Rəvan Məmmədov
Məlum olduğu kimi artıq 3 ildir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası bütün dünyanı əhatə edir. Virus yayılmağa başlayandan təxminən 1 il sonra peyvənd tapmaq mümkün oldu. Bu virus 2019-cu ildə Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxdı. Üstəlik, bu virus olduqca təhlükəli bir xəstəlik kimi diqqəti cəlb edirdi. Ağır yoluxan insanlar xəstəxanalarda şiddətli sarsıntılar keçirir və ölüm halları get-gedə artırdı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Bütün dünya bəhs edilən bu mənzərələr qarşısında qorxu yaşayırdı. Odur ki, bütün ölkələr, o cümlədən də Azərbaycan koronavirusun Azərbaycana gəlməməsi üçün tədbirlər həyata keçirməyə başladı. Buna baxmayaraq, virusun düşmədiyi ölkə qalmadı. Bəs indiyə qədər dünyada buna bənzər hansı pandemiyalar baş verdi? Bəzi mənbələrə görə, təxminən 5000 il əvvəl yenə Çində qəribə bir pandemiya yayılmağa başladı. Tarixlər e.ə 3000-ci ili göstərəndə bu xəstəlik bütöv bir kəndi məhv etdi. Bu xəstəlikdən ölənlərin cəsədləri bir evin içərisinə yığıldı və bu ev yandırıldı. Arxeoloji qazıntılar zamanı tapılan skeletlər də bu hadisənin dəhşətindən xəbər verir. Bu gün həmin ərazi Hamin Manqa adlandırılır. Afina vəbası (e.ə 430) Bu vəba eradan əvvəl 430-cu ildə Afina və Sparta müharibəsi zamanı ortaya çıxdı. Vəba təxminən beş il davam etdi. 100.000-ə yaxın insan bu virusdan həyatını itirdi. Yüksək temperatur, göz qızarması, qanlı nəfəs və s. xəstəliyin əsas əlamətləri idi. Yustinian vəbası (451-452) Bizans İmperatorluğunun tənəzzülü Yustinian vəbası ilə daha da sürətləndi. Bəzi ehtimallara görə bu vəbada dünya əhalisinin 10 %-dən çoxu həyatını itirdi. Bu vəba adını Bizans imperatoru Yustiniandan alır. Kipr vəbası (250-271) Bu virus 250-271-ci illərdə Kiprdə meydana çıxdı. Kipr vəbasında gündə 5000-dən çox insan həyatını itirdi. Bu vəbaya tutulan şəxslərin bağırsaqları güclü təzyiqlə boşalır və sümük iliyində çatışmazlıqlar baş verirdi. Nəticədə, həmin yerlərdə güclü ağrılara səbəb olan yaralar yaranırdı. 2014-cü ildə aparılan arxeoloji qazıntılarda o illərə məxsus kütləvi məzarlıqlar tapıldı. Məzarlıqlardakı qalıqlarda əhəng aşkar olundu. Bu, həmin dövrdəki insanların dezinfeksiya forması idi. Qara Ölüm Dünyada təhlükə saçan pandemiyalardan biri isə 1346-1353-cü illərdə Asiyada yayıldı. Qara Ölüm adlandırılan vəba daha sonra Asiyadan Avropaya keçdi. Bəzi mənbələrə görə bəhs edilən pandemiya Avropa əhalisinin yarıdan çoxunu məhv etdi. Qurbanların cəsədləri kütləvi məzarlıqlarda basdırıldı. Vəba Avropa tarixinin gedişatını dəyişdi və cəmiyyət yenidən qurulmağa başladı. Kokoliztli epidemiyası Bu epidemiya 1545-1548-ci illərdə yayıldı. Meksika və Amerikanın 15 milyon sakinini öldürən qızdırmalı xəstəlik bölgədə insanlar üçün fəlakətə çevrildi. Qurbanların skeletlərinin DNT-sini tədqiq edən alimlər bağırsaq qızdırmasına səbəb olan yoluxucu bir xəstəlik müəyyən etdilər. Bağırsaq qızdırması yüksək hərarət, susuzluq və mədə-bağırsaq problemlərinə səbəb olurdu. Həmin xəstəlik bu gün də insanlar üçün təhlükə olmaqda davam edir. Böyük London vəbası 1665-1666-cı illərdə İngiltərədə yayılan pandemiya belə adlanırdı. Vəba 1665-ci ilin aprelində yayılmağa başladı və isti yay aylarında sürətlə artdı. Gəmiricilər virusun əsas yayılma səbəblərindən biri idi. Vəba bitəndə London əhalisinin 15 faizi daxil olmaqla ətraf ölkələrdə 100 minə yaxın insan öldü. Xəstəlik tam bitdiyi vaxt Londonda daha bir faciə baş verdi. 