Ruslan Yusibov 
 

30 illik bir müddətdən sonra Fərrux yüksəkliyi Azərbaycan Ordusu tərəfindən azad edildi.

Bu yüksəklik Azərbaycan üçün xüsusi strateji əhəmiyyətə malikdir və Xocalı rayonuna aid Fərrux kəndinin bir hissəsidir. Fərrux kəndi Azərbaycanın tarixi torpaqları olan Xankəndi şəhərindən 32, Əsgəran qəsəbəsindən isə 16 kilometr məsafədə yerləşən dağətəyi ərazidir. Yaxınlığında Fərrux adlı bir göl də var. Hərbi ekspertlər bildirirlər ki, bu yüksəklikdən Ağdam və Xankəndinə nəzarət etmək asandır. Oradan Xankəndinə birbaşa yol var. Ordumuzun yenidən həmin ərazilərdə yerləşməsi Xankəndində və digər ətraf ərazilərdə baş verənləri nəzarətdə saxlamağa imkan verəcək. Bu yüksəklik uğrunda Birinci Qarabağ müharibəsində də gərgin döyüşlər gedib. Çox sayda azərbaycanlı həmin yüksəklikdə şəhid olub. Müdafiə Nazirliyinin açıqlamalarına görə burada 62 nəfər itkin düşüb. Yüksəklik uğrunda mübarizə aparanlardan və qələbə qazananlardan biri də Milli Qəhrəman Şirin Mirzəyevdir. Əslən Şuşanın Mirzələr kəndindən olan Ş. Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya gəlib. Orta məktəbi orada bitirir və hərbi xidmətə yollanır. Daha sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi Məktəbə qəbul olunur. 4 il sonra, 1971-ci ildə o, hərbi təhsilini başa vurub təyinatla İrəvana göndərilir. Beş il orada hərbi xidmət etdikdən sonra Bakıya gəlir. 1976-cı ildə isə öz sinif yoldaşı Flora Qasımova ilə ailə həyatı qurur. Bu evlilikdən iki övladı dünyaya gəlir.

Birinci Qarabağ müharibəsinin başlaması ilə 1991-ci ildə Şirin Mirzəyev də cəbhəyə yollanır. Şirin Mirzəyev Ağdam uğrunda döyüşlərə qoşulur. Həmin vaxt o artıq polkovnik-leytenant idi. Çətin şəraitə, həmçinin, təqiblərə baxmayaraq Ş. Mirzəyev ölkədə ilk nizami özünümüdafiə batalyonunu qurur. Bu, təbii ki, düşmənə qarşı mübarizədə olduqca uğurlu bir addım idi. 1992-ci il mart ayının 28-də onun və tərəfdarlarının səyi ilə respublikada 1-ci olan tabor qurulur və Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilir. Batalyon düşmənə müxtəlif istiqamətlərdə güclü zərbələr endirir. Əzmlə vuruşan döyüşçülər artıq ermənilər tərəfindən tanınır və ermənilər o bölgələrə hücum etməyə qorxurlar. Onun komandir seçilməsindən sonra 1200-dən çox gənc könüllü olaraq ordu sıralarına yazılır.

Ş. Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi xüsusi vəzifələri yerinə yetirirdi. Həmişə ön cəbhədə döyüşür, hətta ucqar yerlərə silahların çatdırılmasına özü rəhbərlik edirdi. Bu da təbii ki, alayın bütün üzvlərini cəsarətləndirir və döyüşə həvəsləndirirdi. Ağdam uğrunda döyüşlərdə qələbələr qazanan Şirin Mirzəyev əmrində olan batalyona 1992- ci ilin yanvarında tapşırıq verir: "Xocalının Fərrux kəndi azad edilməlidir". Həmin kənd əsas strateji nöqtələrdən biri idi və Şirin Mirzəyev, "Fərrux dağında kim otursa, Ağdama da o nəzarət edəcək", deyirdi. Beləcə, 1992-ci ilin yanvarında əməliyyat başlayır. Batalyon yüksəkliyə hücuma keçir. Və əməliyyat nəticəsində Şirinin taboru həmin kəndi azad edir. Bu bölgənin nəzarətə götürülməsi Azərbaycan ordusunun əsas qələbələrindən biri idi. Ancaq təəssüflər olsun ki, Rusiya ordusunun dəstəyi ilə həmin kənd ermənilər tərəfindən işğal edilir.

Şirin Mirzəyev 1992-ci il 18 iyunda komandiri olduğu alayla birlikdə yenidən ön cəbhəyə yollanır. Tankları yerləşdirdikdən sonra hazırlıq üçün arxa cəbhəyə qayıdarkən Sırxavənd istiqamətində avtomobili minaya düşür və o, şəhid olur. Ölümündən sonra 1994-cü ildə ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. 1993-cü il fevral ayının 5-də onun təşəbbüsü ilə qurulan tabor ləğv edilir.

Bu gün Fərrux yüksəkliyi artıq azaddır. Orada Azərbaycan bayrağı dalğalanır. Ancaq aparılan qazıntılar nəticəsində çox sayda insan qalıqları aşkarlandı. Bu xəbər yayıldıqdan sonra onlarla şəhid ailəsi sevinməyə başladı. Yaxınlarının həmin bölgədə şəhid olduğunu, itkin düşdüyünü bilən bir çox ananın qəlbində ümid işıqları yanmağa başladı. Göz yaşları ilə, "Heç olmasa oğlumun qalıqları tapılar", dedilər. Hətta bu xəbərdən bir gün əvvəl Fərruxda şəhid olan əsgərlərdən birinin anasının yuxusuna girdiyi deyildi. Fərrux yüksəkliyinin bizim nəzarətimizə keçməsi ermənilərin ağır cinayətlər törətdiyi Xocalının və tarixi torpaqlarımız olan Xankəndinin bir addımlığında olmaq deməkdir.