"Müsahibə" rubrikamızın növbəti qonağı kimi xalq yazıçısı Anarla görüşdük. O, yazıçı kimi ədəbiyyata ötən əsrin 60-cı illərində gəlib. Azərbaycanda "Nəsimi", "Dədə Qorqud", "Gün keçdi" kimi bir çox məşhur filmlər çəkib, ssenarilər yazıb. Əsərləri əsasında çəkilən filmlər hələ də sevilərək izlənir. Uzun illərdir, Azərbaycan Yazıçılar Birliyinin sədridir. Onunla söhbətdə cəmiyyətdəki və ədəbiyyatdakı problemlər, sosializm, kapitalizm və digər maraqlı mövzular haqda danışdıq...
- Anar müəllim, yeni əsərlər üzərində işləyirsinizmi? Bu barədə məlumat verməyinizi xahiş edirik.
- Hazırda "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" - belə bir əsər üzərində işləyirəm. Yarı elmi, yarı bədii bir əsərdir. Onu tamamlamışam. Bir parçasını qəzetə verəcəyəm çıxsın. Sonradan kitab şəklində də çıxacaq. Amma gərək ya sponsor, ya da nəşriyyat tapılsın ki, çap olunsun.
- Yazıçılar Birliyi bu kitabı çap edə bilməzmi?
- Yox, haradadır bizdə... Xırda kitablar buraxırıq. Ancaq 1000 səhifəlik bir kitab çap edə bilmirik. Həmçinin, qeyd edim ki, Yazıçılar Birliyinin hesabına heç bir əsərimi çap etməmişəm. Bəzən kənardan, bəzən də dövlət tərəfindən, bu cür dəstək olur.
- Ümumiyyətlə, gənc yazıçılara kitab çapında hər hansı köməklik göstərilirmi?
- Onlara köməklik edirik. Xırda kitablar olanda çap edirik. Bura əsasən 200-300 səhifəlik kitablar aiddir. Xərci 500 manat, 1000 manat tutursa, onları çap edirik. Bu yaxınlarda cavan bir şairə 1000 manat ayırdım, kitabını buraxdı. Amma böyük kitablara gəlincə, məsələn, 5 min manat, 10 min manat dəyərində olanlar, buna bizim vəsaitimiz yoxdur.
- Sizdən sonra Yazıçılar Birliyini sədri olaraq kimi görürsünüz?
- Ad çəkmək istəmirəm, ancaq mən bir neçə adam üzərində fikirləşirəm. Ancaq təbii ki, bunu mən həll etmirəm, qurultay həll edir. Əgər mənim fikrimi soruşsalar, mən onlara deyə bilərəm.
- Uzun illər sonra Şuşaya getdiniz. Şuşa barədə təəssüratlarınızı bilmək istərdik...
- Yazıçılar Birliyində Qarabağ haqqında bir kitab buraxdıq. Azad olunmuş 8 rayondan çıxan yazıçıların öz rayonları haqqında xatirələrini, uşaqlıq təəssüratlarını qələmə aldılar. Mənim də "Qarabağ şikəstəsi" adlı bir yazım var idi, onu da ora saldım. Qələbədən sonra yazdığım yazılar da orada var. Çox qiymətli bir kitabdır, onu biz çap elədik. Şuşanın mənim həyatımda çox böyük yeri olub. İlk yazımı 14 yaşında orada yazmışam. "Üzeyir ömrü" filmini orada çəkmişəm. Demək olar ki, hər yayı ailəmlə birgə Şuşada dincəlirdik. Şuşa mənim üçün çox əziz şəhərdir. Xoşbəxt adamam ki, Şuşanın azad olunduğunu gördük.
- Anar müəllim, son dövrlər Azərbaycanda kitab oxuyanların sayı azalır. Buna səbəb kimi nəyi görürsünüz?
- Təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində kitab oxuyanların sayı azalır. Çünki cavanların çoxu hər şeyi internetdən oxuyur. Amma buna baxmayaraq mənə elə gəlir ki, axır vaxtlar əvvəlkinə nisbətən Azərbaycanda kitab oxuyanlar bir az artıb. Bəlkə də, cavanlar oxuya bilir, ancaq mən əlimdə kitab olmasa, oxuya bilmirəm. Kitabı oxuyursan, qeydlər aparırsan. Amma gözünü ekrana zillə ki, nəsə oxuyursan. Mən ondan bir ləzzət ala bilmirəm. Kitab oxumaq bir zəhmətdir. Kitab oxuyanda insan əqli zəhmət çəkir, düşünür. Kitab insana müəyyən qədər təsir edir və sən də müəyyən qədər həmin təsirin altında qalırsan. Kitaba əyləncə kimi baxmaq asandır. Onda televiziya kanallarında əyləncə verilişləri gedir, get onlara bax. Ədəbiyyat mədəniyyətin bir hissəsi olduğu kimi, mütaliə də mədəniyyətin bir hissəsidir. Adam kitab oxumağa vərdiş etməlidir, kitabla böyüməlidir, dünyagörüşünü kitabla formalaşdırmalıdır. Bunlar çox əhəmiyyətli şeylərdir. Təəssüf ki, bunlar unudulub.
