Yusif Zayıdov 
 

Beşiktaş... İstanbulun daha bir ilçəsi (rayonu)... Qərblə Şərqin birləşməsi... Tarixlə modernliyin vəhdəti... Canlı və rəngarəng məhəllə həyatı... Az qala hər yerində əl işlərini gələn turistlərə təqdim edən sənətkarlar. 

Bazarı, balıq bazarı, ticarət mərkəzləri, tarixi binaları, futbol klubu, mədəni və bədii fəaliyyətləri, dənizkənarı istirahət və yemək yerləri və bərə limanları ilə İstanbulun Avropa yaxasındakı füsunkar bir ilçə... Və nəhayət, məşhur Boğaz körpüsünü yaxından izləyə biləcəyiniz ən gözəl yer... Beşiktaş İstanbulda dəniz nəqliyyatının mühüm qovşağıdır. Üsküdar, Kadıköy və Boğaziçi rayonlarından yola düşən vapurlar (paroxodlar və ya gəmilər) Beşiktaş sahillərinə gəlir. Beşiktaş Osmanlı dövründə İstanbulun simvolları olan Dolmabahçe, Yıldız, Çırağan sarayları və İhlamur Köşkü ilə həm tarixi, həm mədəniyyəti, həm də sənəti özündə birləşdirir. Yıldız Sarayı Yıldız Sarayı 17-ci əsrin nümunəsidir. 3-cü Səlim bu sarayı bacısı Xədicə Sultan üçün fransız memar Mellinqə tikdirib. Ta o vaxtdan sözügedən saray istanbullular və şəhərdə yaşayan avropalılar arasında böyük şöhrət qazanır. Deyilənə görə 3-cü Səlim tez-tez bacısı üçün sarayı ziyarət etməkdən zövq alırmış. Saray sonralar da dövlət işlərində iqamətgah kimi istifadə olunur. Hətta Beşiktaş ilçəsi imperiyanın dağılmasına qədər Osmanlı taxtına ev sahibliyi edir. 13 yanvar 1910-cu ildə yaradılan və Türkiyənin ilk idman klubu kimi məşhur olan "Beşiktaş"ın Beşiktaş Gimnastika Klubu Beşiktaşda hələ də ən tanınmış qurumlardan biridir. Çırağan Sarayı Çırağan Sarayı Beşiktaş və Ortaköy arasında yerləşir. Çırağanın yeri 17-ci əsrdən "Kazancıoğlu bağları" kimi tanınır. 18-ci əsrdə Beşiktaş sahillərini bəzəyən dənizkənarı saraylar və bağlar "Lalə Dövrü" kimi tanınan "çiçək və musiqi eşqi" dövrünün ən mühüm simvollarındandır. Beşiktaş Meydanı Barbaros Meydanı kimi də tanınan Beşiktaş Meydanı Beşiktaşın ən izdihamlı yerlərindən biridir. Bura Barbaros Hayrettin Paşa Türbəsi və heykəli, Beşiktaş İskələsi, Yıldız Sarayı, dənizkənarı kafe və restoranları və onun yanındakı Dəniz Muzeyi ilə məşhur görüş yeridir. Ortaköy eyni zamanda rəngarəng bazarı və canlı atmosferi ilə məşhur kafe, kumpir mağazaları və restoranları ilə Boğaza baxan Pier Meydanında yerləşir. Və bura istanbulluların ən sevimli yerlərindən biri hesab edilir. Gecələri gündüzlərindən gözəl olan şəhərin bu ilçəsində də tarixi məscidlər az deyil. Onlardan Abbas Ağa məscidini, Kiçik Məcidiyyə məscidini, Ertuğrul Tekke məscidini, Memar Sinan tərəfindən inşa edilən Sinan Paşa məscidini və bir sıra başqalarını misal göstərə bilərik. Buradakı məscidlərdən biri Abbas Ağa məscidi 1655-ci ildə Abbas Ağa tərəfindən tikilib. Sultan II Mahmud tərəfindən təmir edilib. Məscidin yanında 1637-ci ilə aid bulaq da var. Bebek məscidi və ya rəsmi adı ilə Humayunu Abad məscidi də tarixi məscidlərdən biridir. Ortaköy və ya Böyük Məcidiyyə Beşiktaşda bir neçə tarixi məscidlə yanaşı ən çox tanınan və ziyarət edilən bir məscid də Ortaköy məscididir. Digər adı ilə Böyük Məcidiyyə məscidi ilçənin ən görkəmli yerində yerləşir. Belə ki, bu məscid də Türkiyənin bəzi tarixi məscidləri kimi üzü dənizə tikilib. Ortaköy və ya Böyük Məcidiyyə məscidinin tarixi 19-cu əsrə gedib çıxır. Əgər Beşiktaşın gecə gəzintisindəsinizsə və qarşı yaxada, yəni Anadoluda yaşayırsınızsa, geri qayıtmaq sizin üçün bir az həyəcanverici ola bilər. "Niyə?" deyə soruşsanız, cavabı çox sadədir. Çünki son vapura çatmasanız, böyük ehtimal ki, gecəni ya dəniz kənarında keçirməli olacaqsınız, ya da hər hansı bir oteldə qalmalı olacaqsınız. Əgər qarşınıza mərhəmətli bir insan çıxsa, onda sizi evinə dəvət edəcək, beləcə, siz də gecəni küçədə qalmaqdan xilas olacaqsınız. Ona görə də, belə hallarla qaşılaşmamaq üçün tez-tez saata baxmalısınız. Siz sahilə yan almamış son vapurun sahildən ayrıldığı vaxtı öyrənmisinizsə, onda ayaqlarınıza güc verməlisiniz. Çünki həmin anda sahili görməlisiniz. Həyəcanla son vapura çatmaq üçün qaçan insanları görsəniz, onların marafon yarışına qoşulduğunu zənn edə bilərsiniz. Qaçanların ayaqlarına, sizlərin isə gözlərinə qüvvət, əziz oxucularımız. Bu da son... Ancaq yox, son sözü deməzdən əvvəl deyək ki, hər nə qədər gözəl olursa-olsun, sonda anlayırsan ki, ən gözəl yer yenə də öz vətənindir. "Xeyirli günlər, Azərbaycan!" - deyərək, sizlərlə sağollaşdı - Yusif Zayıdov