Aygün Akıfqızı 
 

Sizcə, həyatda insanın öz uğur hekayəsini yazması üçün neçə yaş kifayət edər? Bəlkə 70, bəlkə 50, bəlkə 30, bəlkə 18, bəlkə də hələ məktəb yaşları... Göründüyü kimi cavablar müxtəlifdir. Bu dəfə uğur hekayəsindən bəhs edəcəyimiz həmsöhbətimizin uğurları da lap kiçik yaşlarından başlayıb. O, öz uğur hekayəsini hələ məktəb yaşlarından yazmağa başlayıb. Həm də iştirak etdiyi və qalibiyyətsiz qayıtmadığı olimpiadalarla... Söhbət Massaçusets Texnologiya İnstitutunun tələbəsi, bizim Barış adı ilə tanıdığımız Abutalıb Şahvələd oğlu Namazovdan gedir... 

- Siz müsahibələrinizin birində deyirsiniz ki, Azərbaycandan MİT-ə kimi olan məsafə kilometrlərlə yox, illərlə ölçülməlidir. O illərin içinə yeniyetmə və gənclərimiz nələri yerləşdirməlidirlər?

- Mən istəməzdim ki, bizim gənclər hər şeyin MİT-ə uzanan yoldan ibarət olduğunu düşünsünlər. Bunu hədəf seçmələri çox əladır. Amma başqa cür alınarsa, məyus olmasınlar. Başqa universitetlər də var. Çox istedadlı gənclər fərqli ölkələrə üz tuturlar. Bəziləri Bakıda oxuyurlar. Sadə bir peşənin arxasınca sənayeyə gedənlər var. Kimsə idmanı seçir, kimsə sənəti. Kim isə özünün qızıl əlləri ilə çox dadlı yeməklər bişirir. Yollar və seçimlər çoxdur. Onların bəziləri daha çətindir, bəzilərini hər adam gedə bilmir, bəzilərində şans çox azdır. Amma yol çoxdur. Hər kəsin getmək istədiyi yol da fərqli ola bilər. Fəqət hər kəsin yaxşı işlər görə biləcəyi bir sahə və ya yol hökmən var. Odur ki, hər kəs bir yolda çox irəli getmək üçün lazım gəlsə, illərlə çalışmağı göz önünə almalı, illərlə əziyyətə tab gətirməyi bacarmalıdır. Bizim gənclər könüllərinə yatan bir işin arxasınca gedəndə o işə ürəklərini qoymalıdırlar. Ürək böyük gücdür. Mən bir kardioloq tanıyıram, Firdovsi İbrahimov, mənim nənəmin həkimi idi. O zaman gənc idi. Amma işini o qədər sevirdi ki. Bir dəfə nənəmi xəstəxanaya apardıq, atamla Almaniyadan gələn professor gənc həkimin işinə məəttəl qaldı. Çünki ürəyin funksionallığı çox böyük fərqlə bərpa olunmuşdu. Bir dəfə bir xəstəxananın qəbulunda bir xəstəni pulu olmadığı üçün xəstəxanaya qəbul etmirdilər. Atam dayanıb baxdı, sonra Firdovsi həkimə zəng etdi ki, burada kasıb adam var, zamin dur, onu xəstəxanaya qəbul etsinlər. O da razılaşdı. Ürək həkimidir, amma öz ürəyini işinə ayırıb deyə, yaxşı işlər görə bilir. Sözsüz ki, elmə aid yollar çox güclü biliklər tələb edir, amma bütün yollar, hətta bu, sadə bir peşə belə olsa, insandan ürək istəyir.

- Dünyanın bir sıra nüfuzlu universitetləri olduğu halda, niyə MİT? Orada sizdən başqa azərbaycanlı varmı?

- MİT texnologiyalar üzrə hər kəsin arzu etdiyi yerdir. Bəzən deyirlər ki, mən ora gedən ilk azərbaycanlıyam. Mən ora birbaşa bakalavr qəbulu alan ilk azərbaycanlıyam. Amma məndən əvvəl transferlə MİT-ə gedərək həm bakalavr, həm magistr təhsili alan Tural Bədirxanlı kimi bizlərə örnək olan bir insan var. Bir neçə azərbaycanlı gənc burada magistratura bitirib. Ramin İsayev, Ramin Məhərrəmli. Hazırda iki nəfər magistratura oxuyur. Birini tanıyıram, Elgün Paşayev, çox möhtəşəm bir insandır. Yaşar Əhmədli, burada magistraturanı bitirdi. Lap irəli getsək, Lütfi Zadə də müəyyən bir dövrdə burada oxuyub. Amma azərbaycanlı və MİT diskursunda ən parlaq ad Əli Cavandır. Təbrizlidir. O, çox nəhəng alim idi. Canlı klassik idi. Bütün dünya onun adı gələndə xüsusi ehtiram duyur. Heyf ki, onu canlı görə bilmədim. İstərdim, onun haqqında oxucularınıza çox yazasınız. Nəhayət, ən yaxşısı odur ki, Salman Hüseynov qəbul oldu. Maraqlıdır ki, Bostonda MİT-də oxumayan çox parlaq azərbaycanlılar var. Elnur, Əli, Şamxal və adını çəkmədiyim çoxları. Əsl ürək sahibidirlər. Salman burada tək olmayacaq. İnanıram ki, sonrakı illərdə də gələnlər çoxalacaq.

