Gözlər insanın ətraf mühiti daha yaxşı qavramasına kömək edən ən vacib duyğu üzvlərindən biridir. Bu duyğu orqanında yaranan problemlər insanın gündəlik həyatına ciddi şəkildə təsir edir və əmək qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Həmçinin, qəlbin aynası da adlandırılan gözlərimizi bəs necə qorumalıyıq? Problemlər yarandığı zaman düzgün müalicə metodu necə olmalıdır? Bu və insanları maraqlandıran digər suallara cavab tapmaq üçün budəfəki müsahibimiz tibb elmləri namizədi, oftalmoloq-cərrah Dr. Rəfadar Xəlilovla həmsöhbət olduq.
- Əhali arasında ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?
- Yaş qrupunu nəzərə alsaq, ilk olaraq uşaqlarda və gənclərdə zəifgörmə hallarına daha çox rast gəlinir. İkinci sırada allergik konyunktivitlər, üçüncü sırada yaşla əlaqəli olan katarakta, dördüncü sırada şəkərə aid göz problemləri, beşinci sırada isə qlaukoma yer alır. Yəni, əhali arasında daha çox müşahidə edilən göz xəstəlikləri bunlardır. Zəifgörmə hallarında bir çox şəxs, xüsusilə də, uşaqlar zəif gördüyünü anlamır. Yəni, elə bilir ki, hamı onun kimi görür. Həmin uşaqların gözlərinin zəif olduğunu isə çox vaxt məktəbdə müəllimlər anlayırlar. Təsəvvür edin, 44 yaşlı bir pasiyentim müayinəyə gəldiyi günə qədər gözlərinin birində zəiflik olduğundan xəbərsiz idi. Bunu biləndə isə çox təəccübləndi və hər kəsin belə gördüyünü zənn etdiyini dedi.
- Düzgün göz müayinəsi necə olmalıdır?
- İlk növbədə, pasiyentin şikayətləri çox vacibdir. Bəzi pasiyentlərdən şikayətlərini soruşanda kobud cavab verirlər və ya demək istəmirlər. Lakin onlar bilmirlər ki, anamnez bizi diaqnoza aparan ən doğru və qısa yoldur. Anamnezdən sonra gözün dərəcəsi, buynuz qişanın əyrilik radiusu, gözün təzyiqi, xəstənin görmə faizi, həmçinin, biomikroskopik müayinə vasitəsilə gözün ön hissəsi yoxlanılmalı və detallı göz qapağı müayinəsi edilməlidir. Bu müayinələrdən sonra əgər pasiyentdə refraktiv qüsurlar varsa, o topoqrafiyaya göndərilir və bundan sonra göz bəbəyi böyüdülür. Bunlardan əlavə, əgər anamnezdə nevroloji problemlərlə bağlı şikayətlər olarsa, pasiyent görmə sahəsi dediyimiz perimetriya müayinəsi olunmalıdır. Daha sonra xəstənin gözlərinə dərman tökülür və bəbək böyüdülür. Bəbək böyüdüldükdən sonra bir daha gözün dərəcəsi ölçülür. Bu nüans çox vacibdir. Çünki bəzən pasiyent gələrək, aptekdə yoxlanıldığını və gözlərinin dərəcəsinin mənfi 4 olduğu halda ona təyin olunan həmin dərəcəli eynəyin gözlərini ağrıtdığını bildirir. Müayinə nəticəsində məlum olur ki, bəli, pasiyent mənfi 4-lə yüz faiz görür. Lakin xəstənin gözünün əsl dərəcəsi 2,5-dir. Bunu da təyin etmək üçün, ancaq gözə 3 dəfə xüsusi dərman tökməklə gözün ətrafındakı akkomodasiya əzələlərinin gərginləşərək əmələ gətirdiyi saxta dərəcəni aradan qaldırmaq lazımdır. Uzun sözün qısası, doğru göz müayinəsi üçün dərman tökmək mütləqdir.
- Nevroloji problemlərin gözlərə ciddi təsiri varmı?
- Çox təəssüf ki, uşaqlarımızı artıq özümüz istədiyimiz şəkildə böyüdə bilmirik. Onlar ətraf mühitdən bir çox lazımsız məlumatlar əldə edirlər. Həmin məlumatlar və bəzən ailədə baş verən anlaşılmazlıqlar uşaqların psixologiyasına ciddi dərəcədə təsir edir. Nəticədə, gözlərdə spazm yaranır. Yəni, dar bəbək və gen bəbək refraksiyası arasında fərq çox olur. Məsələn, bir müddət əvvəl 2 yaşlı bir pasiyentim var idi. Xəstənin gözünü ilk olaraq dərman tökülməmiş ölçdük və gözün dərəcəsi mənfi 4 olaraq təyin edildi. Dərman töküldükdən sonra isə dərəcə müsbət 9 oldu. Nəticədə, orqanizmin 13 dioptriya gizlədə bildiyinin şahidi olduq. Təsəvvür edin, həmin uşağın göz əzələləri nə dərəcədə yorğun və gərgindir.
