Belə bir ifadə var: "Qəhrəman olmurlar, qəhrəman doğulurlar". Bu, bəlkə də insana hələ ana bətnində ikən verilən bir nemətdir. Tarixə nəzər salsaq, bu xarakterin sanki türk xalqının əsas simvollarından birinə çevrildiyini görərik. Ən çox döyüş, müharibə görmüş xalq kimi tariximiz qəhrəmanlıq hekayələri ilə doludur. Xüsusilə, 90-cı illərdə işğalçı Ermənistanın torpaqlarımıza hücumu ilə başlayan müharibədə həyatları bahasına döyüşən, bu yolda qeyri-adi cəsarətlər nümayiş etdirən çox sayda vətəndaşlarımız olub. Onlardan biri də Allahverdi Bağırovdur.
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Ailədə yeddi qız övladından sonra dünyaya gəlib. Bu səbəblə valideynləri onu Allahdan hədiyyə adlandırıblar. Adını isə bu münasibətlə Allahverdi qoyublar.
Yaxınları, dostları onu uşaqlıq illərində olduqca cəsarətli, qorxmaz və haqsızlığa boyun əyməyən biri kimi tanıyırdılar. Allahverdinin ən əsas keyfiyyətlərindən biri isə insanlar arasında özünü lider kimi göstərə bilməsi idi.
Kiçik yaşlarından idmana, xüsusən də, futbola, yüngül atletikaya və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında əsas rol oynayıb. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda Ağdam - Cəbrayıl oyununda kapitan olub. 1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranları arasında keçirilən oyunda iştirak edib. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna Allahverdi Bağırov imza atıb.
90-cı illərdə Ermənistanın Azərbaycana hücumu ilə bir çox yerlərdən gələn könüllülər vətəni qorumaq üçün xüsusi dəstələr yaratmağa başladılar. Onlardan biri də Allahverdi Bağırov idi. O, Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti hesabına Qarabağ kəndlərində kiçik özünümüdafiə dəstələri yaradaraq, düşmənə qarşı vuruşmağa başladı. Dəstə yarandıqdan sonra Ağdamın müdafiəsi ən güclü səviyyədə təşkil edildi. Düşmən tərəflə müqayisədə dəfələrlə az olmalarına baxmayaraq onlar ermənilərin Azərbaycan torpaqlarına girmələrinə heç bir şəkildə icazə vermirdilər. Bütün qüvvələri ilə düşmənin Ağdamı işğal etmələrinə mane olurdular.
Allahverdi Bağırov daha sonra Ağdam Xalq Cəbhəsinin sədri seçilir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama sancan da Allahverdi Bağırov olur.
Yeri gəlmişkən qeyd edək ki, Allahverdi Bağırovun qardaşı Eldar Bağırov da Qarabağ döyüşlərində ordumuzun vətəni müdafiəsində əsaslı işlər görən şəxslərdən biridir. 1951-ci ildə Ağdam rayonunda anadan olan Eldar Bağırov 1990-1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı olur. O, 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən qovulan ilk vətəndaşlarımız Ağdama gəldiyi vaxt onların yerləşdirilməsi, ərzaqla təmin edilməsi ilə məşğul olmağa başlayır.
Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində də böyük rolu olur. 1991-ci il oktyabrın 4-də onun rəhbərliyi ilə 745 saylı 790 nəfərlik batalyon qurulur. Allahverdi Bağırovun da dəstəyi ilə həmin batalyonun əsgərləri xüsusi təlimlər keçərək düşmənə qarşı uğurlu əməliyyatlarda iştirak edirlər. Lakin bir müddət sonra Eldar Bağırov Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilir. Qətlin səbəbləri və kimlər tərəfindən törədildiyi bilinmir. Allahverdi Bağırov bu hadisədən çox təsirlənir və qardaşı ilə qurduqları batalyona özü rəhbərlik etməyə başlayır. O, qardaşının vəfatından sonra saqqal saxlayır və ömrünün sonuna qədər də elə yaşayır.
