Böyük bir universitetin son imtahan günü idi. Universitet binasının pilləkənlərində toplaşan gənclər bir neçə dəqiqə sonra başlayacaq imtahandan danışırdılar. Demək olar ki, tələbələr arasında özünə inanmayan yox idi. Bu son imtahandan sonra diplomlarını alacaq və müstəqil həyata qədəm qoyacaqdılar. Hətta bir çoxları elə indidən iş tapdıqlarını deyirdilər. Qarşıdakı imtahandan isə uğurla çıxacaqlarına inanırdılar. Üstəlik, professor onlara imtahan zalına istədikləri kitabları və qeydləri gətirə biləcəklərini də demişdi. Onun tələbələrdən yeganə tələbi isə, sadəcə olaraq, imtahanda bir-biriləri ilə danışmamaları idi. Tələbələr imtahan zalına daxil olanda hamısının üzündə bir sevinc var idi. Professor kağızları paylayanda isə bu sevinc daha da artdı. Çünki imtahan kağızında cəmi 5 sual var idi.
Aradan 3 saat keçdi və professor kağızları yığmağa başladı. Ancaq gənclərin üzündəki sevincdən əsər-əlamət qalmamışdı. Onların bu vəziyyətini görən professor:
- Aranızda sualların beşinə də cavab verən var? - deyə soruşdu.
Əlini qaldıran olmadı. Professor davam etdi:
- Bəs dörd suala cavab verən?
Yenə cavab verən olmadı.
- Bəs üç?
- Bəs iki?
Tələbələr həyəcanla yerlərində vurnuxur və nə cavab verəcəklərini bilmirdilər. Professor:
- Bəs heç olmasa aranızda suallardan birinə cavab verən var? - deyə soruşdu.
Yenə də cavab verən olmadı. Nəhayət, professor gülümsəyərək:
- Əslində, mənim gözlədiyim də elə bu idi! - dedi, - Sizə mühəndislikdən məzun olmağınıza baxmayaraq, hələ də bu sahədə çox şeyi bilmədiyinizi göstərmək istədim. Üstəlik, bunun üçün ən sadə sualları seçdim. Halbuki peşə həyatınızda hər gün belə cavabsız suallarla qarşılaşacaqsınız.
Professor daha sonra davam etdi:
- Hesab edin ki, bu son imtahandan da uğurla çıxdınız. Bundan sonra istədiyiniz işi, istədiyiniz vəzifəni seçin. Ancaq universitetdəki təhsilinizi qurtarsanız da, həyatdakı təhsilinizin yeni başladığını unutmayın.