- Bilirik ki, siz dəfələrlə olimpiadaların qalibi olumusunuz. Olimpiadalarda iştirak etmək insana nə verir?

- Olimpiadaların roluna bir ad düşünmüşəm: Xüsusi Təyinatlı Öyrənmə Məktəbi. Biz olimpiada havasına düşüb durmadan çalışa, öyrənə bilirik. Tanınmış universitetlərə qəbulda da üstünlüyün olur. Həm də ali məktəbdə oxuyanda daha bacarıqlı olursan.

- Uğur hekayəsi sizə görə nədir? İnsan nə vaxtdan etibarən uğur qazanmağa başlayır?

- İndi sizə cavab verərkən düşündüm ki, şəxsən mən çox uğurlu olum, irəli gedim deyə bir yol seçməmişəm. Mən riyaziyyatı və dəqiq elmləri çox sevirdim. Və artıq hiss etdim ki, alqoritmlərə marağım çoxdur. Üstəlik, bu məndə pis alınmır. Sonra bu haqda məndə ciddi sosial düşüncə yarandı. Mən gördüm ki, elm, həmçinin yeni nəsil ağıllı maşınların icadı bəşəriyyətə böyük fayda verə bilər. İstədim, bu sahədə töhfə verim. Bir sözlə, mən uğur qazanım deyə nəyisə etməmişəm. Uğur mövzusunda çox az şey bilirəm. Onu bilirəm ki, sevdiyin bir iş üçün çox çalışırsan, yorulmursan, o sənə qol-qanad verir. Sevdiyin bir işinin olması, həmçinin faydalı olmağın çox gözəldir. Əsas da budur. Yoxsa, uğur qazanıb dünyaya sahib olmalı deyilsən ki...

- Universitet dərsləri ağır olur. Sizin universitetin dərsləri isə daha da ağırdır. Yorulursunuzmu dərslərdən? Və ya dərslərdən yorulan həmyaşıdlarınıza tövsiyələriniz nə olardı?

- Burada gecə ilə gündüz qarışıb, bəzən oxu zalında bir az yatıb günü adlayırsan, çox vaxt dərsdə yemək yeyirsən. Vaxt olmur nahara. Hamı belədir, amma heç kim yorğun və bezgin deyil. Hamı canavar kimidir, hamı öyrənir. Çünki sevirlər öyrənməyi.

- Sizcə, sosial fəaliyyətlərə qoşulmaqla tələbə həyatını daha da əyləncəli etmək olarmı?

- Əlbəttə etmək olar. Amma mən MİT-də bir şey gördüm. Tələbə üçün öyrənmək əsas əyləncədir. Bu mühiti yaradanlara adam heyran olmaya bilmir.

- Sizin adınız mənə veriləndə düşündüm ki, görəsən necə müsahibə alacağam? Amma sonradan müsahibənizə baxanda yanıldığımı düşündüm. Bu vaxta kimi uğur hekayələri haqqında danışdığımız insanlar kifayət qədər yol qət etmiş gənclərimiz olublar. Qısa müddətdə belə bir uğur qazanmaqda sizə ən çox kim dəstək olub?

- Mən şanslı uşaq idim. Çox maraqlı insanların əhatəsində böyüdüm. İntellektli, idealist dostları olan bir ailədə. Jurnalistlər, yazıçılar, şairlər, alimlər, onların qatıldığı tədbirlər mənim şansım oldu. Həm də bəxtimə yaxşı müəllimlər düşdü. Ailədə məndən böyük bir uşaq var idi, evdə dram dərnəyi, elmi yarışlar, esse kursları təşkil edən, bizə örnək olan bacım var idi. Evimizdə adını daşıdığım babamdan qalan və həm də onun qurduğu xoş bir həyat tərzi var idi. Bizim evimizdə Nyutonun şəkli var idi divarda. Mən bu gün Türkiyədə riyaziyyat komandasının rəhbəri olan professor Azər Kərimovu uzaqdan da olsa, tanıyırdım. Bir sözlə, nümunə götürdüyüm insanlar çox idi.

- Dərslikdən əlavə kitab oxumağa vaxt ayıra bilirsinizmi? Vaxtınız olursa, ən sevimli kitabınız və ya yazıçınız...

