Fraza jurnalı 
 

Kəpənəklər, tısbağalar və quşlar kimi bəzi heyvanların dünyanın maqnit sahəsini hiss etmək qabiliyyətinə malik olduqları və istiqamətlərini ona görə müəyyən etdikləri elmi bir həqiqətdir. Bundan başqa, köç edən heyvanların günəşdən, ulduzlardan, həmçinin iylərdən istifadə etmək kimi müxtəlif üsulları da var. İşin maraqlı tərəfi isə çox böyük bilik tələb edən bu işi heyvanların heç bir təlim keçmədən həyata keçirə bilmələridir. Maqnit sahəsi və qütblər Heyvanların istiqamətlərini müəyyən etmələri ilə bağlı müxtəlif nəzəriyyələr var. Son araşdırmalar isə əsasən heyvanların maqnit sahəsini necə müəyyən etdikləri və bu maqnit sahəsinə görə necə hərəkət etdikləri barədədir. Bu məsələni dərk etmək üçün isə, ilk növbədə, "maqnit qütbləri" məfhumunu yaxşı bilmək lazımdır. Bir vacib məsələ də odur kı, coğrafi qütblə maqnit qütbünü qarışdırmaq olmaz. Əgər maqnit sahələrindən və qütblərindən qısaca bəhs etmiş olsaq, Yer Kürəmizin mərkəzindəki "alov topu" deyilən əsas təbəqədən də bəhs etməliyik. Burada bütün maddələr vulkan püskürmələrində olduğu kimi lava şəklində olur. Bu baxımdan "alov topu"nun tərkibində olan nikel və dəmir kimi elementlər dünyanın üzərində maqnit sahəsi meydana gətirir. Beləliklə də, kompasımızdakı iynəni şimala doğru çevirən qüvvə meydana gəlmiş olur. Mərkəzdə yerləşən, çox ağır, həmçinin, maye şəklində olan bu qatı kütlənin təsiri ilə dünya fırlanarkən rəqs edir və nəticədə, maqnit sahəsində müəyyən dəyişikliklər meydana gəlir. Nəticədə, kompasımız həmişə tam olaraq şimal qütbünü göstərmir. Digər tərəfdən, dünyanın maqnit qütbü hərəkət edir. Hətta son 10 ilin nəticələrinə görə bu hərəkətin sürəti ildə 55 km-ə çatır. Məsələn, 1831-ci ildə Kanadada yerləşən maqnit şimal qütbü bu gün 2300 km sürüşmüş və artıq Sibirə yaxınlaşmışdır. Hətta bəzi alimlər haradasa 780 min il əvvəl bugünkü cənub və şimal maqnit qütblərinin tam əks istiqamətdə yerləşdiyini iddia edirlər. Ancaq maqnit qütbləri nə qədər sürüşsə də, dünyamızın maqnit sahəsi öz vəzifəsini yerinə yetirməkdə davam edir. Bu da bir həqiqətdir ki, maqnit qütbləri sürüşdükcə dünyamızın maqnit xəritəsi də dəyişir. Bəlkə də, bu məsələ hamı üçün vacib olmaya bilər. Ancaq kompasdan istifadə edən insanlar və vasitələr üçün bu, çox ciddi problem təşkil edir. Sürüşmə nəticəsində maqnit şimal qütbü ilə coğrafi şimal qütbü arasında "maqnit meyil bucağı" adlandırılan bir fərq meydana gəlir. Üstəlik, bu bucaq bizim olduğumuz yerə görə də dəyişir. Məsələn, biz Kanadadayıqsa, maqnit meyil bucağımız 13 dərəcə, Braziliyadayıqsa, 20 dərəcədir. Ona görə də, təyyarələr və gəmilər istiqamətlərini düzgün müəyyən etmək üçün olduqları yerin meyil bucağını əsas götürür və maqnit sahəsini buna görə hesablayırlar. Hətta biz fərqində olmasaq belə, cib telefonlarımız da bu hesaba görə avtomatik olaraq yenilənir. Bunun üçün isə fizikada Lens Qanunu kimi məlum olan, dünyanın maqnit sahəsini hesablamaqda istifadə edilən düsturdan, ya da qaussmetrdən (dünyanın maqnit sahəsini hesablayan alət) istifadə olunur. Kriptoxrom nədir? Bəs köçəri quşlar və ya böcəklər istiqamətlərini maqnit sahəsinə görə müəyyən edirlərsə, qütb dəyişikliyinə baxmayaraq köçlərini necə həyata keçirirlər? Araşdırmalar göstərir ki, bəzi köçəri canlıların bədənində bu iş üçün kriptoxrom (CRY) adlı xüsusi bir protein var. "Kriptoxrom-1" və "Kriptoxrom-2" olmaqla iki ayrı formada mövcud olan bu molekullardan "Kriptoxrom-2" canlıların gündəlik həyat ritminin nizamlanması, başqa sözlə, bioloji saatının tənzimlənməsi, həmçinin, köç zamanı yollarının müəyyən edilməsi üçün istifadə olunur. Massaçusets Universiteti Tibb Fakültəsindən Stiven Reppert və komandası milçəklər və kəpənəklər üzərində apardıqları araşdırmalarda "Kriptoxrom2"-nin canlıların bədənindəki funksiyalarını öyrənmişlər. 