Fraza jurnalı
1799-cu ildə Napoleon Bonapart əsgərlərinə səngər qazmağı əmr etdi. Qazıntı zamanı əsgərlər qəribə bir daş tapdılar və bu daşın üzərində cürbəcür işarələr olduğunu gördülər. Ancaq bu işarələrdən heç bir şey başa düşə bilmədilər. Nəhayət, əsgərlər bu daşı alimlərə göstərdilər. Alimlər bu daşın neçə əsr əvvələ aid olduğunu öyrəndilər, ancaq onlar da daşın üzərindəki işarələrdən bir şey başa düşmədilər. Üstəlik, bu alimlər həm qədim yunan, həm də qədim Misir dillərini yaxşı bilirdilər. Alimlər hər işarənin bir sözü ifadə etdiyini bilirdilər, ancaq hər işarəyə uyğun bir söz qoyduqları halda, yenə bir nəticəyə gələ bilmirdilər. Bu daş üzərində alimlər az qala aylarla tər tökdülər. Ancaq yenə də tökdükləri bu tərin nəticəsini ala bilmədilər. Bəli, alimlər az qala bu daş qarşısında çarəsiz qalmışdılar. Ona görə də, onun sirrini açmaqdan ümidlərini üzdülər. Ancaq ümidini üzməyən tək bir nəfər var idi. O da fransızların tanınmış alimi Jan Fransua Şampolyon idi. Onun beyni bu problemlə o qədər məşğul idi ki, az qala öz beynini şifrə açmaq üçün proqramlaşdırmışdı. O, demək olar ki, bütün günü bu daş haqqında düşünür və hər dəfə öz-özünə: "Bəlkə hər işarə bir hərfi ifadə edir?" - deyirdi. Ancaq onun bu fikirlərini təsdiq edən ən kiçik bir sübut belə yox idi. Şampolyon Fil Adasında araşdırma apararkən başqa bir daş tapdı. Və bu daşda bir sözün tez-tez təkrar olunduğunu gördü. Sonra bildiyi hərfləri onun yerinə qoydu. Çox keçmədi ki, Şampolyon sevinclə: "Tapdım! KLEOPATRA", - deyə qışqırdı. O, başa düşdü ki, misirlilər yalnız xüsusi adların hər bir hərfi üçün bir işarədən istifadə edirlər. Ancaq söz yazanda o sözü bir işarə ilə ifadə edirlər. Sizcə, Şampolyon bu sirri açmaq üçün neçə ilini sərf etdi? Nə az, nə çox, düz iyirmi üç ilini. Bu hadisədən sonra o bu mövzu ilə bağlı böyük bir qrammatika kitabı yazdı. Sonra isə ona uyğun böyük bir lüğət kitabı hazırladı. Bu gün müasir elmin Qədim Misirlə bağlı əldə etdiyi nə varsa, hamısı onun sonsuz fədakarlığının nəticəsidir.