Elçin İsmayıl 

Ailənin sonbeşiyi idi Nicat. 3 oktyabr 1996-cı il tarixdə Qazaxın Birinci Şıxlı kəndində ziyalı ailəsində dünyaya gəlmişdi. Dünya onun üçün hələ nağıl idi. Amma bu nağıllı dünyada "müharibə", "Qarabağ" sözləri onun qəlbinə toxunur, uşaq dünyasına bir qəzəb toxumu səpirdi. 2003-cü ildə M. Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbinə gedəndə əzbərləyib söylədiyi ilk şeirlər Vətən, Torpaq, Ana haqqında idi. Bu da hələ uşaq olmasına baxmayaraq, onun körpə vətənpərvərliyindən, uşaq təəssübkeşliyindən irəli gəlirdi. Bu qətiyyət, bu iradə və bu mətanət sonradan Nəsibov Nicat Səməd oğlunun həyatında mühüm rol oynayacaq və onun adını əbədiləşdirəcəkdi... Orta məktəbdə Nicatın sinif müəllimi olmuş Rəna İbrahimovanın dediyi sözlər sevimli şagirdinin xarakterini daha aydın şəkildə göstərir: "Şəhidlər bizim nisgilimiz, kədərimiz, fəxrimiz, vüqarımız, ölməzliyimiz, qürurumuzdur. Bu gün mən şəhid Nəsibov Nicatdan danışacağam. O, lap uşaqlıqdan vətənpərvər böyüyürdü. Hələ altı yaşında vətənə aid nə qədər şeirlər bilir, mahnılar oxuyurdu. Adətən, məktəbə ilk qədəm basan uşaq müəllim, ana haqqında şeirlər deyir, amma Nicat vətən, torpaq haqqında saysız-hesabsız şeirlər bilirdi. Keçirilən tədbirlərin səpgisini dəyişərək, vətən ruhlu tədbirlərin keçirilməsini xahiş edir, özü isə həmişə əsgər rolunda çıxış edirdi. Əlifba bayramında müəllim ailəsində böyüdüyü üçün ondan müəllim haqqında bir şeir istəmişdim. Razılaşdı, amma çıxışına vətəni tərənnüm edən şeirlə başladı, sonra isə müəllim haqqında şeirlə bitirdi. Hətta, o bu tədbirdə belə əsgər paltarı geyinmişdi. Böyüdükcə Nicatın vətəni nə qədər sevdiyini, vətənpərvər ruhda yetişdiyini görürdüm. Nicat vətənini çox sevirdi. Canını fəda edəcək qədər. Və etdi də... Kiçik ürəyi ilə böyük tarix yazdı və dillərdə dastan oldu." Nicat, bəlkə də, hərb sahəsini seçəcək, tanınmış hərbçi olacaqdı. Çünki gənc qəlbindəki duyğular onun həyatını bu sahəyə istiqamətləndirirdi. Bəlkə də olacaqdı, əgər böyük qardaşı hərbçi olmasaydı. Onu da qeyd edim ki, gizir olan qardaşı Zabit Nəsibov da Vətən Müharibəsi iştirakçısıdır. Nicat Nəsibov 2014-cü ildə orta məktəbi bitirib Gəncə Dövlət Regional Kollecinə daxil oldu. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırıldı, 2017-ci ilin oktyabr ayında isə həqiqi hərbi xidmətdən tərxis edildi. Hərbi xidmətdən qayıtdıqdan sonra kollecdə təhsilini davam etdirdi, 2019-cu ildə elektrik təchizatı ixtisası alaraq kolleci bitirdi. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə qəbul edildi. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" fərmanına əsasən Nicat Nəsibov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb edildi. Döyüşə girməmişdən əvvəl hərbi təlimlərdə iştirak etdi, silah-sursatdan istifadə etmək barədə biliyini daha da zənginləşdirdi, təcrübəsini daha da artırdı. Sonra isə döyüşə yollandı, düşmənə qarşı vuruşmağa başladı. Nicat böyük ürəklə, böyük cəsarətlə döyüşə atılmışdı. Uşaqlıqdan qəlbində yuva qurmuş Vətən eşqi, torpaq sevgisi ona böyük cəsarət verir, qəhrəmanlığa səsləyirdi. Ona görə də, döyüş meydanında düşmənə aman vermir, qan uddururdu. Gənc vətənpərvər döyüşçünün necə mərdliklə vuruşduğunu onun aldığı medallardan da görmək olar. Nicat Nəsibovun Lələtəpədən başlayan döyüş yolu qanlı döyüşlərdən keçdi. Füzuli, Zəngilan, Qubadlı və ən nəhayət Laçın... Laçın onun döyüş salnaməsinin sonuncu ünvanı, həyat yolunun axırıncı dayanacağı oldu. Atası Səməd müəllim deyir: - Oktyabrın 27-də, səhid olan günü, səhər tezdən Nicat zəng eləmişdi. Mənimlə, anası Həmidə ilə danışdı. Səsi çox gur gəlirdi. Tezliklə düşməni məhv edəcəklərini və evə dönəcəklərini deyirdi. Çox təəssüf ki, o günü görmək Nicata qismət olmadı. Telefon danışığından bir neçə saat sonra snayper gülləsinə tuş gələrək, şəhid oldu... Nicat Nəsibov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edildi. Qəbri Qazax rayonu 1-ci Şıxlı kənd qəbiristanlığındadır.