- Elmi kitablar oxuyuram. Bədii əsərləri yalnız yay boyu oxuya bildim. Məktəb vaxtı xeyli oxuya bilmişəm. Özümü sevimli kitabını və yazıçısını seçəcək qədər yaxşı oxucu saymıram. Amma bəlkə atamın təsiri ilə olub. “Səfillər” romanı bizim üçün ədəbiyyatdan artıq bir şeydir. Çox sevdiyim əsərlər var. Elə keçən yay Türkiyədən Kamyunun “Yad” əsərini aldım, türkcə oxudum. Çox təsirli idi. Mən Seymur Baycanın yazılarını ardıcıl oxuyuram ki, təkcə atamın mütaliə təcrübəsi ilə kifayətlənməyim. Seymur əmi çox ciddi mütaliəyə sahibdir və maraqlı icmallar edir.

- Biz bilirik, amma bir də oxucularımızın bilməsini istərdik. Sizin Amerikada Azərbaycanı təmsil etdiyiniz musiqi janrı olub. Təmsil etdiyiniz o janrın alətində ifa edə bilirsinizmi? Niyə məhz o janr? Sizi o janra bağlayan nə var?

- Bildim, nəyə işarə edirsiniz. Özümə də qəribə gəlir bu. Mühəndis məktəbində oxusaq da, biz humanitar və kommunikativ dərslər də götürməliyik. Mən Bakıdan getməzdən əvvəl aktyor İlqar Cahangirin oynadığı “Arzular bağı” tamaşasına baxmışdım və elə heyran olmuşdum ki, dram dərsi götürmək istədim. Amma limitli dərs idi, lotereyam udmadı. “Dünya musiqisi” dərsi seçdim. Çox maraqlı dərs idi. Həmin dərsdə biz bir araşdırma yazısı hazırlamalı idik. Mövzusu sərbəst idi. Mən də aşıq musiqisi ilə bağlı bir mövzu seçdim. Jurnalist Qabil Zimistanoğlu var. O gözəl saz çalır. Yaxşı oxuyur. Özü də çox yaxşı insandır. Ürəyimdə bu mövzunu Qabil əmiyə həsr etdim. Həm özüm bilikləndim, həm də ən yaxşısı o oldu ki, dərs yoldaşlarımı aşıq musiqisi ilə tanış etdim. Çox bəyəndilər. Müəllimimiz etnik musiqiləri araşdırır, o məndən aşıq və digər xalq musiqilərimizlə bağlı resurslar, mənbələr istədi.

- Fikriniz nədir? Oxuduqdan sonra hamının xəyal etdiyi ABŞ-da qalmaq, yoxsa geri dönmək?

- Məni qarşıda xeyli müddət təhsil almaq, öyrənmək, təcrübə qazanmaq gözləyir. Bundan sonra qərar verəcəyəm.

- Sizə 80 min dollar təqaüd ayrılıb. Bu təqaüddən yalnız təhsil həyatınız üçün istifadə edirsiniz?

- Mən ötən müsahibəmdə demişdim ki, orada hər şey o qədər humanistcəsinə təşkil olunub ki, mənə 80 min dollar təqaüd verilməyinə baxmayaraq, hər addımda “Yaxşı ki, bizi seçmisən” deyə təşəkkür edirlər. Amma bu 80 min dolların hamısı təhsilim üçündür. İllik təhsil haqqım 55 min dollardır. Yataqxana, yüksək yemək təminatı, kitablar, tibbi sığortam və zəruri xərclər ödənəndə mənə nağd olaraq xərcləməyə demək olar ki, pul qalmır. Hər şey yüksək səviyyədə təmin olunub və bu pul onun üçündür. Üstəlik, mən ailəmə ağır olmasın deyə işləyirəm ki, gündəlik əlavə xərclərim üçün pulum olsun.

- Azərbaycan universitetlərində təhsil alan gənclər üçün nə isə bir TEDx, seminar vermək fikriniz varmı? Və ya vermisinizmi?

- İmkan tapanda olimpiadaçılar üçün hazırlığa kömək edirəm. Bu istiqamətdə fayda verməyə çalışıram. Azərbaycanda çox istedadlı tələbələr var. Onları dinləmək mənə ləzzət verir. Yəqin ki, getdikcə birgə müzakirə və söhbətlərimiz artar.

- Həmyaşıdlarınıza tövsiyələriniz...

- Onlara demək istədiyim odur ki, mənim kimilərini onlara nümunə göstərəndə sıxılmasınlar. Bütün uğurlu yollar MİT, Stenford, Harvard kimi universitetlərdəki təhsildən başlamır. Əvəzinə öz ürəklərini dinləyib çox çalışsınlar, çox öyrənsinlər. Çoxlu onlayn resurslar var. Bizim universitetin bütün resursları hamıya açıqdır. Onlar böyük işlər görə bilərlər. Əl-ələ verib bu dünyanı gözəlləşdirə bilərik. Bizim universitetin şüarı da elə bu sadə arzudan ibarətdir.

Sonda müsahibə üçün dəyərli həmsöhbətimizə təşəkkür edirik. Və yazıda adını çəkdiyi, yenicə MİT-i qazanmış daha bir həmyerlimizi, astaralı Salman Hüseynovu təbrik edirik. Gənclər, yolunuz açıq olsun!