Ramazan ayı boyu oruc tutmaq yaşı və sağlamlığı imkan verən, səfərdə olmayan hər müsəlmanın borcudur. Ona görə borcudur deyirik ki, bunu bizə Allah (c.c.) əmr edir. Yəqin ki, dəyərli oxucularımız oruc nə vaxtdan nə vaxta qədər tutulur, oruc tutanlar hansı şərtlərə əməl etməlidirlər bu haqda müəyyən biliyə sahibdirlər. Ona görə də, biz bu yazıda daha çox bu ibadətin mahiyyətindən, ruhundan, insana qazandırdıqlarından bəhs etməyə çalışacağıq. Oruc tutmaq hər şeydən əvvəl Allaha təslimiyyətin ifadəsidir, "Allahım, məni Sən yaratdın, Sən yaşadırsan, bütün ruzimi Sən verirsən və mən də Sənin əmrinə təslim olaraq oruc tuturam" deməkdir; "Mənim də, mənim yeyib-içdiklərimin də Sahibi Sənsən" deməkdir; "Səndən Sənin mərhəmətini diləyirəm, Səndən başqa üz tutacaq yerim yoxdur, Sənin üçün dünya zövqündən imtina edirəm" deməkdir... Quranın bildirdiyinə görə oruc ibadəti əvvəlki ümmətlərdə də olmuşdur. Bu isə o deməkdir ki, insanın mənəvi yüksəlişində oruc ibadətinin müstəsna əhəmiyyəti var. Əgər siz oruca təkcə səhərdən axşama qədər ac qalmaq kimi baxsanız, məsələnin mahiyyətini qaçırmış olarsınız. Yuxarıda dediyimiz kimi, oruc - niyyətdir və insan hər əməlinin altındakı niyyəti əsas götürməlidir. Bütün şəriət kitablarında yer alan bir məqamı xatırlatmaq istəyirik. Deyilir ki, insan oruclu olduğunu unudaraq yeyib-içərsə, orucu pozulmaz. Təbii ki, insan öz iradəsi ilə bir şeyi unuda bilməz, amma əgər doğrudan da unudarsa və doyunca yeyib-içəndən sonra oruclu olduğunu xatırlayarsa, orucu pozulmaz. Demək, orucda əsas məsələ ac-susuz qalmaq deyil, təslimiyyət ruhudur. Oruc ibadətinin insana faydaları haqqında günlərlə söhbət etmək olar. Amma bir məqam var ki, oruc ibadətində ən böyük fayda Allahın (c.c.) əmrini əsas tutmaqdır, yəni, fayda güdmədən bu ibadəti yerinə yetirməkdir. Digər faydalardan söhbət gedəndə alimlər bu ibadətin insanın iradəsini, imanını gücləndirdiyini vurğulayırlar. Oruc tutmaq nəfsi imanın yedəyinə verməkdir; bədənin deyil, ruhun istəyini əsas götürməkdir; ağzını dünya nemətlərinə bağlayıb Haqq dərgahında lahuti süfrələrə talib olmaqdır; axirət düşüncəsini dünya sevgisindən uca tutmaqdır... Ramazan ayı əslində mənəvi təmizlənmə mövsümü, əxlaqi baxımdan yüksəliş məqamıdır. Hər insanın ibadətinin səviyyəsi onun əxlaqında görünür. Əgər namaz, oruc kimi ibadətləri yerinə yetirən insanın əxlaqında ciddi problemlər varsa, məsələnin kökünü onun ibadətində axtarmaq lazımdır, demək ibadətində problem var, çünki bu ibadətlər insanı arındırmalı, yüksəltməli, Allaha yaxınlaşdırmalıdır. Ona görə də, dinimiz oruc tutan adamın hər cür pis əməldən uzaq durmasını tövsiyə edir. Oruc tutan qeybət etməsin, iftira atmasın, yalan danışmasın, başqasının haqqını tapdamasın, kimsəyə zərər verməsin, münaqişədən uzaq dursun, insanlara faydalı olsun, bir sözlə, əlinə, dilinə, belinə sahib olsun... Ramazan ayında qidalanma mövzusu bu ibadətin zövqlə yerinə yetirilməsində ən mühüm amillərdən biridir. Gün boyu ac qalan insan iftarda çox yeyərsə, canında bir ağırlıq, bir əzginlik hiss edəcək. Unutmayaq ki, oruc həm də toxluqdan deyil, aclıqdan zövq almaqdır. Yəni, iftar və sahurda doymayacaq qədər yemək ən doğru olandır. Həm də duru, asan həzm olunan yeməklərə üstünlük vermək lazımdır. Aprel ayı ölkəmizdə əsl tərəvəz (xüsusilə də, yaşıl tərəvəz) mövsümüdür. Ona görə də, Ramazan menyusunda yaşılın üstünlüyü təbii sayılmalıdır. İldə bir ay oruc tutmağın insan orqanizminə faydaları tibb elmi tərəfindən əsaslı dəlillərlə ortaya qoyulmuşdur. Yəni, Ramazan orucu həm ruhumuzu, həm də bədənimizi görünməz bir süzgəcdən keçirib arındırır, təmizləyir, bilmədiyimiz neçə bəlanın, neçə xəstəliyin qarşısını alır. Bu gün Avropada, Amerikada ən effektli müalicə üsullarından biri pəhrizdir. Allah (c.c.) bizə Ramazan orucunu bərəkət içində