Fraza jurnalı 
 

Temperaturu istənilən səviyyədə sabit saxlayan və bir növ temperatura nəzarət vasitəsi olan termostatlar çox müxtəlif sahələrdə istifadə olunurlar. Soyuducular, paltaryuyanlar, qabyuyanlar, su qızdırıcıları, elektrik sobaları, ütülər, radiatorlar və s. bunlardan bir neçəsidir. Bu cihazların istənilən səviyyədə soyutma, ya da isitmə funksiyasını yerinə yetirməsi termostatın düzgün işləməsindən asılıdır. Bəs bizim də orqanizmimizdə termostat olduğunu bilirdinizmi? Həm də bu termostat hər birimiz üçün fərdidir. Üstəlik, bu termostat o qədər məharətlidir ki, temperaturu yaşdan, xəstəlikdən, hərəkətdən, yuxudan və iqlimdən asılı olaraq bədən üçün ən ideal şəkildə nizamlayır.

Hipotermiya və hipertermiya

Adi bir vəziyyətdə termostatımız bir dərəcəlik fərqlə (36,5 °C-37,5 °C) işləyir. Bədən temperaturumuzun bu intervaldan aşağı və ya yuxarı olması artıq bəzi problemlər üçün siqnaldır. Temperaturun 35 dərəcədən aşağı olması hipotermiyaya səbəb olduğu halda, 39 dərəcədən yuxarı olması hipertermiyaya səbəb olur. Hipotermiya uzun müddət soyuğa məruz qalma nəticəsində bədən temperaturunun düşməsi, hipertermiya isə uzun müddət istiyə məruz qalma nəticəsində bədən temperaturunun qalxmasıdır. Titrəmə və halsızlıq hipotermiyaya, başgicəllənmə və ürəkbulanma isə hipertermiyaya xas əlamətlərdır. Uzunmüddətli hipotermiya nə qədər təhlükəlidirsə, uzunmüddətli hipertermiya da o qədər təhlükəlidir. Belə ki, bu cür hallarda insana təcili yardım göstərilməzsə, bu, ölümə belə gətirib çıxara bilər. Təbii ki, istər hipotermiyada, istərsə də hipertermiyada xəstəliklərin də rolu az deyil.

Termostatımız haradadır?

Sibir çöllərində yaşayanların da, Afrika səhralarında məskunlaşanların da bədən temperaturları normal interval çərçivəsində olur. Termorequlyasiya mərkəzi adlandırılan bu termostat beynimizin hipotalamus hissəsində çox kiçik bir yer təşkil edir. Bədən temperaturumuzu tənzimləmək vəzifəsini yerinə yetirən bu mərkəz temperaturumuz artdıqda azaldır, azaldıqda isə artırır. İki hıssədən ibarət olan bu mərkəzin ön hissəsi bədən temperaturumuzu salmaq, arxa hissəsi isə qaldırmaq funksiyasını yerinə yetirir. Mərkəzi işə salan isə dərimizdə yerləşən istilik reseptorlarıdır. Orqanizmimizdə soyuq (Krauz cisimcikləri) və isti (Ruffini cisimcikləri) olmaqla iki fərqli istilik reseptoru var. Buna görə də, ayağımızın ucundakı kiçik bir temperatur dəyişikliyi belə sinirlər yolu ilə qısa bir vaxtda mərkəzə ötürülür və nəticədə, sistem dərhal işə düşür. Bədən temperaturunu salmaq üçün tərləmə, bədən temperaturunu qaldırmaq üçün isə titrəmə mexanizmi işə düşür. Burada ən mühüm proses hipotermiya üçün qan damarlarının genişlənməsi, hipertermiya üçün isə qan damarlarının daralmasıdir.

Hər kəs üçün ayrı...