Erməni işğalçıları ilə döyüşlərin şiddətləndiyi 1992-ci ilin yanvarında Allahverdi Bağırovun başçılıq etdiyi tabor düşmənə qarşı yeni əməliyyat planı hazırlayır. Hücuma keçən könüllü ordu Naxçıvanlı kəndində Ermənistanın bütün canlı qüvvəsini və hərbi texnikasını darmadağın edir. Cəmi 150 döyüşçüdən ibarət dəstə Allahverdi Bağırovun komandanlığı ilə Əsgəran qalasına qədər irəliləyir. Daha sonra Pircamal kəndindəki bütün yüksəkliklər düşməndən azad edilir, Kətük kəndi ilə üzbəüz mövqe tutulur. Bölgədəki bütün erməni bayraqları sökülərək, yerinə Azərbaycan bayraqları asılır. Bu uğurlu əməliyyatın həyata keçirilməsi və həmin bölgədəki torpaqlarımızın azad edilməsi üçün cəmi 2 saat vaxt lazım olur. Məhz bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülür.
Allahverdi Bağırovun döyüş yoldaşları onun ciddi, tələbkar və möhkəm iradəli olduğunu bildirirlər. Onunla çiyin-çiyinə vuruşan Qarabağ qaziləri müsahibələrində həmin günləri belə xatırlayırlar:
"Allahverdi Bağırov çox nadir komandirlərdən idi ki, döyüşə dəstənin önündə gedirdi. Bir dəfə kəndlərdən birini azad edəndə üzünü bütün dəstəyə tutdu və: "Birdən kənddə əhalidən qalan nəyi isə qarət etməyə çalışarsınız ha, doğma oğlum da olsa, onu güllələyərəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik", - deyə xəbərdarlıq etdi".
Allahverdi Bağırovun ən təsirləndiyi hadisə Xocalı Soyqırımı olur. Xocalı qadınlarını və qızlarını görəndən sonra uzun müddət özünə gələ bilmir. Xüsusən də, 9 yaşlı qız uşağının vəhşicəsinə ölümü ona pis təsir edir. O, həmin vaxtlarda televiziyaya verdiyi müsahibəsində hadisəni belə xatırlayır:
"Hətta, iki aylıq uşağı öldürüblər. İki aylıq uşağın ölümü hamını kədərləndirir, həmçinin də məni və mənim döyüş yoldaşlarımı. Ermənilər hədlərini aşıblar".
Bundan sonra Allahverdi Bağırov dəstəsini tam hazır vəziyyətə gətirir və 1992-ci ilin 12 iyununda Xocalı rayonunda yerləşən Aranzəmin kəndini azad etmək üçün düşmən üzərinə hücuma keçir.
Onun ən böyük uğuru məhz həmin əməliyyat zamanı əldə edilir. Aranzəmin kəndi uğrunda döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edir və 10 düşmən əsgərini əsir götürür.
Allahverdi Bağırov Xocalı Soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərinin meyidləri və əsirləri ilə dəyişdirilməsində böyük xidməti olur.
Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Ancaq Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edir.
Səkkiz gün ermənilərin əlində əsir qaldıqdan sonra xilas edilən Hüseynağa Quliyev həmin azad edildiyi anları belə xatırlayır:
"Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Ermənilər isə Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdilər ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərdi və ermənini pula deyil, mənə dəyişdi. Onlar hətta, anamı da buraxmışdılar".
Allahverdi Bağırov 1992-ci ilin 12 iyununda təcili iş üçün geri, Ağdama çağırılır. Ancaq qayıdarkən getdikləri avtomobil minaya düşür. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov, sürücüsü və Nizami adlı həkim şəhid olurlar. Və Allahverdi Bağırov Ağdam rayonu Şəhidlər xiyabanında dəfn edilir.
Keçmiş futbolçu Elşad Xudadatov Allahverdi Bağırovla bağlı bir hadisəni belə xatırlayır:
"Allahverdi Bağırov şəhid olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən "qrad" atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi".
1993-cü ildə Allahverdi Bağırova döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Milli Qəhrəman adı verildi.
Ailəli idi. Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var.
Ruslan Yusibov