Allahın gözəl adlarından biri də Rəzzaqdır, yəni yaratdıqlarının ruzisini verən. Siz heç təbiətdə heyvanların necə qidalandığı haqqında düşünmüsünüzmü? Meşələrin şahı sayılan aslanın bütün gücü, enerjisi ancaq aclığını doyurmağa sərf olunur. Amma ən zəif canlılardan sayılan meyvə qurdunun isə qidası başının altındadır.
Qurani-Kərimin Hud surəsinin 6-cı ayəsində belə buyurulur: "Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin". Ayədən aydın olur ki, Yaradan yaratdığı hər bir canlının ruzisini onun özündən əvvəl yaradır. Amma yer üzündə baş alıb gedən müharibələr, bitib tükənməyən münaqişələr ucbatından cürbəcür məhrumiyyətlər, aclıqlar yaşanır. Yəni, insanlar bir-birinin ruzisini kəsmək üçün əllərindən gələn hər şeyi edirlər. Bunlar başqa bir söhbətin mövzusudur, biz isə bu yazımızda o ruzinin halal yolla əldə edilməsindən bəhs edəcəyiik.
İslam məntiqinə görə bir müsəlmanın öz ailəsinin dolanışığını halal yolla təmin etmək üçün işləməsi də ibadətdir. Əgər diqqət etsəniz, istər Qurani-Kərimdə, istərsə də, bütün bəşəriyyət üçün örnək bir həyat yaşamış Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) buyruqlarında halal zəhmətə təşviq var. Özü də bir-iki yerdə deyil, dəfələrlə. "İnşirah" surəsində Allah bizə buyurur ki, mühüm bir işi qurtardınsa, boş durma, dərhal başqa mühüm bir işə giriş. Yəni, işləmək bizə Allahın əmridir. İşləyən insan əməyin də, istirahətin də nə olduğunu bilir. İnsan işləmədisə, o heç istirahətdən də ləzzət ala bilməz. Hər şey qarşılığı ilə müqayisədə dəyər qazanır.
Çox məhşur bir söhbət var: Ata oğlunu zəhmətə alışdırmaq üçün ona deyir ki, sabahdan gedib işləsin və qazancını da gətirib ona versin. Səhər tezdən ata qalxıb işinə gedir, oğul də yerindən durub nə edəcəyini bilmir. Anası ona pul verir və deyir ki, gedib istədiyi yerdə gəzib dolaşsın, axşam olanda da o pulu gətirib atasına versin, desin ki, bu gün bu qədər qazanmışam. Oğul da eynən anasının dediyi kimi edir və axşam pulu gətirib atasına verir. Ata pulu əlinə alıb o tərəfbu tərəfə çevirir və qarşısındakı ocağa atır. Oğul sakitcə baxır və bir söz demir. Eyni mənzərə növbəti gün də davam edir. Üçüncü gün oğul anadan pul almır və gedib bir iş tapır və axşama qədər bir qədər pul qazanır. Yenə eyni ssenari üzrə axşam pulu gətirib atasına verir və atası da o pulu odun içinə atır. Oğul sanki dəliyə dönür və əlini odun-közün içinə soxub o qəpik-quruşu toplamağa başlayır. Onun bu halını görən ata təbəssüm edir və deyir:
- Həə, indi gördün ki, alın təri, əlin qabarı ilə qazanılan pul necə şirin olur. Əvvəlkilər üçün zəhmət çəkməmişdin deyə, sakitcə baxıb getdin, amma bu gün zəhmətinlə qazandığın pulların oda atıldığını görəndə əlinin yanmağını belə düşünmədin. Çalış həmişə halal qazanasan ki, əlindəki nemətin də qədrini biləsən.
Hər nemətin qarşılığı var. Bir istəyə nail olmaq üçün onun yolunda layiq olan zəhmət çəkilməlidir. Halal zəhmət xeyirə gedən yoldur. Xeyirə qovuşmağın yolu isə halal zəhmətdən keçir. "Dünya imtahan yeridir" deyimini əslində "dünya zəhmət yeridir" kimi də qəbul etmək, anlamaq olar. Dünyada halal zəhməti olanın axirətdə rəhməti olur. Rəhmət halal zəhmətin meyvəsi kimi insanın qarşısına çıxır.
Zəhmət və ardınca gələn rəhmət mövzusunun ən gözəl örnəyi Quranda, xüsusilə də peyğəmbərlərin həyatında çox geniş əks olunmuşdur. Həzrəti Nuh həm bir peyğəmbər, həm də bir xarrat kimi nə qədər zəhmət çəkdi, sonunda möminlərlə birlikdə tufandan xilas oldu. Həzrəti Yusif quyuya atıldı, kölə kimi bazarda satıldı, illər uzunu zindan həyatı yaşadı, bütün bu başına gələnlərə səbirlə dözdü və Misirə sultan oldu. Var-dövlətini, övladlarını, sağlamlığını itirən Əyyub peyğəmbər hər sınağa mətanətlə qatlandı və sonra da rifaha qovuşdu. Ölüm təhlükəsi altında doğulan Musa peyğəmbər yurd-yuvasından didərgin salındı, hər insanın qatlana bilməyəcəyi cəfalardan keçdi (Hamısına Allahın salamı olsun!). Peyğəmbərlər silsiləsinin sonuncusu və əşrəfi Həzrəti Məhəmməd (Ona Allahın salamı olsun!) Allah yolunda hər kəsdən daha ağır cəfalara qatlandı və Həbibullah, Allahın sevimlisi məqamına gəldi.