- Hazırda Azərbaycanda çəkilən filmlərə baxırsınız?
- Mən son vaxtlar çıxan filmlərə baxa bilmirəm. Ona görə onlar haqqında bir şey deyə bilmərəm. Amma öz filmlərim haqqında deyə bilərəm ki, əgər hər həftə hələ də mənim filmlərim televiziya kanallarında yayımlanırsa, demək, hər halda bunların müəyyən bir dəyəri var. Son zamanlar kino sahəsində işim maarifçilik səpkisində gedib. "Dədə Qorqud" filmim də yeri gəlmişkən maarifçilik baxımından əhəmiyyətli filmdir. Mirzə Fətəli haqqında "Sübhün səfiri", Mirzə Cəlil haqqında "Qəm pəncərəsi", Üzeyir Hacıbəyov haqqında "Üzeyir ömrü", Hüseyn Cavid haqqında "Cavid ömrü" kimi 4 film çəkdim. 5-ci filmlə bu seriyanı tamamlamaq istəyirdim, Cəfər Cabbarlı haqqında film çəkməli idim. "Azad bir quşdum" adlı bir ssenari yazdım. Bu ssenaridə Cəfər Cabbarlının həm cümhuriyyət dövründə, həm də sovet dövründə yazdığı əsərlər əks olunub. Amma film üçün vəsait tapılmır. 10 ildir kinostudiyanın qapıları mənim üçün bağlıdır. 10 ildir mənim heç bir filmim çəkilmir. Başqa bir ssenarim də var. O da qalıb. Mən həmişə bunu deyəndə məndən inciyirlər. Mən deməyim, o deməsin, bu ssenarilər də yatıb qalsın. Onda necə olsun? Yaxşı, kasıbları başa düşdüm, bəs pula pul deməyən adamlar necə? Cürbəcür şeylərə pul xərcləyirlər. Maarifçiliyə niyə xərcləmirlər? Hamısını dövlətin boynuna qoymaq olmaz ki...
- Anar müəllim, ölkədə orta təbəqə yoxdur. Ya çox varlı, ya da çox kasıb adamlar var. Bunun səbəbi nədir?
- Kapitalizmin təzadlarıdır. Bunu da deyəndə bizə deyirlər ki, istəmirdiniz sosializm dağılsın? İndi kapitalizmdir. Bu haqda deyilən bir sözü mən həmişə sitat gətirirəm: "Sovet hökuməti sosializm haqqında bizə nə demişdisə, hamısı yalan çıxdı. Amma kapitalizm barədə nə demişdisə, hamısı düz çıxdı".
- Siz həm də 60-cılar nəslinin nümayəndəsisiniz. Sizcə, bu nəsil ədəbiyyata nə verdi?
- Bu nəsil ədəbiyyatı ədəbiyyat elədi. Keçmiş ziyalıları da danmıram. Onların da çox yaxşı əsərləri var idi. Amma o qədər bayağı əsərlər çıxır, istedadsız adamların əsərləri çap olunurdu ki. Mən onlara ancaq parodiya kimi baxıram. 60-cılar ədəbiyyata həqiqəti gətirdi. Adi insanların həyat tərzini gətirdi. Mən demirəm ki, bunların hamısını 60-cılar elədi. Amma bu nəslin rolu çox böyük oldu.
- Sizcə ədib necə olmalıdır?
- Ədib ilk növbədə vicdanlı olmalıdır. Gərək onun vicdanı olsun. Vicdansızlığa, qərəzçiliyə yol verməsin. Sonra istedadın olmalıdır. İstedadın yoxdursa, bu işlə məşğul olmamalısan. İstedadın varsa, ancaq, əməkçi deyilsənsə, vaxt ayırmırsansa, o istedad da batır gedir. Zəhmət çəkməlisən ki, istedadın batıb getməsin. Heç kəsə paxıllıq etməməlisən. Kin saxlamamılasan. Şöhrət azarına tutulmamalısan. Başqasının şöhrətinə həsəd aparırsansa, gec-tez sənin istedadın sönüb gedəcək.
