Fraza jurnalı 
 

İstiqlal bəyannaməsi Azərbaycan Milli Şurasının 1918 il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən iclasında qəbul olundu. Milli Şuranın bu iclasına Həsən bəy Ağayev sədrlik edirdi. Altı bənddən ibarət olan bəyanaməni (bu sənədi o dövrdə Əqdnamə və ya Misaqi-milli də adlandırırdılar) Azərbaycan Milli Şurasının üzvləri Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov və Mustafa Mahmudov imzaladılar. Beləliklə, Azərbaycanın istiqlaliyyəti elan olundu və Nazirlər Şurasının sədri Fətəli xan Xoyski mayın 30-da radioteleqrafla Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə dünyanın əksər siyasi mərkəzlərinə rəsmi məlumat verdi.

Tarixi əhəmiyyəti

İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan Xalq Cümhuriyyətini Müsəlman şərqində ilk parlamentli respublika, türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsinə çevirdi. 1933-cü il 28 mayda Məhəmməd Əmin Rəsulzadə Berlində çap olunan "İstiqlal" qəzetində yazırdı: "28 mayıs 1918-ci il bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur". Rəsulzadənin fikrinə görə, "xalq millətə dövlət yaratmaq qətiyyətini nümayiş etdirib təkid etdiyində çevrilir. Azərbaycan cəmiyyəti sözün müasir mənasında bir millət olmaq üçün öz iradəsini 28 mayda müstəqilliyin elan və bəyannamənin qəbul edilməsi ilə nümayiş etdirdi". Bundan əlavə, 1919-cu il 31 mayda M. Ə. Rəsulzadə "İstiqlal" qəzetindəki məqaləsində yazırdı: "Mayısın 28-də istiqlal bayramını qeyri-qabili-təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər və bütün böhtançılara deyəcəklər ki, istiqlal xanların, bəylərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs idealıdır".

1919-cu il 28 mayda İstiqlal Bəyannaməsinin elan olunmasının bir illiyi münasibətilə Bakıda böyük bayram yığıncağı keçirildi. Parlament binası qarşısındakı kürsüdən ilk olaraq M. Ə. Rəsulzadə çıxış etdi. "Azərbaycan" qəzeti (rusca) 31 may 111 saylı nüsxəsində belə yazırdı: "Xalq onu (M. Ə. Rəsulzadəni) təsvirolunmaz dərəcədə, uzun müddət kəsməyən gurultulu alqışlarla qarşıladı". Dövrün qəzet və jurnalları bu mühüm günün ildönümünü belə təsvir edirdilər: "Azərbaycan istiqlalı elə qiymətdar, elə müqəddəs bir sevgilidir ki, hər şəkildə olursa-olsun, təcəssüm etdirilərsə, bütün azərilərin fərdənfərd ona sitayiş etməsi fərzi də təbiidir, zira onun yolunda verilən qurbanlar heç bir məbudun yolunda verilməmişdir".

Orijinal nüsxələri

Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində saxlanılır.

1918-ci ildə Cümhuriyyət nümayəndə heyətinin Paris Sülh Konfransına apardığı İstiqlal Bəyannaməsinin bir orijinal nüsxəsi də Azərbaycan Tarixi Muzeyindədir. Birinci Dünya Müharibəsinin sonunda, 1919-cu ildə sülh müqavilələrinin bağlanması və yeni dünya xəritəsinin formalaşması üçün Parisdə Sülh Konfransı çağırıldı. Gənc müstəqil Azərbaycan hökuməti 27 ölkə ilə yanaşı dövlətin nümayəndə heyətinin də həmin konfransda iştirakını qərara aldı. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yollanan nümayəndə heyətinin məqsədi Azərbaycanın gənc müstəqil dövlət kimi de-fakto tanınmasına nail olmaq idi. Nümayəndə heyəti özü ilə əsas sənəd kimi İstiqlal Bəyannaməsinin Azərbaycan dilində əski əlifba ilə yazılmış nüsxəsini və fransız dilinə tərcümə olunmuş variantını apardı.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi

1991-ci il 30 avqustda Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyannamə qəbul edildi. 1991-ci il 18 oktyabrda Azərbaycan Parlamenti tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoydu. Sənəddə deyilirdi: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir". Bu sənədlə Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi. 

Azərbaycanın İstiqlal Bəyannaməsi - Azərbaycanca mətn 

Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcib bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndli qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü.

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamiləl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcivar olduğu millət və dövlətlərlə münasibəti-həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.

28 May 1918-ci il Tiflis şəhəri,

Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov