Elə tarixi şəxsiyyətlər var ki, əsrlər keçsə də, gördüyü işlər, tətbiq etdiyi yeniliklər unudulmur, adı xalqının yaddaşında yaşayır. Görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov Azərbaycan üçün məhz belə tarixi şəxsiyyətlərdəndir. Dünya tibbinə gətirdiyi yeniliklərlə xalqımızın adını yüksəldən, bütün ömrü boyu insanlarımızın sağlamlığının xidmətində dayanan bu tarixi şəxsiyyətin adı Azərbaycan tibb salnaməsinə qızıl hərflərlə həkk olunmuşdur. Bu gün onun adını daşıyan Elmi Cərahiyyə Mərkəzi kimi böyük tibb müəssisəsi də fəaliyyət göstərir.
Mustafa bəy zaman-zaman tarixi torpaqlarımızı qəsb edən və hər fürsətdə kimlərinsə dəstəyi ilə ayağa qalxıb bizə düşmən üzünü göstərən ermənilərin o xəbis, qısqanc münasibəti ilə hələ erkən yaşlarında tanış olmuşdur. Bu münasibət onun ailəsinin doğma yurdundan köç etməsinə səbəb olmuş, həyatının sonrakı mərhələsində isə dünya tibb elminin ən uğurlu nümayəndəsi kimi Nobel mükafatı almasının qarşısını almışdır.
***
Mustafa bəy Topçubaşov 1895- ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində, daha doğrusu, İrəvanın yaxınlığındakı Göygümbəz kəndində anadan olmuşdur. Onların İrəvan şəhərində də böyük mülkləri var idi. Atası Ağabəy kişi dövrünün tanınmış, maarifpərvər, xeyirxah və olduqca alicənab kişilərindən-bəyzadələrindən idi. Həyat yoldaşı Fatimə xanım da zərif duyğulu, dünyagörüşlü, elmə, sənətə marağı olan bir ana kimi üç oğlunun təhsilə, məktəbə bağlılığında böyük fədakarlıq göstərmişdi. Mustafa bəy İrəvanda gimnaziyanı bitirdikdən sonra Kiyevə gedir və orada universitetin tibb fakültəsinə daxil olur. Ancaq gənc Mustafa ali təhsilini çox qarışıq bir dövrdə başa vurur. Ölkədə Oktyabr inqilabı baş verir və erməni daşnaklarının törətdiyi iğtişaşlar nəticəsində Topçubaşovlar İrəvandan Naxçıvana üz tutmaq məcburiyyətində qalırlar.
***
Daha sonra Bakıya köçən Topçubaşov xəstəxanalarda cərrahlıq etmiş, 1920-1923-cü illərdə Bakı Dövlət Universitetinin tibb fakültəsinin cərrahlıq klinikasında ordinator, 1923-1930-cu illərdə fakültə cərrahlığı klinikasında assistent işləmişdir. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafıə etmiş, bu işin elmi əhəmiyyətinə görə Mustafa bəy Topçubaşova professor adı verilmiş və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirmişdir.
***
Vaxtilə SSRİ-nin bir nömrəli cərrahı sayılan, dünya tibb elmində bir sıra yeniliklər, kəşflər edən Mustafa bəy Topçubaşovun başı az bəlalar çəkmədi. Qohumu Əlimərdan bəy Topçubaşova görə 30-40-cı illərdə çox çək-çevirə məruz qaldı. Bədxah qonşularımız da bu işdə az rol oynamadılar. Amma xoşbəxtlikdən Mustafa bəy bu bəladan qurtula bildi. Hətta belə bir fakt da var ki, Stalinin yaxın bir adamını ölümdən məhz Mustafa bəy Topçubaşov xilas edir. Bütün həkimlərin aciz qaldığı və artıq əlini üzdüyü xəstəni Mustafa bəy cərrahi müdaxilə ilə həyata qaytarır.
***
Mustafa bəy Topçubaşovun dünya tibb elminə gətirdiyi yenilik öz dövrü üçün çox böyük uğur sayılırdı. O, 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efır-yağ narkozunu - analgeziya üsulunu kəşf etmiş, bu metod sadəliyinə, hazırlanma və tətbiq olunma texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilmişdir. Efır-yağ qarışığı inyeksiyaları həm də öd daşı sancılarında, travmatik şok, tetanus, qıcolma hallarında, həmçinin, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efır-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.
***
Mustafa bəy Topçubaşovun Nobel mükafatı ala bilməməsi nədənsə o qədər də işıqlandırılmır. Amma bu haqda bir həqiqət məlumdur ki, bu işdə də bədxah qonşularımız əllərindən gələni etmişlər. Belə ki, Mustafa bəyin tibb elminə gətirdiyi yenilik, dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulu - inyeksion efıryağ narkozunu tətbiq etməsi çox böyük nailiyyət idi və dünyanın hər yerində tətbiq edilirdi. Dünya Nobel Mükafatı Komitəsi Mustafa Topçubaşov adını yaxşı tanıyırdı və bu mükafatı ona verməyə hazırlaşırdı. Amma necə oldusa, sovet mətbuatı birdən-birə Nobellər haqqında əks-təbliğat kampaniyasına başladı və onları Bakı neftini istismar etməkdə ittiham etdi. Bunun ardınca da Moskvanın bir sovet aliminin bu ada layiq görülməsinə xoş baxmadığı yayıldı. Və beləcə, Mustafa Topçubaşovun Nobel mükafatına layiq görülməsi reallaşmamış oldu. Qəribədir ki, həmin il tibb üzrə Nobel mükafatı heç kimə verilmədi. Sonradan məlum oldu ki, bu kampaniyanın da arxasında o vaxt Moskva mediasında kök salmış erməni bədxahları var imiş.