- Katarakta (mirvari suyu) nədir?
- Katarakta gözümüzün içində büllur dediyimiz şəffaf bir toxumadır. Elastik quruluşa malik olan büllur gözün içərisində qalınlaşa və nazikləşə bilir. Bu proses zamanı gözə düşən işıqların sındırılması baş verir. Yəni, çox uzaq bir məsafəyə baxırıqsa, büllur qalınlaşır, yaxın məsafəyə baxdıqda isə nazikləşir. Əgər büllurun elastikliyi itərsə, yaxın görmə problemi, şəffaflığı itərsə, katarakta yaranır.
- Əməliyyatdan sonra katarakta yenidən yarana bilərmi?
- Əgər pasiyent katarakta əməliyyatı olunubsa, eyni katarakta təkrar yaranmır. Amma rus mənbələrində "ikincili katarakta" adlanan bir termin var. Təsəvvür edin, büllurun arxasında bir pərdə var və biz əməliyyat zamanı gözün ön hissəsindəki şəffaflığını itirmiş bülluru götürüb həmin yerə linza qoyuruq. Həmin linzanın orada qalması, yəni, tərpənməməsi üçün büllurun arxa kapsulu olmalıdır. Gözün içərisinə qoyduğumuz büllur 2-4 ay ərzində lazım olan yerə bərkiyir. Bundan sonra həmin pərdə dayaq funksiyasını itirir. Katarakta əməliyyatı olan 100 nəfərdən 63-də bir müddət sonra şəffaflıq itməyə başlayır. Bu müddət isə dəyişir, yəni, bu proses bəzi insanlarda 3 ay, bəzilərində 10 il sonra baş verə bilər. Həmin problemi lazer vasitəsilə bir neçə saniyədə aradan qaldırmaq mümkündür.
- Eksimer lazer nədir? Hansı növləri var?
- Eksimer lazer zəifgörməyə səbəb olan göz qüsurlarının aradan qaldırılması üçün istifadə olunan müasir əməliyyat metodudur. Eksimer lazerin bir neçə növü var. İlk dəfə bu əməliyyat icra edilməyə başlayanda PRK adlanan metoddan istifadə edilib. PRK üsulunda buynuz qişanın epitel qatı tamamilə soyulur və əməliyyatdan sonra pasiyentin gözündə 2-3 gün ağrılar olur. Bu ağrıları azaltmaq məqsədilə LASIK metodu kəşf edildi. Bundan sonra isə LASIK üsulundan istifadə edilməyə başlanıldı. Bu üsulda 120 mikronluq flep qaldırılır. Həmin flepi qaldırmaq üçün əvvəllər keratom işlədilirdi, sonra isə femto lazer istifadə edilməyə başlanıldı. Son olaraq, axırıncı metod - SMILE ixtira edildi. Doğrusu, bu üsul eksimer lazerin bir növü deyil, yəni, ayrıca bir femto lazerdir. Ümumiyyətlə, bütün bu əməliyyat növlərinin seçimi müayinədən sonra həkim tərəfindən müəyyən olunur. Lakin elə hallar olur ki, pasiyent bir neçə əməliyyat növünə uyğun olur. Bu cür hallarda isə pasiyentlə məsləhətləşərək ortaq qərar vermək vacibdir.
- Bəs şəkər xəstələrində hansı göz problemlərinə rast gəlinir?
- Nəzarətsiz şəkər korluğa səbəb olur. Yəni, şəkər nəzarətsiz qalırsa, ilk olaraq gözün torlu qişasında damar dəyişiklikləri yaranmağa başlayır. Zaman keçdikcə bu dəyişikliklər qanamalara, görmə mərkəzinə maye sızmasına və yeni zarların əmələ gəlməsinə səbəb olur. Pasiyentlərin şikayətlərindən asılı olaraq müalicə metodu da dəyişir. Lakin ən diqqət edilməli məqam odur ki, əgər şəkər nəzarətdə saxlanılmazsa, edilən müalicələr qalıcı və effektiv olmayacaq. Buna görə də, pasiyentlər şəkər diaqnozu qoyulan kimi, yəni, ağır fəsadlar yaranmadan xəstəliyə ciddi yanaşmalıdırlar. Ən pis halda isə problem başlayan kimi dərhal müayinəyə gəlməlidirlər. Çünki erkən diaqnoz qoyulduqda, müalicənin də effekti də artır.
