Nəzmiyyə Sadıqova 
 

Növündən asılı olmayaraq hər bir biznesdə rəqabətə tab gətirmək olduqca vacib məsələlərdəndir. Xüsusilə də, hazırda həm dünyada, həm də ölkəmizdə geniş yayılmış otel biznesinə yeni addım atan şəxslər rəqabətə davam gətirmir və bizneslərinə son qoyurlar. Bəs, bu sahədə uğur əldə etmək üçün nələrə diqqət etmək lazımdır? Bu və buna bənzər suallara cavab tapmaq üçün otel biznesində uğur qazanmış iş adamı Ramil Quliyevlə həmsöhbət olduq. 

- Ramil Quliyev kimdir?

- Mən, Quliyev Ramil Qulam oğlu 1981-ci iyul ayının 1-də anadan olmuşam. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr, Sumqayıt Dövlət Universitetinin isə magistr pilləsini bitirmişəm. Hazırda İspaniyanın beynəlxalq otel idarəçiliyi universiteti olan "Les Roches Marbella"da magistr pilləsi üzrə təhsil alıram. "Les Roches Marbella" dünya reytinqinə görə otel idarəçiliyində mütəxəssislərin hazırlanması üzrə ilk üçdədir. Həmçinin, universitet İspaniyada Yeni İngiltərə Məktəbləri və Kollecləri Assosiasiyasının (NEASC) akkreditasiyasını təmin edən yeganə ali qurumdur.

- Bildiyimiz kimi, ölkəmizdə bir neçə otelin sahibisiniz. Bəs, otel sahəsinə marağınız necə yarandı?

- Bəli, "Gallery Hotel", "Port Rivoli Baku", "Bilgeh Cinaralti Camping", "İsmayilli Cinaralti Camping" adlı otellər mənə məxsusdur. Doğrusu, otel sahəsinə marağım birdən-birə yaranmadı. Mən otelçiliyə başlamamışdan əvvəl otel məhsullarının satışı ilə məşğul idim. Ölkədə bir sıra tanınmış otellər məndən məhsullar alırdılar. Mən də bir növ bu sahənin içində idim. Bir gün özümə sual verdim ki, niyə mənim də otelim olmasın?! Çünki artıq azçox bu sahədən anlayışım var idi. İlk olaraq "Gallery Hotel" fəaliyyət göstərməyə başladı. Təbii ki, ilk olduğu üçün bir sıra çətinliklər yaşadım. Ən son istifadəyə verilən otel isə Bakının mərkəzində italyan üslubunda inşa edilən "Port Rivoli Baku" adlı 4 ulduzlu oteldir. Ümumilikdə, 5 mərtəbəni əhatə edən və 41 otaqdan ibarət olan bu otel İtaliyanın gözəl şəhərlərindən biri olan Turinin kommunası hesab edilən Rivolinin adını daşıyır. Üslub və dizayn baxımından da italyan ab-havası yaradan oteldə müştərilərimiz komfortlu standart nömrələrdən, suit apartmentlərdən, spa-masaj xidmətindən, otelin 1-ci mərtəbəsində yerləşən "Cook Shop" xəttinə aid "Mood Cafe"nin ləziztürk, Avropa mətbəxindən və digər xidmətlərdən yararlanaraq zövq ala biləcəklər.

- Bir çox insan uğura gedən yolda çətinliklərlə üzləşdiyini deyir. Siz də çətinliklərlə üzləşmisinizmi?

- İlk olaraq qeyd edim ki, insan həyatı boyu hər bir sahədə bir çox çətinliklərlə üzləşir. Lakin əsas məsələ həmin çətinliklərin öhdəsindən gəlmək və qarşına qoyduğun məqsəddən üz çevirməməkdir. Hətta mənim fikrimcə, çətinliklə qazanılmayan uğurun dadı-duzu da olmaz. Yəni, demək istədiyim odur ki, mənə görə insan üçün öz əziyyətinin bəhrəsi qədər dadlı nemət yoxdur. Uzun sözün qısası, bu baxımdan, təbii ki, mən də bir çox çətinliklərlə üzləşmişəm. Onlardan biri, elə, otel məhsullarının satışı ilə məşğul olduğum vaxtlarda olub. Əməkdaşlıq etdiyim otel rəhbərlərindən biri məhsulların yarı pulunu ödəməmişdi. Loru dildə desək, məni aldatmışdı. Buna görə də, həm maddi, həm də mənəvi cəhətdən çətinliklər yaşamışdım. Bundan əlavə, ilk otelimiz olan "Gallery Hotel" istifadəyə verilən zaman büdcə cəhətdən imkanlarımız zəif, işçilərimiz isə az idi. Lazım olanda mən özüm də otaqları təmizləyirdim. Qısacası, əziyyət çəksəm də, şükür ki, bəhrəsini gördüm. Çətinliklərin heç biri məni yolumdan döndərə bilmədi.