***
Alimin adı 1945-ci ildə yenidən yaradılmış Azərbaycan Elmlər Akademiyasının 15 həqiqi üzvü və görkəmli alimi arasında yer almış və o, 1947-1949-cu illərdə Eksperimental Tibb İnstitutuna rəhbərlik etmişdir. Mustafa bəy Topçubaşov 1951-ci ildən həyatının sonuna qədər Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində işləmişdir. M. Topçubaşov 1949-cu ildə SSRİ Tibb Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilmişdir. 1964-cü ildə SSRİ Tibb Elmləri Akademiyası A. V. Vişnevski adına Ümumittifaq Cərrahiyyə İnstitutunun Elmi Şurasında M. Topçubaşovun tibb elminin inkişafındakı, xüsusilə də, analgezin inyeksiya üsulunun işlənib hazırlanmasındakı xidmətləri A. V. Vişnevski adına xatirə medalı ilə təltif olunmuşdur.
***
Mustafa bəyin həyat yoldaşı Reyhan Topçubaşova Azərbaycanın ilk qadın rəssamlarından biridir. Əməkdar incəsənət xadimi olan Reyhan xanım portret, məişət, mənzərə janrlarında işləmiş, eləcə də süjetli kompozisiyalar və natürmortlar çəkmişdir. Mənzərələrində Abşeron təbiətinin təsviri əsas yer tutur. Reyhan Topçubaşova hətta mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlayırdı. Unudulmaz Əzim Əzimzadənin tələbəsi olmuş Reyhan Topçubaşovanın əsərləri ötən əsrin 30-cu illərindən müxtəlif sərgilərdə nümayiş etdirilmişdir. Bu xoşbəxt cütlüyün üç övladı var idi: İbrahim, Zemfira, Elmira. Ailənin yeganə oğlu İbrahim Topçubaşov isə görkəmli alim, tibb elmləri doktoru, cərrah, bəstəkar və qeyri-adi istedada malik alicənab və mötəbər bir şəxsiyyət idi. Cəmi 45 il ömür sürmüş bu unudulmaz insanın daxili aləmi zəngin, həyata baxışı orijinal və maraqlı idi. Onun həyatı, fəaliyyəti, yaradıcılığı, eləcə də maraq dünyası, hobbisi, xatirələri ilə tanış olduqca, heyrət içində qalırsan.
***
M. Topçubaşov 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın uğurlu cərrahiyyə əməliyyatı aparmışdır. O, gərgin elmi və praktik fəaliyyətlə yanaşı, tibb kadrlarının hazırlanması sahəsində də böyük işlər görmüşdür. Onun rəhbərliyi altında 35 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. 1975-ci ildə yüksək mükafata - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən akademik M. Topçubaşov dörd Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, döyüş orden və medalları, Bolqarıstanın III dərəcəli "Kirill və Mefodiy" ordeni və eyni zamanda "SSRİ sanitar müdafiəsi" ordeni və "SSRİ sanitar müdafiəsi əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. M. Topçubaşov 200-dən artıq elmi işin, o cümlədən 5 cildlik "Xüsusi cərrahiyyə" əsərinin, 7 monoqrafiyanın, kəşf və ixtiraların müəllifi olmuş, onun məsləhətçiliyi və rəhbərliyi altında 8 doktorluq və 16 namizədlik dissertasiyası müdafiə edilmişdir.
***
Azərbaycanda tibb təhsilinin və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Bolqarıstan Xalq Respublikası Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Tibb Elmləri Akademiyasının akademiki, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Mustafa bəy Topçubaşov 1981-ci il noyabr ayının 20-də Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Rejissor Yalçın Əfəndiyev "Mustafa Topçubaşov. Əsrin fonunda portret" adlı sənədli film çəkmişdir.
MUSTAFA TOPÇUBAŞOV HAQQINDA DEYILƏNLƏR
ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEV: "Azərbaycanda hakimiyyətə gələndən mənim Mustafa bəylə görüşlərim çox olub. Mustafa bəy Topçubaşov anadan ziyalı doğulmuşdu..."
DOSTU ÜZEYIR BƏY HACIBƏYLI: "Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı".
YAZIÇI ANAR: "Sovet dövründən əvvəl hörmətli adamlara müxtəlif cür xitab edirdilər, bəy, mirzə və ya əfəndi çağırırdılar. Məsələn, Əlimərdan bəy, Əbdürrəhim bəy, Üzeyir bəy, yaxud Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Cavid əfəndi, Şaiq əfəndi və s. Sovet dövründə bu adlar get-gedə unuduldu, aradan qaldırıldı. Mənim xatirimdə yalnız iki adam qalıb ki, onlara "bəy" deyirdilər: Mustafa bəy Topçubaşov, bir də Üzeyir bəy Hacıbəyli".
AKADEMIK HEYDƏR HÜSEYNOV: "Təbabətin filosofu adı Mustafa bəyə daha çox yaraşır".