İsmayıl Əhməd 
 

Dünyada 4 minə yaxın xalq, 200-dən artıq ölkə və ərazi vahidi var. Müstəqil dövlətə, bayrağa, himnə sahib olmaq hər xalqın arzusudur, amma bu səadət hər xalqa qismət olmur. Bu gün dünyada davam edən əksər münaqişələrin təməlində də elə müstəqillik istəyi durur.

Biz böyük tarixi keçmişə sahib bir xalqın nümayəndələriyik. Tarix boyu dəfələrlə böyük dövlətlər qurmuş xalqımız 90 il Rusiyanın tərkibində qaldıqdan sonra 1918- ci ildə müstəqilliyini elan etdi və dünya dövlətləri arasında öz layiqli yerini tutdu. Ömrü cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın yaddaşına azadlığın, müstəqilliyin möhürünü vurdu və 1920-ci ilin 28 aprelində yenidən Rusiya tərəfindən işğal altına alınan xalqımız ilk tarixi fürsətdə, 1991-ci ilin payızında SSRİ-nin dağılması ilə yenidən müstəqilliyini bərpa etdi. Bu gün biz azad, müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Pasportunu şərəflə daşıdığımız Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci ildən bəri hər ilin 28 mayı, yəni Azərbaycan Xalq Cümhuriyyətinin qurulma günü Respublika günü kimi qeyd olunurdu, 2021-ci ildə isə ölkə Prezidentinin sərəncamı ilə bu günün adı dəyişdirilərək Müstəqillik günü kimi elan olundu. İndi isə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə qısa nəzər salaq.

***

1917-ci ilin fevralında Rusiyada inqilab baş verdi və 300 ildən artıq Rusiyanı idarə edən Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də, Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini - Zaqafqaziya Parlamentini yaratdılar. 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə, 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən nümayəndələr Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

M. Ə. Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Osmanlı ordusunun rəhbərliyi ilə - Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət də Osmanlı dövləti oldu. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verdi.

1918-ci il 9 noyabr tarixində M. Ə. Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edildi. O vaxta qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin iz qoydu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etdi. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etdi və ölkənin idarə olunmasını öz üzərinə götürdü. Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə - Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi kimi bu gün də öz tarixi əhəmiyyətini saxlamaqdadır. Milli Şuranın ilk iclası 1918-ci il mayın 27-də Tiflisdə, son iclası isə 1918-ci il noyabrın 19-da Bakıda keçirildi.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etdi. Bu dövrdə Parlament ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan hüquqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Bu dövrdə ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etdi. Görkəmli dövlət xadimi Ə. Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

***

Çox mühüm bir tarixi həqiqəti vurğulamaq lazımdır ki, çox qarışıq tarixi şəraitdə Azərbaycanın erməni-rus qəsbkarlarının hər cür amansızlığına baxmayaraq, azad, müstəqil, demokratik dövlət qura, onun sərhədlərini, bayrağını, himnini dünyaya tanıda bilməsində Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanı xilas etməyə gəlmiş Qafqaz İslam Ordusunun müstəsna rolü var. Ona görə də, hər dəfə Müstəqillik gününü qeyd edəndə bizim üçün canlarından keçmiş o fədakar insanları ehtiramla yad etmək, ruhlarına dua oxumaq bizim vəfa borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Müstəqillik günümüz mübarək olsun!