2 sentyabr 1666-cı ildə Böyük London yanğını başladı. Bu yanğın dörd gün davam etdi və şəhərin böyük bir hissəsi yanaraq kül oldu. Rusiya vəbası Bütün Rusiyanı bürüyən vəba 1770-1772-ci illərdə ölkənin altını-üstünə çevirdi. Xəstəliyin yayıldığı Moskvada karantin elan olundu. Ancaq insanlar buna etiraz etməyə başladılar. İğtişaşlar bütün şəhərə yayıldı. Hadisə nəticəsində çox sayda ölənlər və yaralananlar oldu. Rusiya imperatriçası II Yekaterina vəba xəstəliyinin qarşısını almaq və ictimai asayişi bərpa etmək üçün o qədər ümidsiz idi ki, bütün fabriklərin Moskvadan köçürülməsi barədə fərman verdi. Vəba bitəndə 100 minə yaxın insan dünyasını dəyişmişdi. QRIP EPIDEMIYALARI 1889-1890-cı illərdə qrip epidemiyası dünyanı bürüməyə başladı. Epidemiyanın pik səviyyəsinə çatması cəmi beş həftə çəkdi. Virus hava səyahətinin hələ mövcud olmamasına baxmayaraq, Sankt-Peterburqdan başlayaraq bütün Avropaya və dünyanın qalan hissəsinə sürətlə yayıldı. Bu virus, ümumilikdə, 1 milyon insanın ölümünə səbəb oldu. İspan qripi Dünyada ən təhlükəli həddə çatan epidemiyalardan biri də İspan qripi idi. İspan qripi 1918- 1920-ci illərdə H1N1-in alt qrupu olan bir virusun səbəb olduğu qrip epidemiyası idi. Virus dünyada təxminən 550 milyon insana və ya dünya əhalisinin 29,5 faizinə təsir edə bildi. İspan qripi nəticəsində 50-100 milyon arasında insanın dünyasını dəyişdiyi ehtimal edilir. İspan qripinin əsas xüsusiyyətlərindən biri də zəif və yaşlı insanlara təsir etməsindən çox sağlam və gənc insanları hədəf alması idi. Birinci Dünya müharibəsinin sonlarına yaxın xəstəlik demək olar ki, bütün dünyanı öz təsiri altına almış və bəzi tarixçilərə görə 4 il davam edən müharibənin yekunlaşmasının əsas səbəblərindən biri olmuşdu. Asiya qripi 1957-ci ildə Çində başlayan Asiya qripinin ördəklərdə formalaşan və insanlara keçən bir xəstəlik olduğu ehtimal olunur. Asiya qripi təxminən 4 milyon insanın həyatına son qoydu. Elə eyniadlı vaksinlə epidemiyanın qarşısı alındı və bir ildə 40 milyon insan bu virusa qarşı peyvənd olundu. Honq-Konq qripi 1968-1969-cu illərdə Honq-Konqda meydana gələn bu epidemiya H3N3 adlandırıldı. Bu virus 1 il ərzində dünyada 1 milyon insanın ölümünə səbəb oldu. QİÇS pandemiyası İlk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında aşkar edildi. 1981-ci ildən bu yana 36 milyondan çox insanın ölümünə səbəb oldu. Hazırda 31-35 milyon insan HİV-lə yaşayır, onların böyük əksəriyyəti Afrikadadır. 2005- 2012-ci illər arasında HİV/QİÇSdən illik ölüm həddi 2,2 milyondan 1,6 milyona düşdü. Bu gün də dünyada çox sayda insan həmin virusun daşıyıcısıdır. Yeni müalicə metodları tapıldığı üçün insanlar həmin virusla yaşaya bilirlər. Ebola virusu Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanda və Konqoda qeydə alındı. Ancaq epidemiya kimi əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başladı. Sonuncu yayılma dalğası isə keçən ilin martından etibarən Qərbi Afrikada başladı və 4 minə yaxın insanın ölümünə səbəb oldu. Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "bəşər tarixinin ən qəddar virus xəstəliyi" adlandırıldı. Bu virusun beş müxtəlif növü var və ona yoluxanların həyatda qalma ehtimalı 25 %-dən 90 %-ə qədər dəyişir. Ebola virusuna qarşı hələlik heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil. Virusun adı Konqodakı Ebola çayının adı ilə bağlıdır. SARS virusu Kəskin tənəffüs yolu sindromu ilə müşahidə olunan bu virus ilk dəfə 2003-ci ilin fevral ayında Avropa, Şimali Amerika və Asiyada müşahidə olundu. Virus qısa müddətdə Honq-Konqdan sonra 37 ölkədə yayıldı. 2002-2003-cü illər arasında 8 422 nəfər SARS-a yoluxdu. Onlardan 916-sı vəfat etdi, lakin 2004-cü ildən bu yana dünyanın hər hansı bir yerində SARS infeksiyasına rast gəlinmədi. Son olaraq qeyd edək ki, yeni növ koronavirusun yayılmasından 3 il keçsə də, virus bu gün də dünyada yayılmaqda davam edir. Son rəqəmlərə görə dünyada koronavirusa yoluxanların sayı 456 milyondan, vəfat edənlərin sayı isə 6 milyondan çoxdur. Ancaq koronavirus əleyhinə peyvəndlərin kəşf olunması yoluxmaların azalmasında mühüm rol oynayır.