Termostatımız yuxuda olduqda və ya xəstələndikdə, həmçinin, istidə və ya soyuqda bədən temperaturumuzdan maksimum səviyyədə istifadə edə biləcək bir şəkildə proqramlaşdırılmışdır. Digər tərəfdən, burada yaş faktorunun da xüsusi yeri var. Çünki körpələrin, uşaqların, yeniyetmələrin və yaşlıların fizioloji quruluşları fərqli olduğu kimi, ehtiyac duyduqları enerji miqdarı da fərqlidir. Bundan başqa, yuxuda az, xəstələndikdə isə çox enerji lazım olur. Ancaq insanların yaşadığı iqlimdən və ya fəsildən asılı olaraq dəyişsə də, bədənin temperaturu orta hesabla 37 dərəcə qəbul edilir. Ancaq heç kimin orta bədən temperaturu həmişə eyni səviyyədə qalmır. Digər tərəfdən, bədən temperaturumuz da barmaq izimiz kimi hər birimizə xasdır. Hətta bu fərqi çox həssas cihazlarda belə görmək mümkündür. Yediyimiz (və ya içdiyimiz) şeylər, geydiyimiz paltarlar, əhvali-ruhiyyəmiz, hormonlarımız, ətraf mühit və s. kimi bir çox səbəb temperaturumuza təsir göstərir. Həmçinin, uşaqların aktivliyi ilə bağlı bədən temperaturlarındakı artım, yeniyetmələrin aktivliyi ilə bağlı bədən temperaturlarındakı artımla müqayisədə daha çoxdur. Bədənimizdə bir termal dövr var və istilik gün ərzində fərqlilik göstərir. Məsələn, səhər oyananda orta bədən temperaturumuz gün ərzindəkinə görə təqribən 0,5 dərəcə daha aşağı olur. Orta bədən temperaturumuzun ən aşağı olduğu vaxt gecənin ikinci yarısı, ən yuxarı olduğu vaxt isə saat 16:00-18:00 arasıdır. İsti havalarda soyuq havalarla müqayisədə ətraf mühitlə daha çox temperatur mübadiləmiz olur. Nəticədə, termorequlyasiya mərkəzimiz temperaturumuzu bütün bu fərqlərə görə nizamlayaraq enerjimizə qənaət edir. Bundan başqa, temperaturumuz cinsiyyətə görə də dəyişir. Belə ki, orta bədən temperaturu qadınlarda ±1,4 dərəcə fərqli olduğu halda, kişilərdə ± 1,2 dərəcə fərqlidir. Təbii ki, bunda hormonların da təsiri yox deyil.

Orqanların temperaturu

Bədənimizin bəzi orqanlarının, hətta bəzi nahiyələrinin də temperaturu fərqlidir. Məsələn, qaraciyərin orta temperaturu 41,3 dərəcə olduğu halda, dərimizin orta temperaturu 33 dərəcədir. Həmçinin, ağız içi, qoltuq altı, qulaq içi temperaturları da fərqlidir. Termorequlyasiya mərkəzi eyni zamanda hüceyrələrdə baş verən kimyəvi reaksiyaların da sürətinə təsir edir və nəticədə, hər bir orqanın optimal temperaturda işləməsınə səbəb olur. Bədənimizin ətraf mühitlə ən çox təmasda olan hissəsinin ən aşağı temperatura malik olmasının səbəblərindən biri də yenə enerji sərfini optimal səviyyədə saxlamaqdır. İki maddə arasında temperatur fərqi nə qədər çox olsa, istilikötürmə də o qədər çox olur. Odur ki, dərimizin temperaturu da orta bədən temperaturumuz qədər (yəni, 37 °C) olsaydı, daha çox temperatur itirərdik. Bu baxımdan gözümüz də xüsusi bir mexanizmə malikdir. Təqribən 90 %-i su olan gözümüz ətraf mühitlə birbaşa təmasdadır. Ancaq qütblərdə temperatur -50 °C olmasına baxmayaraq burada yaşayan insanların gözləri donmur. Çünki gözümüz kəllənin içində xüsusi bir yuvada yerləşdirilmiş, əzələ, yağ təbəqəsi və göz qapaqları ilə əhatə olunmuşdur. Digər tərəfdən, oftalmik arteriyanın davamı olan və gözümüzü bir tor kimi əhatə edən kapilyar damarlar da mütəmadi olaraq gözümüzə isti qan ötürməkdədir. Digər tərəfdən, göz yaşımızın duzlu olması da donmanın qarşısını alan amillərdən biridir.

Digər canlılarda istilik balansı

Heyvanların da bədən temperaturları onlar üçün ən ideal şəkildə proqramlaşdırılmışdır. Məsələn, adi halda kirpilərin orta bədən temperaturları 36 °C olduğu halda, qış yuxusuna getdıkdə 6 °C-yə qədər düşür. Əksər məməlilərin bədən temperaturları da 37 dərəcə ətrafındadır. Bu baxımdan, bəzi heyvanların orta bədən temperaturu aşağıdakı kimidir: - Toyuq: 42 °C - Keçi: 39,2 °C - İt: 38,9 °C - İnək: 37,9 °C - Balina: 37°C - Fil: 36,5 °C. Digər tərəfdən, heyvanlarda da yaşadıqları iqlim və şəraitə görə termal dövr mövcuddur. Məsələn, Afrikada yaşayan bir ceyran növü olan Köpgəröküz (başqa adı ilə Oriks) hərəkət etdikdə bədən temperaturu 45 dərəcəyə qədər yüksəlir. Ancaq bu, ölümcül bir temperatur olmasına baxmayaraq, ceyranın mükəmməl bir sistemlə qorunan beyni buna çox asanlıqla dözür. Bunun əsas səbəbi isə ceyranın beyninin alt hıssəsində yerləşən xüsusi damar sistemidir.