Nəzmiyyə Sadıqova 
 

Dişlər insan orqanizminin hər yaşda qulluq edilməsi vacib olan orqanlarından biridir. Çünki dişlərinə düzgün qulluq etməyən şəxs bir müddət sonra həm estetik, həm də sağlamlıq cəhətdən bir çox problemlə üzləşə bilər. Bəs bu problemlərin yaranmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bu və insanları maraqlandıran digər suallara cavab tapmaq üçün həkim-stomatoloq İbrahim Abdullayevlə həmsöhbət olduq...

 

- Pasiyentlər daha çox hansı diş problemləri ilə bağlı müraciət edirlər?

- Ümumiyyətlə, diş problemləri dünyada, eləcə də ölkəmizdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Belə ki, aparılan araşdırmaların nəticələrinə görə, əhalimizin bir çox hissəsi diş və diş əti xəstəliklərindən əziyyət çəkir. Həmin xəstəliklərə dişin sərt toxuma qüsurları, diş çatışmazlığı qüsurları, diş əti çəkilmələri, diş əyrilikləri, kariyes və s. kimi problemlər daxildir. Bunlar arasında insanların ən çox müraciət etdiyi problem isə kariyesdir. Yəni, insanlar, əsasən, ağrı hiss etdikləri təqdirdə həkimə müraciət edirlər.

- Kariyes necə əmələ gəlir? Kariyes vaxtında müalicə edilmədikdə, hansı fəsadlar törədə bilər?

- Kariyes, əsasən, dişlərə düzgün qulluq edilmədikdə və həkim müayinəsindən vaxtında keçmədikdə yaranır. Yəni, çox vaxt pasiyentlər kariyesə ciddi yanaşmır və həkimə dözülməz diş ağrıları olduqda müraciət edirlər. Müalicəsi gecikdirilmiş kariyes isə diş itkisinə səbəb olur. Diş itkisi isə ən ağır hal sayılır. Bəs, kariyesin əmələ gəlməsinin qarşısını necə almaq olar? İlk növbədə, dişlərə düzgün qulluq edilməli və karbohidratlardan, qazlı içkilərdən, şirniyyatlardan uzaq durulmalıdır. Çünki karbohidratlar ağızdakı bakteriyaların ən əsas qida mənbəyidir. Bu bakteriyaların artması isə dişlərdə çürüklərin yaranmasına səbəb olur.

- İmplant nədir? Hər kəsə istənilən vaxt implant qoyula bilərmi?

- İmplant diş qüsurlarını asanlıqla aradan qaldıran yad bir cisimdir. Lakin bu yad cisim elə bir materialdan hazırlanır ki, onun insan orqanizminə heç bir zərəri dəymir. İmplantlar dizayn və quruluşuna görə müxtəlif cür olsa da, əsasən, saf titandan hazırlanır. Bəzi hallarda isə sirkonium dioksiddən də implantlar hazırlanır. Lakin həmin implantlar bir qədər zərif quruluşa malik olduqlarına görə günümüzdə onlardan az istifadə olunur. Ümumi olaraq, estetik cəhətdən saf titandan hazırlanmış implantlardan daha yaxşı nəticələr əldə etmək mümkündür. Bundan əlavə, implantlar əsasən yetkin yaşlarda olan insanlara, yəni 18 yaşdan yuxarı olan şəxslərə qoyulur. Çünki o yaşa qədər üz skleti hələ də inkişafını davam etdirir və bu vaxt implant qoyularsa, bəzi qüsurlar yarana bilər. Bundan başqa, əgər pasiyentdə bir çox qan xəstəlikləri, xərçəng, talassemiya kimi xəstəliklər varsa və ya pasiyent yeni infarkt keçiribsə, implant qoyulması məsləhət görülmür. İmplantlar barədə pasiyentləri maraqlandıran digər məsələlərdən biri də çıxarılan dişin yerinə həmin gün implantın yerləşdirilməsidir. Nəzərinizə çatdırım ki, bəli, diş çıxarıldıqdan sonra implant qoyula bilər. Lakin istisna hallar da var. Yəni, diş kökündə iltihablanma və implanta mane olacaq digər hallar varsa, implant həmin gün qoyula bilməz. Yalnız problemə uyğun müalicə edildikdən sonra implant yerləşdirilə bilər.

- Metal və metalsız keramik qapaqlar arasında fərq nələrdir? Və onlardan hansı hallarda istifadə oluna bilər?

- Ümumiyyətlə, metal keramikalar ilk istifadə edilən keramika növlərindəndir. Metalsız keramikalar isə yeni dövrün tələblərinə uyğun olaraq son vaxtlar geniş istifadə olunmağa başlayıb. Çünki metalsız keramikalar estetik cəhətdən təbii dişə daha çox bənzəyir. Həm metal, həm də metalsız keramikalar diş qüsurlarının bərpasında istifadə olunur. Lakin mən ön dişlərdə metal keramikadan istifadə edilməsinin tərəfdarı deyiləm. Çünki müəyyən vaxt keçdikdən sonra metalda bir sıra qaralmalar baş verir və bu, estetik cəhətdən görünüşü pozur. Bu kimi bir çox səbəblərə görə metalsız keramika metal keramikadan daha çox məsləhət görülür. Metalsız keramikaların ən çox istifadə edilən növü isə vinirlərdir. Çünki bu zaman dişlər daha az yonulur. Lakin nəzərinizə çatdırım ki, sağlam dişlərin yonulmaması üçün implantlar daha məsləhətlidir.

