İlyas Mustafa 
 

Sağlamlığın ən mühüm şərtlərindən biri də sağlam qidalanmadır. Əksər xəstəliklərin ilkin səbəbinin qeyri-sağlam qidalanma olduğunu tibb elmi də isbat edir. Nə yemək, nə vaxt yemək, nə qədər yemək, necə yemək kimi mühüm məsələlər bizim sağlamlığımızda vacib rol oynayır. Əvvəla onu deməyi lazım bilirik ki, mümkün qədər təbii ərzaqlarla qidalanmağa üstünlük verilməlidir. Bu gün dünyada dərman sənayesi silah satışı qədər gəlir əldə edir. Demək, bu qədər xəstə var ki, o qədər də dərmana ehtiyac olur. Son illərdə ABŞ və Avropa ölkələrində insanlar qidalanma qədər artıq çəkidən xilas olmağa da vəsait xərcləyirlər. Çünki isbat edilmişdir ki, artıq çəki diabet və hipertonik xəstəliklərin ilkin səbəblərindən biridir. Hətta bu vəsait o qədər yüksək rəqəmlərlə ifadə olunur ki, onunla bütün Afrika qitəsini ərzaqla təmin etmək olar. Düzgün qidalanma, israfdan qaçma dinimizin təkidlə üzərində durduğu prinsiplərdən biridir. Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) həyatında da, buyruqlarında da bu mövzuda çox gözəl örnəklər var. O buyurur ki, acmadan süfrəyə əyləşməyin, doymadan süfrədən qalxın. Başqa bir buyruğunda isə mədənin üçdə birini yeməyə, üçdə birini suya ayırmağı, üçdə birini də boş saxlamağı tövsiyə edir. Bir dəfə Ondan xəstəliklərin sayını soruşurlar, cavabında buyurur ki, yediyiniz ərzağın sayına baxın. Əslində, burada çox böyük bir həqiqətə işarə var. Yəni, ən faydalı bildiyiniz bir qidanı belə miqdarından artıq yeməməlisiniz. Çünki həddi aşsanız, sizə zərər verər. Nizaminin məşhur: "Bir inci saflığı varsa da suda; Artıq içiləndə dərd verir o da", - deyimi sanki Sevimli Peyğəmbərimizin bu buyruğunun izahı mahiyyətindədir. Məlumdur ki, insan orqanizminin üçdə ikisi sudan ibarətdir və havadan sonra bizim yaşamağımız üçün ən çox ehtiyac duyduğumuz nemət sudur, amma bununla belə suyun qəbulunda belə həddi aşmaq insana zərər verir. Günümüz insanının ən ciddi problemlərindən biri də qəbul etdiyi kalorini əridə bilməməsidir. Nəticədə, orqanizmdə piylənmə və artıq çəki əmələ gəlir. Yüksək kalorili yeməklər qəbul edib passiv həyat yaşayan insanların xəstələnməsində təəccüblü bir şey yoxdur. Xüsusilə, axşam saatlarında, yuxuya yaxın vaxtlarda qəbul edilmiş qida sağlamlığın pozulmasında mühüm rol oynayır. Yeməyi çeynəmədən udmaq da orqanizmdə müəyyən fəsadlara yol aça bilər. Bütün mütəxəssislər birmənalı olaraq buyururlar ki, yemək ağızda çeynənməli və həzmə hazır hala gətirildikdən sonra mədəyə ötürülməlidir. Bunun bir neçə səbəbləri var. Əvvəla, çeynənməmiş qidanı həzm etmək mədə üçün əlavə problemlər meydana gətirir. Digər tərəfdən isə qidanın ağızda çeynənməsi mədədə müəyyən qədər toxluq hissini artırır. Çeynəmədən udanlar isə toxluq hissini gec aldıqları üçün, adətən, daha çox yeyirlər ki, bu da yuxarıda dediyimiz kimi, müxtəlif fəsadlara yol açır. Ayaq üstə yemək, içmək də doğru hesab olunmur. Konservləşdirilmiş, emal edilmiş, hisə verilmiş qidalardan çox istifadə etmək də məsləhət görülmür. Tərkibini bilmədiyimiz və ya etibar etmədiyimiz qidalardan uzaq durmaq məsləhətdir. Deyildiyi kimi, sizin sağlamlığınız üçün ən faydalısı təbii və təzə ərzaqlarla qidalanmaqdır. Yeməklərin hazırlanmasında təmiz kərə yağına üstünlük vermək lazımdır. Bununla yanaşı, ət yağlarının, həmçinin, qoyun quyruğunun, mal iç piyinin əridilməsi ilə əldə olunan yağlar da orqanizm üçün faydalıdır. Yaşı yüzü keçmiş və ya haqlamış adamların çoxu bu cür sağlam qalmalarının əsas səbəbi kimi bal, yağ, süd, qatıq, şor, pendir kimi təbii qidaları göstərirlər. Əziz oxucular! Allahın sevimli ayını, Ramazan ayını yaşayırıq. Allah bu ayda biz müsəlmanlara oruc tutmağı əmr edir. Unutmayın ki, Allah bizim üçün ancaq xeyirli olanı bizdən istəyir. Demək, oruc tutmağın bizə çox faydaları var. Amma onu da ununtmayaq ki, biz orucu hər hansı başqa niyyətlə deyil, ancaq Allahın əmri olduğu üçün tuturuq. Onsuz da biz istəsək belə bu ibadətin bütün faydalarını sayıb qurtara bilmərik. Çünki o faydaların çoxundan xəbərsizik. Amma orucun bizim səhhətimiz üçün çox faydalı olduğuna heç kimin şübhəsi yoxdur. Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) "Oruc tutun, sağlam olun!" buyruğu bu gün dünyanın inkişaf etmiş ölkələrində pəhriz adı ilə tətbiq edilir və çox böyük də səmərə verir. İl boyu bədəndə yığılmış bir çox zərərli maddələr oruc zamanı bədəndən xaric olunur. Oruc vasitəsi ilə orqanizm bir çox potensial xəstəliklərdən də qorunmuş olur. Bir mühüm məqamı vurğulamaq lazımdır ki, Ramazan ayında insan ümumiyyətlə az qidalanmağa üstünlük verməli, iftar və sahurda həddi aşmamalıdır. Ümumiyyətlə, az yeməklə kifayətlənmək sağlamlığın mühüm şərtlərindən biridir. Bu yerdə bir lətifəni sizlərlə paylaşmaq istəyirik... Bir gənc yaşlı bir adamla zarafat edir: - Bu adam mənim babamla yaşıddır. Mənim babam otuz ildir ki, torpağın altındadır, bu isə hələ də oğul-uşağının çörəyinə şərik çıxır. Qoca da cavana belə cavab verir: - Doğru deyirsən, ay oğul, biz sənin babanla yaşıdıq. Amma bir məsələ var ki, Allah bu dünyada hər kəsə bir qismət yazıb. Sənin baban gürgə olduğu üçün öz qismətini tez yeyib qurtardı, mən isə az-az yediyim üçün hələ də qurtarmayıb. Lətifə də olsa, bu söhbətdə böyük həqiqət payı var. Elə yeri gəlmişkən az yeməyin faydası ilə bağlı Qurani-Kərimdən bir nöqtəyə diqqət çəkmək istəyirik. Məlumdur ki, Davud Peyğəmbər qissəsində belə bir məqam var. Davud Peyğəmbərin qövmünə Calut adlı bir zalım müsəllət olur və Allahın əmri ilə hazırlanan orduya Talut başçı təyin olunur və ona buyurulur ki, onların yolu bir çaydan keçəcək, əsgərlər bir ovucdan artıq su içməsinlər. Həqiqətən də, elə olur və kim bir ovucla kifayətlənirsə, özünü çox yaxşı hiss edərək yola davam edir, kim də çox içirsə, ağırlaşıb orada qalır, ürəyini qorxu alır və döyüşdən kənarda qalır. Bizə elə gəlir ki, o çayın suyu əslində simvolik mahiyyət daşıyır. Əslində, bu su dünya malı, dünya sevgisi mənasındadır, bir ovuc isə zəruri ehtiyac miqdarıdır, bu miqdarı aşan mütləq zərərə uğrayır. Bu misalı, əslində, biz öz həyatımızın hər məqamına şamil edə bilərik. Buradan başqa bir məna da çıxara bilərik ki, hər kəsin mədəsinin ehtiyacı onun ovcunun tutumu qədərdir. Dediyimiz kimi, bu bizim düçüncəmizdir, doğrusunu Allah bilir. Amma bir həqiqət də var ki, Qurani-Kərimdə yer alan hər bir nöqtə mütləq böyük bir həqiqətə işıq tutur. Sadəcə olaraq, araşdırmaq və həqiqəti elmi dəlillərlə ortaya qoymaq lazımdır. Oruc təkcə maddi baxımdan deyil, mənəvi yönü ilə də insana çox böyük faydalar verir. Bu ibadət insana mənəvi güc verir, onun iradəsini yüksəldir, səbrini, dözümünü artırır, dünyaya münasibətini nizama salır. Bu ayda insanın orqanizmi kimi əxlaqı, həyata baxışı da sanki süzgəcdən keçir, arınır, durulur. Buna görə də, Ramazan ayına bəzən mənəvi yüksəliş məqamı da deyilir. Son dövrlərdə sağlam qidalanma ilə bağlı müxtəlif prinsiplər irəli sürülməkdədir. Qan qrupuna görə ərzaq seçmək, ətdən və eləcə də digər heyvani məhsullardan imtina etmək kimi hallar var. Biz isə o fikrin tərəfindəyik ki, sağlamsınızsa, Allahın verdiyi bütün halal nemətlərdən faydalanmaq olar, yetər ki, kəmiyyət, keyfiyyət və zaman prinsiplərinə düzgün riayət edəsən və yediyini də faydalı iş əmsalına çevirə biləsən.