Hər bir sahədə bir idarəçi və ya bir lider hökmən olur. Bu, bir iş yeri, bir ofis, bir firma və s. ola bilər. Bu dəfə biz əslində, idarəçi olmaq və ya liderlik nə deməkdir, onlar arasında oxşar və fərqli cəhətlər nələrdir, bunlara toxunmuşuq. Həmsöhbətimiz isə təhsil psixoloqu, moderator Hüseyn Həsənovdur.
- Psixoloji baxımdan idarəetmə sənəti və liderlik. Bunları eyni anlayış kimi qəbul etmək olarmı?
- Əslində, bu ikili bir vəhdəti əmələ gətirən iki fərqli amildir. İki fərqli anlayış olsa da, ikisi də eyni nöqtəyə vurur və nəticədə, ideal bir idarəetməyə gətirib çıxarır. İdarəetmə sənəti məsələnin daha çox texniki tərəfidir, məlumat bazasıdır, müəyyən qayda-qanunlardır. Məsələn, subordinasiyalar necə qurulmalıdır, iclaslar necə keçirilməlidir, şəxsi heyət necə idarə olunmalıdır? Bunlar idarə formasıdır. Liderlik isə artıq bir keyfiyyətdir. Yəni, burada idarə edən müdir də ola bilər, idarə edən lider də ola bilər. İdarəetmə sənətindən istifadə edən lider də ola bilər, idarəetmə sənətindən istifadə edən müdir də ola bilər və s. Liderlik burada artıq məsələnin emosional tərəfidir. Məsələn, onların vəziyyətini başa düşmək, özünü onların yerinə qoymaq və onların içindəki potensialı üzə çıxarmaq kimi.
- Təbii ki, istənilən idarəçiyə lider demək olmaz, elə isə lider hansı keyfiyyətləri ilə fərqlənməlidir?
- Birinci sualın cavabında müəyyən qədər buna toxunduq, ancaq məsələni bir az da açmaq olar. Liderin əslində, iki xüsusiyyəti var ki, bunlar bir-birinə tərs kimi görünür. O, həmişə öndə olandır, eyni zamanda o, başqalarını da irəli aparandır. Öndə olmaq nədir? Ən çətin vaxtlarda başqalarını irəli verən yox, özü öndə gedən, hər hansı bir iş olanda qollarını çırmalayıb işə girişən insandır. Bu, əslində, ətrafa da bir mesajdır ki, o, bu işdə özü də iştirak edir. Üstəlik, bu, motivasiya baxımından da çox vacibdir. Yəni, başqalarına sözlə deməkdənsə, bunu özü etməsi, özü göstərməsi kimi. Mən xatırlayıram, 10-a yaxın kursa müdirlik edəndə müdirlərdə “Kurslarda valideyn iclası olmaz” fikri var idi. Və mən kurslardan birində valideyn iclası keçirdim. Hansı ki, valideynlər məni tam tanımırdılar. Mən birbaşa onlarla ünsiyyətdə olan bir adam deyildim. Daha sonra müdirlər gördülər ki, bunu etmək olar və çox da yaxşı təsiri var. Bir işi göstərmək, o işdən danışmaqdan daha təsirli olur. Liderin əslində, bir xüsusiyyəti də budur ki, həmişə öndə olsun. Arxada olmaq və başqalarını irəli çıxarmaq isə bu artıq liderin insan yetişdirmək xüsusiyyətidir. Yəni, “Hər şeyi mən edim, məndən bilsinlər” yox, onlara da şans vermək, onların da potensialını üzə çıxarmaq, onları da yetişdirmək xüsusiyyətidir. Eyni zamanda birinci sualın cavabında toxunduğum kimi lider işdən anlayan, qarşısındakıları dinləyən, onların fikirlərindən faydalanan, özünü onlardan üstün görməyən insandır. “Mən sizdən daha yaxşıyam” yox, “Mən sizdən daha təcrübəliyəm, amma ola bilər ki, siz məndən daha yaxşı fikir, daha yaxşı ideya irəli sürə bilərsiniz” deyə biləndir.
- Liderliyin sirlərini qısaca necə xarakterizə etmək olar?
- Lider özü ilə barışmış insandır. Liderin bir xarizması olur və sırf da bu məqsədlə olur. Çünki liderlər çox təbii olurlar. Onlar özlərini də, qarşı tərəfi də olduğu kimi qəbul edir və bacarıq baxımından bəzən qarşı tərəfdən daha aşağı ola biləcəklərini problemə çevirmir (hətta etiraf edir) və qarşı tərəflə hər hansı bir natamamlıq kompleksi yaşamırlar. Dolayısı ilə, onlar həm özləri ilə, həm də qarşı tərəflə barışmış insanlardır. Ümumiyyətlə, insanın istər ətrafı ilə, istər içində olduğu mövcud vəziyyətlə barışmış olması üçün özü ilə də barışmış olması vacibdir. Çünki ancaq o zaman insanın eqosu gözünü bürümür, hissləri önünə keçmir.
