Mübarək dinimiz İslamın biz müsəlmanlara iki bayram hədiyyəsi var: Ramazan bayramı və Qurban bayramı. Ramazan bayramı duyan könüllərin coşqusudur, bir ay boyunca çəkilmiş əməyin mükafatıdır, özünü müsəlman bilən hər kəsin bayramıdır. Tutaq ki, kimsə hansısa səbəb üzündən oruc tutmayıbsa, onun da bayramıdır; birisi oruc tutanı iftar süfrəsinə qonaq edibsə, onun da bayramıdır; bir başqası oruc tutanlara dua edibsə, onun da bayramıdır... Özünü Allahın (c.c.) qulu, Həzrəti Məhəmmədin (Ona Allahın salamı olsun!) ümməti bilən hər kəsin bayramıdır bu bayram. Ən çox da bir ay boyu Allahın əmrini yerinə yetirənlərin, hər kəsin könlünün xoş olmasını, çöhrələrinin gül açmasını arzulayanların bayramıdır. Ölüb Cənnət qapısından girməyin dünyəvi simvoludur bu bayram. Bir ay boyu oruc tutanlar sonda bayrama qovuşduqları kimi, ömür boyu haramdan, günahdan qaçanların Cənnətə qovuşacaqlarının müjdəsidir.
Bayrama hazırlıq Ramazanın son günlərindən başlayır. Ev-eşik təmizlənir, bayram üçün hazırlıq işləri görülür, uşaqları sevindirmək üçün lazım olan şeylər alınır, bir sözlə, imkanın və insafın rəvac gördüyü işlər həll edilir. Fitrə sədəqələri bayram sabahına qədər verilir ki, imkansız ailələr də könüllərinə görə bayram süfrəsi aça bilsinlər. Bayram təkcə göndərilən təbriklər deyil, açılan süfrələr deyil, ən başlıcası könüllərin açılmasıdır, bu coşqunun, bu gözəlliyin ürəklərdə yaşanmasıdır.
Təsəvvür edin ki, aylarla açılmayan bir qapını döyürsünüz, o evdə tənha yaşayan, Allahdan başqa kimsəsi olmayan bir nənənin əlini öpürsünüz, bayramını təbrik edirsiniz, gətirdiyiniz sovqatla sevindirirsiniz. Heç o ana bu günü, bu gəlişi unudarmı?! Bir şey almaq insanı sevindirir, amma Allah rizasını qazanmaq üçün bir şey vermək insanı daha çox sevindirir. Bayram dediyin də elə budur, könüldə yaşanan sevinc, şadlıq, fərəh hissi.
Bayram namazından sonra başlayır hər şey. Müsəlmanlar bayram namazını qılıb evlərinə dönürlər. Kiçiklər böyükləri ziyarətə gedir, bayramlarını təbrik edirlər. İncikliklər unudulur, süfrələr açıq saxlanır, kimsə gələr deyə.
Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) çox gözəl bayram adətləri var idi. Onlardan bəzilərini xatırlatmaq burada yerinə düşər: Qurban bayramı namazına ac gedər, namazdan sonra kəsdiyi qurbanın əti ilə o günün ilk yeməyini yeyərdi; Ramazan bayramı namazına gedəndə isə evdə bir şey yeyib çıxardı. Bayramlarda üstünə xoş ətir səpərdi. Məscidə bir yolla gedər, başqa yolla dönərdi ki, daha çox insan görsün və rastlaşdığı hər kəsin də bayramını təbrik etsin, təbrikləri qəbul etsin; nəvələrinə hədiyyələr alardı, qarşısına çıxan uşaqları da paysız qoymaz, hər kəsin könlünü alardı; qonaq qəbul edər, qonaq gedərdi; insanlarla ürəkdən görüşər, onlara xoş sözlər deyər, bayramlarını təbrik edərdi... O elə gözəl, elə dürüst, elə ədalətli idi ki, tanıyan cazibəsindən qurtara bilmirdi. Siz də elə bilin ki, heç aradan bu qədər vaxt keçməyib, həm zaman, həm də məkan baxımından O, lap yanınızdadır. Qonşu çəpərin o üzündədir və sizin nə etdiyinizi Ona çatdırırlar. Onu sevməyin isbatı Ona bənzəməyə çalışmaqdır.
Biz də bu xoş gündə, bu mübarək bayramda Ona salam göndərək, onun kimi davranaq ki, Ona bənzəyə bilək.
Bayramda valideynləri ziyarət etmək çox mühüm məsələdir. Əli yetməyənlər heç olmasa sosial şəbəkələr üzərindən, ya da telefon vasitəsi ilə öz təbriklərini çatdırsınlar. Qəbir ziyarətinə getmək, ölmüşlərini yad etmək də bu bayrama aid ən gözəl ənənələrdən biridir. Sevimli Peyğəmbərimizi (Ona Allahın salamı olsun!) örnək alaraq bu bayramda uşaqlara hədiyyələr vermək çox gözəl ənənədir. Bu ənənə, əslində, uşaqların bu bayrama və bu bayrama qədər yaşanan Ramazan orucuna sevgisini, rəğbətini artırır.
Bayram gəlincə tutduğumuz oruclar, etdiyimiz dualar bir zamanlar görüşümüzə gəlmək üçün bizdən ayrılıb gedir. Ancaq inanırıq ki, bu əməllərimizin heç biri boşa getməyəcək, ömrümüzə, könlümüzə, əməl dəftərimizə yazılacaq. Alimlər yazırlar ki, əgər biz Ramazan boyu oruc ibadətini bütün şərtlərinə uyğun yerinə yetirə bilsək, yəni, orucumuzu düzgün tuta bilsək, qalan on bir ay boyu da oruc bizi tutar, yəni, əlimizi, gözümüzü, dilimizi günaha yaxınlaşmağa qoymaz.
Bir məsələni də çatdırmağı özümüzə borc bilirik ki, bir ay boyu oruc tutan qardaş-bacılar bayram gəlincə birdən-birə hər şeyi dəyişməyə çalışmasınlar. Yəni, bayramdır deyə gün boyu yeyib-içmək doğru olmaz. Unutmayaq ki, hər şeydə, lap elə dinimizdə belə tədricilik prinsipi var. Yəni, Ramazan ayının ritmindən tədricən çıxmaq lazımdır ki, orqanizmdə ciddi dəyişikliklər baş verməsin.
Bəli, bayram atmosferindəyik. Ramazan bayramınız mübarək olsun! Bu bayramı evdə hamılıqla yaşayın, bu bayram hamınızın bayramı olsun, bir ev dolusu bayram yaşayın! Allah (c.c.) hər birimizə bir-birindən xeyirli Ramazanlar yaşamağı qismət etsin, bu mübarək ayda Onun rizasına qovuşduracaq əməllər işləməyi, layiqincə ibadət etməyi nəsib buyursun, evimizi də, könlümüzü də əsl bayram sevinci ilə bərəkətləndirsin!