Yeri gəlmişkən bir həqiqəti xatırlarmaq istərdik ki, bəşər tarixində ən ağır müsibətləri yaşayanlar peyğəmbərlərdir. Müsibətə qatlanmaq Allah qatında dərəcənin yüksəlməsi deməkdir. Biz peyğəmbərlərin həyatına nəzər salsaq, hamısının bir insan kimi illər uzunu halal yolla qazandıqlarını görərik.
Oruc tutan adam gün boyu ac-susuz qalaraq bir tikə çörəyin, bir qurtum suyun nə qədər böyük nemət olduğunun fərqinə varır. Saatlar uzunu daş daşıyan insan bir kölgəlikdə beş dəqiqə dincəlməyin ləzzətini anlayır. Yorulmaq istirahətin, aclıq yeməyin dəyərini göstərir. Mövlana bu mövzuda hambalları misal gətirir. Deyir ki, daşıdığı yükün altında əzilə-əzilə onu mənzil başına daşıyan hambala baxın. Daşıdığı yükü yerinə çatdırıb yerə qoyanda və haqqını alanda necə də rahatlıq tapır. Böyük mütəfəkkir o hambalın yük daşımasını dünya həyatına bənzədir. Həyatını anlayışla yaşayaraq halallıq içində, zəhmətlə yaşayanlar axirətdə yükünü yerə qoyub mükafatını alan hambal kimidir. Əslində, hər sahədə olduğu kimi, bu məsələdə də niyyət həlledici amildir, çünki kim hansı niyyəti tutub gedirsə, qovuşacağı da odur. Başqa canlılardan fərqli olaraq insanlar və cinlər iradə sahibidirlər. İradə sahibi olmaq seçim imkanı olmaq deməkdir. Hər işin altındakı "Niyə?" sualı insanın niyyətini də, kimliyini də ortaya çıxarır. Əgər insanın niyyəti dünyasını abad etmək üçündürsə, bütün zəhmətinin qarşılığını bu dünyada ya görər, ya görməz; axirət üçündürsə, bu dünyada bir gün görməsə də, axirəti abad olar. Qurani-Kərimin "Ğaşiyə" surəsində axirət həyatını düşünməyən, dünyada gözəl yaşamaq üçün çalışanların boş yerə zəhmət çəkdikləri və yorğun düşdükləri bildirilir. Demək, hər zəhmətin də fərqli meyvəsi var, zəhmət var ki, meyvəsi axirətdə qarşımıza çıxar, zəhmət var ki, nəticəsini dünyada görərik.
Belə bir söhbət var ki, uzaq yoldan gələn İbrahim Ədhəm bir hamam görür, istəyir ki, yuyunub yolun toz-torpağından təmizlənsin. Ancaq qapıda saxlayıb pul istəyirlər. Və İbrahim Ədhəm başlayır ağlamağa. Səbəbini soruşanlara isə deyir ki, bir neçə tas su ilə dünya kirindən təmizlənmək üçün bu hamama haqqını vermədən girə bilmədim, görün indi peyğəmbərlərin, Allah dostlarının olduğu Cənnətə girmək üçün nə qədər xeyir iş, gözəl əməl lazım olacaq.
İki alim təsəvvür edin. Biri gecə-gündüz çalışır ki, çoxlu sərvət qazansın, başqalarından üstün olsun, padşahlar kimi yaşasın, o biri də çalışır ki, insanlara fayda versin, dərdlərə dərman tapsın, müşkülləri asan etsin. Bəlkə də, o iki alim eyni işi görürlər, amma niyyət onları ağla qara, gecə ilə gündüz, dağla dərə qədər ayırır. İmanı olmayan elmin də, zəhmətin də nəticəsi fayda verməz.
Zəhmət həm də tərbiyədir, zəhmətlə yoğrulmuş insan vaxtın da qədrini bilir, nemətin də. Zəhmət çəkən insan israfdan qaçar, hər işində qənaət prinsipini əsas alar.
Qurani-Kərim "Möminlər" surəsində hər cür boş söz və faydasız əməldən uzaq duran möminlərin qurtuluşa yetişəcəyini müjdələyir. Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) Allah üçün ağlayan gözün, halal yolla qazanan qabarlı əlin cəhənnəm odunu görməyəcəyini bildirir. Bəzən səhabələr Onun yanına gələr və dua etməsini istəyərdilər ki, Allah onlara bol nemət versin, asan yoldan zəfər nəsib etsin, O isə səbəblərin yerinə yetirilməsini tövsiyə edər, yəni zəhməti, alın tərini əsas tutardı. Onsuz da kimsə Onun qədər dua edə bilməzdi, amma Rəsulullah həmişə iki duadan bəhs edərdi: dillə istənilən və əllə icra edilən. Əslində, təvəkkül anlayışı da elə budur, bir işin başa gəlməsini Allahdan diləyirsən və boynuna düşən vəzifəni yerinə yetirirsən, sonda da nəticə nə olursa-olsun, razılaşırsan.
Allah bizi faydalı zəhmətdən ayırmasın!