- Sovet dövründəki yazıçılıqla indiki dövrdəki yazıçılığı necə müqayisə edərdiniz?
- Sovet dövründə senzura çox idi. Bu fikri fransız yazıçısı Andre Jid deyib. O, Nobel mükafatı laureatıdır. Albert Kamyu da onun kimi deyir. Fikir belədir: "Ədəbiyyat əsarətdə inkişaf edir, azadlıqda solur". Amma bu sözün dərin mənası var. Əsarətdə ədəbiyyatın müqavimət gücü artır. O, cürbəcür maneələri dəf edərək inkişaf edir. Amma o vaxt ki, nə istəsən yaza bilirsən, məlum olur ki, məsuliyyət hissin yoxdursa, yazılarının bir qiyməti yoxdur. Azadlıq hissi də, məsuliyyət hissi də çox vacibdir.
- Yazıçılar indi daha çox maddi vəziyyətlərinin aşağı olmasından, gördükləri işlə dolana bilmədiklərindən gileylənirlər. Bu barədə nə deyə bilərsiniz?
- Məsələ ondadır ki, yazıçılar bir şeyi anlamırlar. İndi kapitalizm sistemidir. Belə də olmalıdır. Türkiyədə Əziz Nesin, Yaşar Kamal, Orxan Pamuk kimi yazıçılardan başqa heç bir yazıçı öz yazdıqları ilə dolana bilmir. Biri dərs deyir, biri köşə yazır. Birinin mağazası var. Hərə bir işdən pul qazanır, sonra öz kitablarını yazır. Sovet vaxtında isə yazıçılar öz yazdıqları ilə dolana bilirdilər. Bir ssenariyə bir maşın ala bilirdin. Kitabların böyük tirajla çıxırdı. İndi onlar yoxdur. Nə kitablar böyük tirajla çıxır, nə ssenarilər çəkilir. İndi bu sənətlə dolanmaq mümkün deyil. Azərbaycanda bir, ya iki yazıçı öz kitabları ilə dolanır. Misal üçün mən də bu şəkildə dolana bilməzdim. Çünki kitablarımı özüm çap edirəm. Kitablarımdan qonorar almıram. Bu da kapitalizmdir. Həmçinin, qeyd edim ki, əgər sənin filmlərin gündə televiziyada göstərilirsə, müsahibə alınırsa, bunun qonorarı verilməlidir. Sizə demirəm, prinsip olaraq deyirəm (gülür). Əgər məni göstərirlərsə, gərək ondan mənə gəlir gəlsin. Heç biri gəlmir. Yaxşı heç yerdən gəlir gəlmirsə, yazıçı öz sənəti ilə necə dolana bilər? Mən şikayət eləmirəm, şikayət eləmək günah olar. Maaş alıram, təqaüd alıram. Sadəcə olaraq, demək istəyirəm ki, indiki dövrdə yazıçılar yazıçılığın hesabına dolana bilməz. Sağ olsun, prezident yazıçılara təqaüd ayırır, veririk. İldə 50 yaşlı yazıçıya, 20 cavan yazıçıya təqaüd verilir. Artıq 8 ildir ki, veririk. Amma bu damladır.
- Anar müəllim, sizi həm də ssenarist kimi tanıyırıq...
- Sovet dövründə "Babək" kimi, "Nəsimi" kimi, "Dədə Qorqud" kimi filmlər çəkmişik. "Dədə Qorqud"a Mosfilmdən süvari alayı gəlmişdi. 40 nəfər atla bir yerdə gəlmişdi. Bu filmlər bizim tariximizi əks etdirən filmlər idi. Bir yandan qatı ruslaşma siyasəti gedirdi. Amma bir yandan da Moskva pul buraxırdı ki, biz "Göyərçin" jurnalını buraxaq. Belə paradokslar var idi. Ona görə heç nəyi bir rənglə boyamaq olmaz. Gərək, araşdırasan, təhlil edəsən, nəticə çıxarasan.
- Anar müəllim, haqqında danışdığımız kapitalizm ölkədə alimlərin, ziyalıların həddən artıq azalmasına gətirib çıxara bilməzmi? Çünki düşünən insanların, savadlı adamların çoxu ölkəni tərk edir. Burada öz dəyərlərini tapmadıqlarını deyirlər. Xaricdə isə nümunələr var ki, böyük uğurlar əldə edirlər.