- İş həyatında idarəetmə bir nəfər tərəfindən həyata keçirilməlidir, yoxsa ortaq fikirlər olmalıdır?
- Bunun konkret cavabı yoxdur. Çünki bu daha çox iş mühitindəki insanlardan asılıdır. Elə bir iş mühiti ola bilər ki, orada heç bir nəfər olmaz, bir dəyirmi masa olar. Hansı ki, o masanın başında heç kim yoxdur. Dolayısı ilə, orada hər kəsin fikri əsasdır və verilən qərarlar ancaq ortaq qərarlardır. Yəni, burada artıq ən yaxşı müdir bilər və ya son sözü müdir deyər fikri yoxdur. Amma elə bir mühit də ola bilər ki, o mühitdəkilər gəncdirlər, ya da yenidirlər. Artıq burada bir nəfər lazımdır ki, onlara yol göstərsin. Hazırda mən özüm də belə bir vəziyyətin içindəyəm. Gənc kadrları yetişdirməyə çalışıram və onlar tapşırıqlarımı yerinə yetirirlər. Müəyyən mərhələlərdən keçirdikdən sonra mənə gətirirlər ki, mən də onu təsdiq edim. Yəni, burada artıq onların təcrübələri son qərarı verəcək səviyyədə deyil. Dolayısı ilə bu, iş yerindəki mühitdən, heyətdən asılı olaraq dəyişir.
- Bütün işlərin bir nəfər tərəfindən idarə olunması hansı nəticələrə gətirib çıxara bilər?
- Çox yaxşı sualdır. Bir əvvəlki sualda toxunmadığım nöqtəyə burada toxuna bilərəm. Bu o deməkdir ki, bütün işlər bir nəfər tərəfindən görülsə, o olmadıqda bütün işlər dayanacaq. Ümumiyyətlə, yaxşı müdir, yaxşı lider kimdir? Yaxşı müdir, yaxşı lider özündən sonra başqalarını yetişdirəndir. Əgər o özü olmayanda da işlər gedirsə, deməli o, uğurlu bir müdirdir və ya uğurlu bir liderdir. Əlbəttə ki, hər kəs onun qədər ola bilməz. Çünki müəyyən təcrübələr var ki, bu təcrübələr illərlə toplanır. Məsələn, uçuş saatları deyilən bir şey var. Deyək ki, pilotlarda filan qədər uçuş saatı var, həkimlərdə filan qədər əməliyyat, müəllimlərdə filan qədər dərs, təlimçilərdə filan qədər təlim və s. Bütün bunlardan sonra sən gəlib müəyyən təcrübəyə malik olursan. Əlbəttə ki, o təcrübənin yerini heç nə verə bilməz. Yenə deyirəm, bu, qəti riyazi bir düstur deyil, amma bütün işlərin bir nəfər tərəfindən idarə olunması o işlərin axsaması deməkdir. Çünki dövr komanda dövrüdür. Ar-gelər var, rəqib şirkətlər var. Bunlar gün keçdikcə inkişaf edir. Onlarla rəqabətə dözə bilmək üçün komandaya ehtiyac var. Daha çox beyinə ehtiyac var. Daha çox beyinin fikirləşib ortaq qərar verməsinə ehtiyac var. Ona görə də, bunun üçün münbit bir şərait yaradacaq liderə ehtiyac var. Bir müdir bir yerdən getdikdən sonra o yerdə işlər dayanırsa, deməli, o yaxşı müdir deyil. Deməli, bütün işləri özü görürmüş, özü aparırmış ki, artıq o olmayanda işlər getmir. Ümumiyyətlə, hər hansı bir yerdə, fərqi yoxdur, işin hansı sahəsi olur-olsun, o yerdə sistem olmalıdır. İşin gedişi şəxslərə yox, sistemlərə bağlı olmalıdır.
- İdarəçiliyin və ya idarə etməyin məktəbi yoxdur deyirlər, buna münasibətiniz...
- Əslində, menecment, idarəetmə deyilən fakültələr var, ixtisaslar var, bunun magistr səviyyəsi var, doktorantura səviyyəsi var. Əlbəttə ki, bu mənada məktəbi var. Amma bütün bunlar bir yerə qədər özünü doğrulda bilər. Çünki yuxarıda da toxunduğum kimi insan idarəçiliyin, idaretmənin sirlərini, ya da texniki məlumatlar bazasını öyrənə bilər, amma bunu tətbiq etmək üçün məsələnin şəxsi keyfiyyət, şəxsi inkişaf tərəfləri də var. Belə ki, şəxsi inkişaf olduqda şəxsi keyfiyyət də artır. Yəni, insanın öyrəndikləri bir yerdə şəxsi keyfiyyətlərə dayanır. Yəni, öyrəndiyi idarəetməni tətbiq etmək üçün onda eqoistlik olmamalıdır və ya o, natamamlıq kompleksi yaşamamalıdır. Əks halda, idarəetmədə öyrənilən heç bir şey işə yaramayacaq. Bəli, bunun məktəbi var, amma bu məktəbi qurtaran hər kəs yaxşı idarəçi olacaq demək deyil.