2009-cu ildə "Nature" jurnalında dərc olunan araşdırmada Stiven Reppert və komandası hər hansı bir kriptoxrom forması olmadan milçəklərin maqnit sahəsinə görə yollarını müəyyən edə bilmədiklərini, ancaq milçəklərin bədənində "Kriptoxrom-2" molekulu aktivləşdirildikdən sonra onlarda maqnit sahəsinə qarşı həssaslığın bərpa olunduğunu müəyyən etmişlər. Bu araşdırmanı apararkən alimlər milçəklərin genlərinə müdaxilə edərək əvvəlcə kriptoxrom istehsalının qarşısını almış, sonra yenidən bu genlərin aktivləşdirilməsi nəticəsində kriptoxrom istehsalını bərpa etmişlər. Başqa bir araşdırmada isə bir qrup göçəri quşun ayağına dəmir çubuqlar bağlanmış, ancaq bu çubuqlardan bəzilərinə dünyanın maqnit sahəsini pozan bir maqnit cihazı yerləşdirilmişdir. Ayaqlarında maniqtli çubuq olan quşların uçuş zamanı azdıqları, adi çubuq olan quşların isə həmişə olduğu kimi istiqamətlərini asanlıqla müəyyən etdikləri müşahidə olunmuşdur. Sini çanaqlı tısbağalar və ya karetta karettalar Şimalı Karolina Universitetindən Kennet Lomann və komandasının sini çanaqlı dəniz tısbağaları ilə bağlı apardığı bir təcrübə isə bu şəkildədir: Bu heyvanlar Floridanın şərq sahillərində yumurtadan çıxar-çıxmaz okeana istiqamət götürür və birbaşa "Şimali Atlantika Cərəyanı" adlanan və Sarqasso Dənizinin ətrafında yerləşən böyük cərəyana daxil olurlar. Bu cərəyanıın içərisində şimal-şərqə, yəni Avropaya doğru gedir, daha sonra cənuba istiqamət götürərək qida ilə zəngin bu isti cərəyanın içərisində 5-10 il keçirdikdən sonra yenidən Şimalı Amerikaya qayıdırlar. Lohmann və onun komandası dəniz tısbağalarının öz yollarını müəyyən edərkən onların o bölgənin maqnit sahələrindən istifadə edib etmədiklərini öyrənmək istəmiş və bunun üçün böyük bir su çəni düzəldərək ətrafına maqnit sahələri əmələ gətirən spirallar yerləşdirmişlər. Yumurtadan yeni çıxan 79 tısbağa balasına ucunda kompüterləşdirilmiş müşahidə sistemi olan jilet şəklində bir geyim geydirilmiş və sonra da bu tısbağa balaları su çəninin içərisinə buraxılmışlar. Nəticədə, sınaqdan çıxarılan hər maqnit sahəsində tısbağalar buna əks istiqamətdə üzməyə başlamışlar. Məsələn, çənə köç yolunun şimal-şərq hissəsindəki maqnit sahəsi tətbiq edildikdə heyvanlar cənuba istiqamət götürmüşlər və s. Real okeanda isə bu mexanizm tısbağaları doğru yola istiqamətləndirir və onların soyuq sulara düşərək ölmələrinin qarşısını alır. Sirli köç Bəs heyvanlar köç edərkən hansı istiqamətə gedəcəklərini necə bilir və dünyaya gələr-gəlməz heç getmədikləri və ya heç görmədikləri bir yerin onlar üçün daha uyğun olduğuna necə qərar verirlər? Ya da bu gün bizim müxtəlif araşdırmalarla müəyyən etdiyimiz üsulları onlar necə öyrənirlər? Müasır dövrümüzdə təkcə quşların yox, yarasaların, qarışqaların, tülkülərin və hətta maralların da maqnit sahələrini hiss etmə qabiliyyətləri ilə bağlı kifayət qədər dəlillər var. Bilirik ki, bunların heç birini heyvanlar öz ağıl və ya bilikləri ilə etmirlər. Bu biliklər hələ dünyaya gəlməmişdən əvvəl genetik olaraq onların genlərinə yazılır, hər şeyi ən incə nöqtəsinə qədər bilən Sonsuz Elm Sahibi tərəfindən sövqi ilahi olaraq onlara ilham edilir. Heyvanların beyni, neyronlar, hormonlar, reseptorlar və protein molekulları isə bu ilahi sirrə pərdə olan maddi səbəblərdən başqa bir şey deyil. Bu qarışıq, ancaq nizamla işləyən zəncirvari sistem göstərir ki, Günəşi yaradan kimdirsə, ondan gələ biləcək zərərli şüalara qarşı yer üzünü maqnit qalxanla qoruyan da Odur. Heyvanları yaradan kimdirsə, dünyanın maqnit sahəsi ilə onları istədiyi yerə istiqamətləndirən də Odur. İnsanda kriptoxrom Aparılan son araşdırmalarda kriptoxrom proteinlərinin insan bədənində də mövcud olduğu və xüsusilə də, "Kriptoxrom-2"-nin bioloji ritmimizin nizamlanmasında iştirak etdiyi məlum olmuşdur. Kimya üzrə Nobel Mükafatı laureatı, professor Əziz Sancar da sirkadiyalı saat təcrübələri ilə gözdə, dəridə, hətta beyində yerləşən kriptoxrom piqmentinin məməlilərin gündəlik yuxu, qidalanma və digər fəaliyyətlərinin müəyyən bir ritm (sirkadiyalı ritm) daxilində həyata keçirilməsində iştirak etdiyini müəyyən etmişdir. Digər tərəfdən, alimlər tərəfindən insanların da dünyanın maqnit sahəsini hiss etdikləri barədə nəzəriyyələr ortaya atılır və bu istiqamətdə araşdırmalar aparılır. Təbii ki, bütün bunlarla yanaşı dünyanın dəyişən maqnit qütbünün sirri də araşdırılmağa ehtiyacı olan məsələlərdəndir.