- Bu, təbii ki, yaxşı deyil. Ən ağıllı, ən savadlı adamlar xaricə gedirlər. Burada bizim nə qədər çox savadlı gənclərimiz olsa, o qədər yaxşıdır. Kapitalizm belədir ki, hərə öz işi ilə məşğuldur. Sovet xalqına deyirdilər ki, dünyada ən çox oxuyan xalqdır. Bu, yaxşı və ya pis cəhətdir, mən bilmirəm. Çünki Amerika xalqı ən çox oxuyan xalq deyil. Mən orada olmuşam. Bir səfərimizdə biz müxətlif yerlərdə, bir dəfə bir həkimin, bir dəfə bir hüquqşünasın, bir dəfə də bir mühəndisin evində qaldıq. Hamısı ilə mən tərcüməçi vasitəsilə söhbət edəndə məlum oldu ki, hərəsi bir və ya iki Amerika yazıçısının adını bilir. Deyirəm, Mark Tven, deyir "Hə, tanıyıram". Edqar Ponu deyirəm, cavab verir ki, eşitməmişəm. Amma sovet vaxtı belə bir şey mümkün deyildi axı. Məşhur yazıçıların heç olmasa, hamı adını eşitmişdi. Bəlkə də, bu daha düzgündür ki, hərə öz işi ilə məşğul olsun. Mühəndis öz işi ilə, hüquqşünas öz işi ilə, həkim öz işi ilə... Amma ziyalılığın ilk şərtlərindən biri ədəbiyyata bələd olmaqdır. Ədəbiyyat insan yetişdirir. Ona görə də, mənə elə gəlir ki, ədəbiyyata maraq olmaması kapitalizmin mənfi cəhətlərindən biridir.
- Digər tərəfdən, elm sahəsində böyük kəşflər etmək də, uğurlu işlər görmək də ancaq kitab oxumaqla mümkündür...
- Eynşteynin bir sözü var: "Fyodor Dostoyevski Fridrix Qaussdan daha çox mənə ilham verir". Qauss böyük riyaziyyatçıdır. Amma o, ədəbiyyatçının adını çəkir. Görünür, Dostoyevskini oxumaq onun dünyagörüşünə və sair böyük stimul olur, ilham verir, təxəyyülü genişlənir.
- Hazırkı vəziyyətdə Azərbaycanda böyük yazıçılar yetişə bilərmi?
- Yetişəcək. İndi də, gələcəkdə də yetişəcək. Bizim böyük klassiklərimiz olub. Nə oldu, indi 21-ci əsrdə təbimiz qurudu? Bir az gərək gənclərin iddiası az olsun. Bu sənətə təmənnasız yanaşsınlar. Mənə hansı şöhrəti, hansı pulu, hansı imkanı gətirəcək deyə düşünməsinlər. Sənətin özündən zövq alsınlar. "Mən yazmaya bilmirəm, yazıram, ona görə ki, deməyə sözüm var". Bu prinsiplə yanaşan insanlara inamım var.
- Gənclərə nə məsləhət görərdiniz?
- Hansı sənəti seçirlərsə, həkim olsun, mühəndis olsun, fərqi yoxdur, öz peşələrində yaxşı mütəxəssis olsunlar. Ən böyük vətənpərvərlik budur.
- Öz işində peşəkar olanlar da yenə başqa ölkələrə üz tuturlar. Biz bu gün yaxşı həkim axtaranda digər ölkələrə gedirik. Elmi nailiyyəti olmaq istəyən, özündə həmin potensialı görən yenə də xaricə üz tutur. Sanki Azərbaycanda bu cür yaxşı mütəxəssislər uğur əldə edə bilmirlər.
- Bəlkə də, elədir. Amma mən elə bir gün görmək istəyirəm ki, Almaniyada və ya Fransada xəstələnən insan desin ki, Azərbaycana müalicə olunmağa gedirəm. Bunun üçün hərə öz peşəsinə vicdanla yanaşmalıdır, asan yolla getməməlidir.
- Anar müəllim, son olaraq sizin adınızla da bağlı müxtəlif fikirlər səsləndirirlər...
- Mənim adım "Anmaq" felindəndir. "Anar", yəni anar, yada salar. Amma anası Nigar, atası Rza şəklində danışılanlar uydurmadır. Ata-anamın heç ağıllarına elə bir şey gəlməyib. Bizim ailə Azərbaycana 5 təzə ad verib. Birinci Anar mənəm. Bacım birinci Fidandır. Oğlum birinci Turaldır. Qızım Günel birinci Güneldir. Bacım qızı Aysel adı yenə ilk dəfə bizim ailədə qoyulub. Türkiyədə Aysel var idi. Ancaq Azərbaycanda birinci dəfə bizdə olub. Tural, Günel, Anar isə heç Türkiyədə də yoxdur.