- İdarəetmədə məsuliyyət anlayışı haqqında nə deyə bilərsiniz?
- Hər zaman ən ağır məsuliyyət idarə edəndədir. Yəni, ilk baxışdan iş şəraiti digərlərinə baxanda çox rahat ola bilər, iş saatı digərləri ilə müqayisədə çox rahat görünə bilər. Ofis şəraitidir, hər şey yerli-yerində, istisi, sərini, çayı, kofesi və s. Amma bu o demək deyil ki, onun işi asandır, halbuki ən ağır məsuliyyət ondadır. Onun bir məsuliyyəti də məsuliyyətləri bölməkdir. Yəni, “task sharing” deyə bilinən və iş bölgüsü kimi məlum olan bölgünü çox yaxşı aparmalı və başqalarına da məsuliyyət verməlidir. Çünki insanı yetişdirən yeganə şey məsuliyyətdir. Məsuliyyət vermək və onu izləmək lazımdır. Bu, özü belə bir məsuliyyətdir. Yəni, özünün üzərində bir məsuliyyət olsa da, başqalarına da məsuliyyət verməlidir və o məsuliyyətin nəticəsini izləməlidir. Bir sözlə, məsuliyyət verməmək özü bir məsuliyyətsizlikdir.
- İdarəetmədə uğur qazanmaq üçün hansı prinsiplər əsasdır?
- İdarəetmədə uğur qazanmaq üçün əsas məsələ balansdır. Ümumiyyətlə, həyatda hər şeydə balans vacibdir. İdarəetmədə isə mənə elə gəlir ki, insan insan psixologiyasını çox yaxşı bilməlidir. Empatiya bacarığı çox yaxşı olmalıdır. Yəni, “Mən o işçinin yerində olsam, mənə necə davransalar, yaxşı olar?” kimi. Sırf bu məsələyə görə bir sahədə o sahənin ən aşağı pilləsindən başlayıb yuxarı pilləsinə kimi gələnlər yaxşı idarəçi olurlar. Çünki onlar bilirlər ki, aşağı pillədə hansı boşluqlar var, aşağıdakı insanların psixologiyası nədir. Və hər şeyi psixologiyaları ilə bildikləri üçün ona uyğun davranırlar. Əlbəttə ki, psixologiyanı bilmək tam da o psixologiyaya uyğun davranmaq mənasına gəlmir. Burada yenə məsələ insanın şəxsi keyfiyyətlərinə dayanır. Məsələn, əzilmiş bir insan idarəçi vəzifəsinə çatanda “Mən də əzəcəyəm” deyirsə, deməli, o olanlardan doğru dərs çıxarmayıb, deməli, o olanlardan doğru nəticəyə gəlməyib. İdarəetmədə uğur qazanmaq üçün mənə elə gəlir ki, idarə olunanların psixologiyasını çox yaxşı bilmək lazımdır ki, onlardan doğru istifadə etmək mümkün olsun. Çünki ancaq işçinin psixologiyasına uyğun davrandıqda ondan maksimum faydalanmaq olar. Niyə işçinin psixologiyasına uyğun deyirəm, çünki ola bilər ki, bəziləri üçün bir az sərt olmaq lazım gələ bilər (kobud yox, sərt), bəziləri üçün bir az mülayim olmaq lazım gələ bilər. Bəzilərinə bir baxış kifayət edə bilər, bəzilərinə bir cümlə kifayət edə bilər. Bəzilərinə isə heç bir şey kifayət etməz. Onda da onlarla əməkdaşlığı dayandırmaq və yolları ayırmaq lazımdır.
- Verməmizi gözlədiyiniz, ancaq vermədiyimiz sual oldumu?
- Belə bir misal var: “Lider doğulurlar, yoxsa lider olurlar?” Çoxları deyirlər ki, lider doğulurlar. Ancaq halbuki lider olmaq da olar. İlk növbədə, liderlərin xarakter etibarı ilə ekstravert olması çox vacibdir. Onlar daha ünsiyyətcil, daha enerjili olurlar. Digər tərəfdən, liderlər temperament etibarı ilə sanqvinikdirlər. Bunlar olmasa lider olmaq olmazmi? Təbii ki, olmaq olar. Bunun üçün təcrübə ilə yanaşı, texniki məlumat bazası, eyni zamanda şəxsi inkişaf da çox vacibdir. Bunlar olsa, əlbəttə ki, insan lider ola bilər.