq istədi. Bu yerdə sevimli şairimiz Musa Yaqubun misraları yada düşür:
"Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil, geri qayıtsın,
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın".
Dünyada minlərlə xalqlar, etnik qruplar var, amma Millətlər Təşkilatınının qarşısında 193 dövlətin bayrağı dalğalanır. O bayraqlar içində bizim varlığımızın rəmzi, təsdiqi olan üçrəngli bayrağımız da var.
Bu gün Qarabağda Vətən müharibəsi gedir. İki əsrdən bəri başımıza müsəllət olan erməni adlı bir bəla ilə ölüm-qalım savaşı veririk. Otuz ildən artıqdır ki, bu savaş dayanmaq bilmir. Otuz ildən artıqdır ki, Azərbaycan övladları dünyanın dörd bir tərəfindən muzdla gətirilən erməni və ermənipərəst terrorçularla döyüşür.
Dünyanın gözü kor, qulağı kardır. Halbuki, kimin haqlı, kimin haqsız olduğu gün kimi ortadadır. BMT adlı marianet bir qurum ermənilərin işğal etdikləri torpaqlarımızdan çıxması üçün qeyd-şərtsiz 4 qətnamə qəbul etsə də, Ermənistan adlı terror dövləti o qətnamələri saya salmır, dünya da buna sakitcə tamaşa edir. Əgər hər şey tərsinə olsaydi, Azərbaycan ermənilərin torpaqlarını işğal etsəydi, dünya bu qədər sakit dayanardımı? Amma bütün bunlara baxmayaraq, Azərbaycan oğulları hər şeyindən keçərək, düşmənlə döyüşə gedir və döyüşlərdə böyük uğurlar qazanır. Çünki Vətən olmayandan sonra nə sən varsan, nə də bir qarış məzar yerin. Yaxasına, qoluna Azərbaycan bayrağı yapışdırıb döyüşür Azərbaycan əsgəri. Şəhid olanda bayrağımıza bürünür, qalıb gələndə bayrağımızı ən uca nöqtəyə sancır.
Bu bayraq bizim bayrağımız, bu Vətən bizim Vətənimizdir. Ölsək kəfənimizdir bu bayraq, qalsaq Vətənimiz!
Əli Çərkəzoğlu