bərəkət kimi əta etmişdir. Bu ibadətin hər tərəfindən xeyir-bərəkət yağır, əlbəttə fərqində olanlar və faydalanmağı bilənlər üçün. Ramazan həm də dua mövsümüdür, əmin olun ki, sizin oruclu ağzınızla söylədiyiniz dua mütləq qarşılıq görəcək. Əslində, imanın dərəcəsi necə ölçülür, bilirsinizmi? - Allaha güvənməklə. Kim Allahın sözlərinə, yəni Qurani-Kərimin buyruqlarına nə qədər inanır, doğruluğuna güvənirsə, imanı da o səviyyədədir. Allah və Rəsulu bütün duaların, xeyir əməllərin mütləq qarşılıq görəcəyini müjdələyir. İndi məsələ qalır sənin, mənim bu həqiqətlərə nə qədər inanıb təslim olmağımıza. Bizi bizdən fərqləndirən ən mühüm amil də elə budur. İçimizdən gələn ən səmimi dualarımızla Uca Rəbbimizə üz tutaq. Vətənimiz, xalqımız, sevdiklərimiz, doğmalarımız, boynumuzda haqqı olanlarımız, dünyadan köçənlərimiz, malı ilə, canı ilə Allah yolunda çalışıb-vuruşan bütün möminlər üçün dua edək, mərhəməti bol olan Rəhman və Rəhim Allahdan hər birinə xeyir-bərəkət diləyək. Diləyək və əmin olaq ki, onlara onlar üçün ən faydalı olan şeyləri göndərdik. Oruc tutmağı təkcə ac qalmaq hesab edənlərin qazancı da elə aclıq olur. Əgər birisi öz övladına Ramazan ayında oruc tutanlar görməsinlər deyə adamlar içində yeyib-içməməyi məsləhət görürsə, əmin olun ki, bunun da bir qarşılığı, mükafatı var, çünki ədəbdir və ədəb də mükafata layiqdir. Oruc tutanlara hörmət etmək elə bu ibadətə və onu əmr buyuran Uca Allaha (c.c.) hörmətdir. Ona görə də, Ramazan ayında gündüz adamlar arasında yeyib-içməyi, insanların diqqətini cəlb edən yeməklər hazırlamağı ədəblə bir araya qoymaq mümkün deyil. Ramazan ayına məxsus ibadətlər təkcə orucla bitmir, bu ayda təravih namazları qılınır, iftar süfrələri açılır, fitrə sədəqələri verilir. Bu ayda Qədir gecəsi var ki, o gecə ilin ən gözəl, ən bərəkətli gecəsi hesab olunur və haqqında Qurani-Kərimdə ayrıca surə var. Qədir gecəsi Quranın yer üzünə nazil olmağa başlandığı gecədir. O gecəni oyaq, ibadətlə keçirmək möminlər üçün misilsiz fürsətdir. Qurani-Kərim bildirir ki, Qədir gecəsi min aydan daha xeyirlidir. İndi özünüz düşünün, mömin belə bir fürsəti qaçırarmı?! Bu ayın son günlərinə məxsus fitrə sədəqəsi də var ki, imkanı olan müsəlmanlar onu imkansızlara verirlər. Verirlər ki, onların evində də bayram havası yaşansın, bayram bayrama qarışsın. Əgər bir nəfər üçün fitrə sədəqəsinin minimum miqdarı 4 manat müəyyən edilirsə və sənin 5 nəfərlik ailən varsa, demək 20 manat verəcəksən. Bir məqamı vurğulamaq istəyirik ki, sədəqəni imkanı olanlar verirlər, olmayanların sədəqə vermək üçün borc axtarması doğru deyil. Ramazanda oruc tuta bilməyənlər fidyə verirlər. Fidyə qarşılıq, ödəmə deməkdir. Fidyənin də miqdarı fitrənin miqdarı qədərdir. Bəzi möminlər Ramazanın son on gününü etikafa girirlər, yəni, dünya işlərini tərk edib ancaq ibadətlə məşğul olurlar. Allahın mübarək ayı gəlir. Bu ayın sənə olan xeyir-bərəkəti sənin bu aya olan sevgin, rəğbətin qədərdir. Biz yenicə zəfər qazanmış bir xalqın fərdləriyik. Bir-birimizi sevmək, qorumaq, qardaş, doğma bilmək borcumuzdur. Doğrudur, o torpaqlarımızın alınması igidlərimizin qanı, canı bahası ilə mümkün oldu, amma bu məsələdə ötən o 28 ildə milyonlarla insanın gecəni səhərə qədər gözü yaşlı, dualarla keçirdiyini də nəzərdən qaçırmayaq. Əsgərlərimiz səngərdə, möminlərimiz gecənin qaranlığında, biri əməli, biri də duası ilə torpaqlarımızın bütövlüyünə çalışmalıyıq. Bizim duaya, hələ-hələ Ramazan ayında oruclu ağızla edilən duaya çox ehtiyacımız var. Dualarınızı əsirgəməyin və əmin olun ki, dua hansı könüldə yetişir, hansı dildən pərvazlanırsa, o könülə də, o dilə də bərəkət olur. Ramazan gəlir, hər günü bir bayram hökmündə olan ilin ən xeyirli, ən bərəkətli, ən gözəl ayı... Bütün İslam dünyasına, vətənimizə, xalqımıza, hər birimizə xeyirli-uğurlu olsun!