- Hazırkı dövrdə həyatımızın ayrılmaz parçasına çevrilən müasir texnologiyalar gözlərə ciddi dərəcədə zərər vururmu?
- Doğrusu, sağlam gözə bu texnologiyaların heç bir zərəri yoxdur. Lakin gözdə problem varsa, telefon və kompüter kimi avadanlıqlar həmin problemin daha tez özünü büruzə verməsinə səbəb olur. Yəni, "uşaq telefonla çox oynadı və gözü xarab oldu" fikri doğru deyil. Lakin diqqətinizə çatdırım ki, bu avadanlıqların ciddi bir zərəri olmasa da, çox istifadə edildikdə göz yorğunluğuna səbəb olur. Nəticədə, gözün performansı aşağı düşür və bu yorğunluq insanın gündəlik həyatındakı işlərinə təsir edir.
- Son olaraq oxucularımıza məsləhətləriniz?
- İlk olaraq onu qeyd edim ki, yuxu hər bir şəxsin ümumi sağlamlığı üçün ən vacib olan məqamlardan biridir. Xüsusilə də, gənclərimizdə yuxu probleminə daha çox rast gəlinir. Bəzən bir həkim kimi pasiyentlərə vaxt ayırıb tövsiyələr veririk, lakin onlar sırf gözləri nəzərə alaraq məsləhət verdiyimizi zənn edirlər. Halbuki biz xəstəliyi yox, xəstəni müalicə edirik. Yəni, mən zəifgörmə ilə müraciət edən şəxsə sağlamlığı üçün digər tövsiyələr də verməyə çalışıram. Ümumiyyətlə, daxilimizdə bioritm adlanan bir sistem var. Gündüz və gecə saatlarında insan bədənində fərqli hormonlar ifraz olunur. Ətrafımızdakı mühitin işıqlılıq dərəcəsi həmin hormonların ifrazına səbəb olur. Məsələn, melatonin axşam saatlarında ifraz olunmalıdır. Lakin biz gecə saatlarında işıqları yandırdıqda bədən bizi ayıq saxlamaq üçün adrenalin hormonu ifraz edir. Bu zaman isə pasiyentlər yata bilmədiklərindən şikayət edirlər. Təbii ki, adrenalin ifraz olunduqdan sonra artıq yatmaq mümkün olmayacaq. Buna görə də, həm bədənimizin, həm də gözlərimizin sağlamlığı üçün erkən saatlarda yatmalıyıq. Bundan əlavə, hər kəsə tövsiyəm odur ki, vaxtında göz müayinəsindən keçsinlər. İlk göz müayinəsi doğum evindən çıxan kimi edilməlidir. Bundan sonra isə valideyn şübhələndiyi zaman övladını dərhal yoxlanışa gətirməlidir. Lakin ən geci, problem olsa da, olmasa da, 2 yaşında mütləq uşağın gözü yoxlanılmalıdır. Ümumiyyətlə, hər bir şəxs 6 aydan bir, ən geci isə ildə bir dəfə müayinədən keçməlidir. Bəzən olur ki, valideyn övladını müayinəyə gətirir və müayinədən sonra biz uşağa uyğun eynək təyin edirik. Məsələn, həmin dövrdə dərəcə mənfi 1,5 olur və 6 aydan sonra yenidən müayinəyə gəlməli olduqlarını bildiririk. Lakin valideyn uşağı 3 ildən sonra gətirir və müayinə zamanı uşağın öz gözü ilə 5 faiz, eynəklə 10 faiz gördüyü məlum olur. Təsəvvür edin ki, uşaq 3 ildir həmin eynəkdən istifadə edir. Mən bu məsələni onlara belə bir misalla izah edirəm: "Düşünün, 3 il əvvəl siz uşağa 28 ölçülü ayaqqabı almısınız və hazırda uşaq böyüyüb, ayaq ölçüsü 32 olub. Lakin siz hələ də ona 28 ölçülü ayaqqabı geyindirməyə çalışırsınız". Bəzən valideynlər bu sözlərimdən inciyirlər. Amma hər kəsin nəzərinə çatdırım ki, bunu heç bir valideynin övladına etməyə haqqı yoxdur. Yəni, 100 faiz görə biləcək bir insanı 10 faiz görməyə heç kim məhkum edə bilməz.
Oftalmoloq-cərrah RƏFADAR XƏLİLOV
+994 12 555 58 50 (iş) +994 51 555 58 50 (qeydiyyat)
Bakı, Nəsimi r-nu, 20 yanvar küç. 1B. Spero (Dobromed) hospital, 2-ci mərtəbə
Dr. Rəfadar Xəlilov
Dr. Rəfadar Xəlilov
rafadarxalilov