Fraza jurnalı 
 

MAY AYININ 10-U ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜDÜR 

E lə tarixi şəxsiyyətlər var ki, əsrlər keçsə də, onların gördüyü işlər fayda verməkdə davam edir, insanlar o cür şəxsiyyətləri sevgi ilə, ehtiramla yad edirlər. Azad, müzəffər, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizlə əbədiləşmış və respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər göstərmişdir. Üst-üstə 23 il Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərmiş, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanmışdır.

İlk dəfə 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev qısa müddət ərzində respublikada ciddi dəyişikliklər etməyi bacardı və Azərbaycan SSRİ-nın ən qabaqcıl respublikalarından birinə çevrildi. 1982-ci ildə Heydər Əliyev SSRİ rəhbərliyində mühüm postlardan birinə aparıldıqdan sonra Azərbaycanın inkişaf dinamikası xeyli zəiflədi. SSRİ rəhbərliyinə gəldiyi vaxtdan "yenidənqurma" adı altında dağıdıcılıqla məşğul olan Qorbaçov Heydər Əliyevi özünə ciddi rəqib görürdü və ona görə bütün gücünü səfərbər edərək, onu rəhbərlikdən uzaqlaşdırmağa çalışırdı. Moskvada hər cür təhdid və təzyiqlərlə üzləşən Heydər Əliyev öz işindən ayrılsa da, ürəyi doğma Azərbaycanla birlikdə vururdu.

Məlum olduğu kimi, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq əzəli torpağımız olan Dağlıq Qarabağda kəskin münaqişəli vəziyyət yaranmış, 1990-cı ilin yanvar ayında Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələnmiş, həmin vaxt hakimiyyətdə olan şəxslərin siyasi səriştəsizliyi ucbatından ölkəmiz ictimai-siyasi və sosial-iqtisadi böhranla üzləşmiş, Azərbaycan, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz qeyd olunan hadisələr fonunda, belə bir çətin məqamda Moskvada təhdid və təzyiqlər altında yaşayan, öz həyatını daim Azərbaycana qurban verməyə hazır olan dünya şöhrətli siyasi xadim Heydər Əliyev yenidən öz xalqının yanında olmağa qərar verdi və Moskvada 20 yanvar faciəsi ilə bağlı öz mövqeyini bildirərək Azərbaycana qayıtdı. Tarix bir daha sübut etdi ki, bu qayıdışın əsas səbəbi böyük siyasətçinin öz xalqına olan inamından, onun Azərbaycana bağlılığından irəli gəlirdi.

Təəssüf ki, ölkəmizə qayıdan ulu öndər o vaxtkı hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana getməyə məcbur oldu. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin orada yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Muxtar Respublikanın rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində başlıca məqsədə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Burada xüsusi vurğulamaq lazımdır ki, o, Naxçıvanda işləyərkən təkcə Muxtar Respublikanın deyil, ölkəmizin taleyi üçün bir sıra mühüm qərarların verilməsinə nail olmuş, o cümlədən, 20 yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmiş, üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilmiş, dövlətlərarası münasibətlərin qurulması üçün mühüm addımlar atılmışdır.

1992-ci illərdə Azərbaycanda çox gərgin hadisələr baş verirdi. Qarabağ müharibəsi ilə yanaşı ölkə daxilində etnik müstəvidə bəzi ssenarilər həyata keçirilməyə başlayırdı. Azərbaycanın bütövlüyü, müstəqilliyi təhlükə altına düşmüşdü. Belə bir zamanda ölkənin taleyinə biganə olmayan ziyalılar, sadə insanlar Naxçıvana üz tutaraq, Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Nəhayət, Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edərək böyük oğlu Heydər Əliyevi 1993-cü il iyunun 15-də hakimiyyətə gətirdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpa edilməsi məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.

1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəsin elan olunmasına, "Əsrin müqaviləsi"- nin imzalanmasına, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirildi. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı. İqtisadiyyatda aparılan islahatlar Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilərək dünya miqyasında layiqli yer tutmasına təkan verdi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratdı, sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi. İqtisadiyyatın bütün sahələrində aparılan məqsədyönlü və ardıcıl islahatlar, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və ticarətdə əldə edilmiş yüksək nailiyyətlər nəticəsində ölkədə ümumi daxili məhsul istehsalı 1996-2002-ci illər ərzində 71,0 faiz artaraq 6,1 milyard manata çatdı. Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, ölkədə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, ömür uzunluğunun artmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olundu.

Dahi rəhbərin anadan olmasının 99-cu ildönümü ərəfəsində bunu qürurla bir daha qeyd etmək yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunmuşdur. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoymuşdur ki, bu da xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu göstərir.