Bu gün xaricdə təhsil bir çox tələbə üçün artıq əlçatandır. ABŞ-da, Kanadada, Avstraliyada, Yaponiyada, Avropa ölkələrində tələbələr asanlıqla təhsil ala və ya təhsillərini davam etdirə bilirlər. Bu, həm onların gələcək uğurları, həm də elmi nailiyyətləri üçün xüsusilə əhəmiyyətlidir. Bunun üçün, ilk növbədə, ingilis dili inkişaf etdirilməlidir. İngilis dili üzrə lazımi dərəcəni aldıqdan sonra araşdırmalar aparmaq və birbaşa universitetlərlə əlaqə saxlayaraq xaricdə təhsil almaq olar. Əsas prosesləri yerinə yetirdikdən sonra ən vacib məsələlərdən biri də seçimdir. "Hansı universiteti seçim?", "Hansı ölkədə təhsil alım?" kimi suallara isə universitetlərin potensialı, hazırkı vəziyyəti və gördüyü işlərlə tanış olduqdan sonra cavab vermək olar.
Biz isə bu yazımızda dünyanın seçilən ən böyük universitetlərindən biri - Kembric Universiteti haqqında məlumat vermək istəyirik. Bu günə qədər çox sayda məşhur alimin təhsil aldığı bu universitet 1209-cu ildə İngiltərənin Kembric şəhərində qurulmuşdur. İngiltərənin ikinci, dünyanın isə dördüncü ən qədim universiteti olan bu universitet, həmçinin, İngiltərənin ən böyük təhsil müəssisələrindən biridir. Kembric şəhərinin tarixini, memarlığını və təbii gözəlliklərini özündə əks etdirən universitet Oksford Universitetindən ayrılmış akademiklər tərəfindən təsis edilmişdir. Oksford və Kembric universitetlərinin tarixləri bənzər olduğu üçün hətta onları birlikdə "Oksbric" də adlandırırlar. Qəbul zamanı tələbələr bir sıra test və imtahanlardan keçir, daha sonra isə müsahibəyə dəvət olunurlar. Universitetin 150-dən çox fakültəsi var. Bu təhsil müəssisəsində yaş məhdudiyyəti olmadan həm bakalavr, həm də magistratura təhsili almaq olar. Burada diqqəti cəlb edən maraqlı məqamlardan biri də universitetin kitabxanasıdır. Universitetdə 100-dən çox kitabxana fəaliyyət göstərir. Bu kitabxanalarda 8 milyonu əsas fond olmaqla 15 milyon və ya dahda çox kitab mövcuddur. Odur ki, böyük potensiala sahib bu kitabxanalarda istədiyiniz kitabları tapa bilərsiniz. Belə ki, milyonlarla kitab arasında İsaak Nyutonun şəxsi kitabxanasından götürülmüş kitablarla yanaşı, riyaziyyat, tarix və hətta ədəbiyyat sahələri üzrə kitablarla tanış olmaq və istifadə etmək olar. Bundan başqa, universitetin Fitzvilyam Muzeyi də daxil olmaqla 8 incəsənət, mədəniyyət və elm muzeyi var.
Kembricin məhşur məzunları
Kembric Universiteti tarix boyu bir çox məhşur alim yetişdirmişdir. Yeri gəlmişkən deyək ki, bu universitetin məzunları arasında müxtəlif elmlər, xüsusilə də, dəqiq elmlər sahəsində uğur qazanan alimlər çoxdur. Bunlar arasında ən məşhurları isə fizika sahəsində İsaak Nyuton, riyaziyyat sahəsində isə hindistanlı Srinivasa Ramanujandır. Nyuton kəşf etdiyi mexanika qanunları ilə səma cisimlərinin və kosmik aparatların hərəkətinin dərindən öyrənilməsinə təkan vermişdir. Hətta ilk güzgülü teleskopu da Nyuton hazırlamışdır. Ümumdünya cazibə qanununu kəşf edən də məhz İsaak Nyutondur. Srinivasa Ramanujan isə haqqında film çəkilən dünyanın ən böyük riyaziyyatçı alimlərindən biridir. Ramanujan Hindistanda dünyaya gəlmişdir. O, 10-15 yaşlarında artıq universitet səviyyəsində riyazi işlər görürdü. Qısa müddət sonra artıq o bu sahədə öz kəşflərini ortaya qoymağa başladı. Ancaq ona daha böyük işlər görmək üçün şərait lazım idi. Beləliklə, Ramanujan uzun səylərdən sonra 1914-cü ildə Kembric Universitetinə qəbul ola bilir. Orada təhsilini artırmaqla yanaşı, ideyalarını həyata keçirmək üçün lazımi imkanları əldə edir. Bu gün isə onun adı riyaziyyat elmində xüsusi yer tutur. Onun kəşf etdiyi düsturlar, qaydalar bu günə qədər dünyada və kosmosda bir çox cismin öyrənilməsində istifadə olunur. Məsələn, Ramanujan dövründə heç kim kosmosdakı qara dəliklərin öyrənilməsinin vacib olduğunu bilmirdi. O, isə qara dəliklərin xüsusiyyətlərini izah etmək üçün istifadə edilən ilk düsturlardan bəzilərini kəşf etdi. Odur ki, bu gün ədədlər nəzəriyyəsi ilə məşğul olan alimlər hələ də Ramanujanın dəftərlərinə yazdığı düsturlar üzərində araşdırmalarını davam etdirirlər. İxtisasca nəzəriyyəçi fizik olan və kosmos barədə xüsusi araşdırmalar aparan Stiven Hokinq də bir çox ideyalarını həyata keçirmək üçün uzun illər Kembric Universitetində araşdırmalar aparmışdır. O, Qara dəliklər, Sonsuz Kainat, Böyük Partlayış kimi nəzəriyyələri ilə dünyada yaşayan alimlər arasında ən çox tanınan alimlərdən biridir. Hokinq ömrünün böyük hissəsini bədənini hərəkət etdirmək qabiliyyətindən məhrum şəkildə keçirmiş, ancaq sağlamlığındakı bu məhdudiyyətlərə baxmayaraq elm sahəsində çoxlu işlər görmüşdür.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, təhsil müəssisələri bir növ sizə öz potensialınızı dəyərləndirməkdə kömək edir. Bura təbii ki, güclü mütəxəssislərdən alınan dərslər və sair də daxildir. Bir maraqlı fakt da budur ki, 1904-cü ildən bəri Kembric Universitetinin bütün kateqoriyalar üzrə 121 Nobel mükafatı var. Bu mükafatlar isə əsasən fizika, tibb, kimya, iqtisadiyyat, ədəbiyyat və sülh üzrədir. Kembricdə Nobel mükafatına layiq görülən ilk qadın isə 1964-cü ildə kimya üzrə Nobel mükafatı alan Doroti Hodqkindir. Onun bu mükafata layiq görülməsinə səbəb anemiya xəstəliyi ilə mübarizə üçün istifadə edilən birləşmələrin strukturu üzərində gördüyü işlərdir.
Kembric Universitetinin illik gəliri 500 milyon dollar ətrafındadır. Bunun çox hissəsi tədqiqat qrantları və ianələr hesabına əldə edilir. Bundan başqa, universitet bir çox qurum və təşkilatlarla da əməkdaşlıq edir.