Gizli xəzinə 
 

Yaşlı kəndli bütün həyatını torpaqlarını əkib becərməklə keçirmişdi. Ancaq indi oğullarının bu torpaqların qədrini bilmə - diklərini görə-görə dünyadan köçmək ona çox ağır gəlirdi. Çünki oğullarının gözləri puldan başqa heç bir şeyi görmürdü. Çox güman ki, ataları ölər-ölməz bu torpaqları satıb hamısı şəhərə köçəcəkdi. İndi ölüm ayağında belə yaşlı kəndlinin yeganə dərdi bu idi. Nəhayət, yaşlı kəndli çətinliklə də olsa, başını qaldırdı və üzünü başının üstündə gözləyən oğullarına tutub xırıltılı bir səslə: "Bu torpaqlarda basdırılan bir xəzinə var. İnanıram ki, nə vaxtsa, onu tapacaqsınız", - dedi. Xəzinə sözünü eşidən kimi oğullarının gözləri (kim bilir, bəlkə də maraqdan, bəlkə də həyəcandan) kəllələrinə çıxdı. Ancaq xəzinənin harada olduğunu soruşmağa macal tapmamış ataları gözlərini əbədi olaraq yumdu. Oğullar atalarını basdırar-basdırmaz əkin yerinə qayıtdılar və hərəsi bir kürək götürüb qazmağa başladılar. Bəlkə bir, bəlkə iki, bəlkə də üç həftə dincəlmək bilmədən qazdılar. Nəhayət, aradan üç ay keçdi, ancaq xəzinəni gördüm deyən olmadı. İndi onlar həm yorğun, həm də çarəsiz idilər. Sonra şəhərə köçmək üçün torpaqları satmağı qərara aldı - lar. Ancaq ilin o vaxtında hamı əkinlə məşğul olduğu üçün bu fikirlərindən daşındılar. Sonra da ataların - dan qalan toxumları qazdıqları bu torpaqlara əkdilər. O il kəndlinin oğulları torpağı elə dərin qazmışdılar ki, əvvəlki illərə görə daha çox məhsul götürdülər. Sonra yenidən atalarının sözlərini xatırladılar və: "Bəlkə hələ baxmadığımız bir yer var?" - deyib qaz - mağa başladılar. Bu dəfə oğullar xəzinəni tapmaq üçün torpağı daha dərin qazdılar. Ona görə də, növbəti il əvvəlki ildən daha çox məhsul götürdülər. Beləcə, kəndlinin oğulları xəzinəni tapmaq üçün hər il o torpaqları qazdılar və tapmadıqları üçün də hər il bu torpaqlara toxum əkdilər. Ancaq bir tərəfdən də illər-illəri qovur və torpaqlar hər il o biri ildən çox məhsul verirdi. Nəhayət, oğullar şəhərə köçmək fikrindən daşındılar və ev-eşik olub bu torpaqlarda qaldılar. İndi onlar bu torpaqları atalarından da çox sevirdilər. Uşaqları onlardan bu torpaqları nə üçün belə çox sevdiklərini soruşanda isə bir-birilərinə baxıb gülümsəyir və atalarından aldıqları dərsi xatır - layaraq: "Bu torpaqlarda basdırılmış bir xəzinə var. Ancaq zəhmət və sevgi ilə üzə çıxır", - deyirdilər. (Cudit Malika Libermandan)