- Bəs, bu çətinliklərin öhdəsindən necə gəlmisiniz? Heç geri addım atmaq istəmisinizmi?

- Hər bir çətinliyin öhdəsindən gəlmək üçün ilk başda özünəinam vacibdir. Yəni, insan nə olur-olsun "Mən bunu bacaracağam" sözünü deməlidir. Bundan əlavə, biznesə ilk başlayan hər kəs riskləri gözə almalıdır. Hər bir hadisə qarşısında soyuqqanlı davranmaq və düzgün analiz edərək doğru qərar vermək lazımdır. Bu cür həll yolunu təkcə iş həyatımda yox, şəxsi həyatımda da bir çox çətinliklərin öhdəsindən gəlmək üçün istifadə edirəm. "Heç geri addım atmaq istəmisinizmi?" sualınıza cavabım isə, bəli, geri addım atmaq istəmişəm. Hər kəs kimi bəzən mən də yorulub problemlərə təslim olmuşam. Fikrimcə, bu, çox normal haldır. Həmişə olduğu kimi bu cür tükənmişlik sindromu qarşısında da soyuqqanlı davranmağa çalışmışam və olanları qəbul edərək "Xeyirlisi bu imiş" demişəm. Bundan əlavə, yolumdan dönməməkdə ən başlıca səbəbim isə işimə olan sevgim olub. 

- Sizcə, uğura gedən yolda mane və ya dəstək olanlar hazırda sizə baxanda nə hiss edirlər? 

- Ümumiyyətlə, hər bir sahədə insana mane olanlar olur. Təbii ki, otel sahəsində də həmin şəxslərə rast gəlmək mümkündür. Məsələn, əgər hansısa otel yaxşı işləyirsə, bəzi otelçilər qısqanclıq edir, həmin oteli pisləyərək, qonaqları qaçırmağa çalışırlar. Bəzi hallarda oteldə qalan qonaqların haradan gəldiyini araşdırır, həmin yerlərlə əlaqə saxlayaraq, qonaqları öz otellərinə cəlb etmək istəyirlər. Yəni, bu cür hallar baş verir və təbii ki, bunu edən şəxslər uğurlarımıza sevinmirlər. Bu yolda dəstək olan hər bir şəxsə isə ayrılıqda təşəkkürümü bildirirəm.

- Uğur hekayəniz davam edir? Əgər davam edirsə, daha böyük hədəfləriniz varmı?

- Doğrusu, işim cəhətdən artıq xəyalını qurduğum mövqeyə çatdığımı düşünürəm. Təbii ki, yaşadığım müddət ərzində uğurlarıma uğur qatmaq istəyərəm. Lakin müəyyən bir hədəfim olmasa da, arzum var. Son vaxtlar kofe evi açmaq barədə düşünürəm. Hətta kofeləri də özüm hazırlayaraq insanlara təqdim etmək istəyirəm. Ümid edirəm, bu arzumu da reallaşdıra bilərəm.

- Sizcə, uğurlu insan necə olmalıdır?

- Məncə, bir insanın həyatı bu dünyadakı məqsədini anladığı zaman başlayır. Bir çox şəxs həmin məqsədə çatmaq üçün gecə-gündüz, durmadan çalışır. Lakin insanların həmin məqsədə çatana qədər necə çalışdıqları əsas məsələlərdən biridir. Yəni, özümüzə bu sualı verməliyik: "Məqsədimizə çatarkən nələri itirdik və qazandıqlarımız itirdiklərimizə dəydimi?" Fikrimcə, məqsədinə çatan hər kəs uğurlu insan deyil. Uğurlu insan öz mənafeyi uğrunda özünə və digər insanlara zərər verməyən insandır. Uğurlu insan işində məsuliyyət daşımaq və risk etmək bacarığına sahib olmalıdır. Ən əsası isə insanlara nələrsə verə bilmək, faydalı olmaqdır.

- Otel sahəsinə yeni addım atan şəxslərə hansı tövsiyələri verə bilərsiniz?

- İlk olaraq bildirim ki, işində uğur əldə etmək istəyən şəxs həmişə dürüst olmalıdır. Bundan əlavə, riskləri və çətinlikləri gözə almalıdır. Məndən məsləhət alan şəxslərə həmişə səbirli olmalarını tövsiyə edirəm. Çünki çətinliklərin böyük hissəsi işə yeni başlayan vaxtlarda olur və bir neçə il sonra artıq hər şey öz axarı ilə getməyə başlayır. Düzgün strategiya və peşəkar komanda ilə qarşınıza çıxan bütün çətinliklərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Buna görə də, nə istədiyinizi bilməli, işinizi sevməli, özünüzə və ətrafınızdakılara qarşı dürüst olmalısınız.