- Uşaqların süd dişi çürüdükdə, bəzi valideynlər "Onsuz da töküləcək" deyərək, həkimə müraciət etmirlər. Sizcə, bu doğrudurmu? Uşaqlarda süd dişi çürüdükdə nə etmək lazımdır?

- Bu, çox yanlış bir yanaşmadır. Çünki süd dişlərinin altında daimi dişlərin mayası yerləşir və süd dişlərinə düzgün qulluq edilmədikdə maya zədələnir. Bu zaman isə yeni çıxan daimi dişlərin mina qatında bir sıra zədələnmələrə rast gəlinir. Bəs valideyn nə etməlidir? Valideyn süd dişlərinin ilk çıxdığı gündən həmin dişlərə qulluq etməli və kariyes əmələ gəlməməsi üçün uşağa ana südünü çox verməlidir.

- Bildiyimiz kimi, hazırda diş sağlamlığına əhəmiyyət verən insanlarla yanaşı, diş estetikasına əhəmiyyət verən insanlar da üstünlük təşkil edir. Bu zaman pasiyentlərinizə hansı prosedurları məsləhət görürsünüz?

- Bəzən bir çox pasiyentlər dişlərində çürük və ağrı olmasa da, cüzi əyriliklər və rənglənmələrlə bağlı həkimə müraciət edirlər. Həmin pasiyentlər, əsasən, dişlərinin estetik cəhətdən görünüşlərini bəyənməyən şəxslərdir. Bu zaman həmin şəxslərə vinirləri məsləhət görürəm. Çünki ağardılma prosedurları uzunömürlü olmur və bu hal pasiyenti məmnun etmir. Buna görə də, ən uyğun seçim vinirlərdir.

- Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?

- Breket 12-14 yaşdan sonra diş əyriliyi və qüsuru olan hər bir şəxsə qoyula bilər. Breketlərin isə bir neçə növü var. Məsələn, metal breketlər, liqaturalı və liqaturasız breketlər, sapfir breketlər, bəyaz breketlər və s. Breketlər qoyulmazdan əvvəl diqqət edilməsi vacib olan məqamlardan biri isə dişlərin sağlam olmasıdır. Yəni, breket qoyulmazdan əvvəl dişlər tamamilə müayinə edilməli və əgər hər hansı bir problem aşkarlanarsa, hökmən müalicə olunmalıdır. Çünki breket qoyulduqdan sonra dişlərə qulluq etmək qismən çətinləşir. Nəticədə, dişdə olan əvvəlki problemlər zaman keçdikcə daha da artır və ciddi fəsadlara yol açır. Ümumiyyətlə, breket qoyulduqdan sonra da dişlərə qulluq etmək olduqca vacib məsələlərdən biridir. Bunun üçün xüsusi diş fırçaları və təmizlik vasitələri də mövcuddur.

- Hamiləlik zamanı bütün diş prosedurları edilə bilərmi?

- Hamiləlik zamanı mümkün olduğu qədər inyeksiya tələb edən diş prosedurlarından uzaq durmaq lazımdır. Bu səbəblə hamiləlikdən əvvəl, yəni, hamiləlik planlaşdırılan zaman dişlə bağlı olan bütün problemlər aradan qaldırılmalıdır. Lakin istisna hallar da təbii ki, mövcuddur. Əgər hamiləlik zamanı pasiyentdə dözülməz diş ağrıları yaranarsa, yüngül prosedurlarla problemi həll etmək olar. Ağır prosedurlar, yəni, diş çəkdirmək və ya cərrrahi əməliyyatlar isə məsləhət görülmür. Bəzi hallarda artıq hamiləlik baş tutursa və ananın dişlərində ağrı, çürük varsa, bu problemlər hamiləliyin orta trimestrində həll edilməlidir.

- Son olaraq, sağlam dişlərə sahib olmaq üçün nələrə riayət etməliyik?

- Sağlam dişlərə sahib olmaq üçün ilk olaraq dişlərə düzgün qulluq edilməlidir. Yəni, dişlər gün ərzində ən azı 2 dəfə - səhər və axşam fırçalanmalı, diş saplarından istifadə edilməli və ağız boşluğu xüsusi vasitələrlə qarqara edilməlidir. Bundan əlavə, hər kəs mütəmadi olaraq 6 aydan bir diş həkiminə müraciət etməlidir. Son olaraq qeyd edim ki, heç bir şəxs diş həkimindən qorxmamalı və vaxtında həkimə müraciət etməlidir. Çünki gecikmiş diaqnoz ağır fəsadlara yol aça bilər. Bizim işimiz sizə yalnız sağlam diş və gözəl gülüş bəxş etməkdir. 

 

Həkim-stomatoloq İBRAHİM ABDULLAYEV 

+994505505045

[email protected]

dentist_ibrahim

Ibrahim Abdullayev (ibo)